“ – Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
– Mərdlik! Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözüqıpıq… Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır”.
Atam İsmayıl Şıxlının son romanı “Ölən dünyam”dan bir parçadır. Yazının əvvəlindəki xəbəri oxuyanda yadıma “Ölən dünyam”, bir də atamın danışdığı bir əhvalat düşdü. Dediyinə görə, ötən əsrin 27-29-cu illərində Qazağın Qaymaqlı kəndini rus-bolşevik ordusunun xüsusi cəza dəstələri tutub tərk-silah əməliyyatı keçirirmiş. O zamanlar başında papağı, altında atı və üstündə silahı olmayan KİŞİ yoxdu. Rus-bolşeviklərə isə KİŞİ lazım deyildi, çünki KİŞİ hər adama baş əyməz, bu isə hakimiyyət üçün təhlükəli idi. Ələlxüsus da məşhur Gəncə qiyamı və bütün Azərbaycanı bürümüş antibolşevik etirazlarından sonra. Ona görə də cəza dəstələri məmləkəti elbəel-kəndbəkənd gəzərək əhalini tərk-silah edirdi və bu proses qəddarlıq və məhkəmə-filansız “troyka”ların qərarıyla güllələnmələrlə müşayiət olunurdu. Bir sözlə, Qaymaqlı camaatı silahları təhvil verməyəndə bolşeviklər kişiləri sıraya düzüb ağına-bozuna baxmadan, xüsusən də boylu-buxunlu və itaətsizlik göstərənlərini Acı Dərə deyilən yerdə güllələyiblər. Və yalnız bundan sonra qadınlar silahları təhvil veriblər…
O günlərdən artıq az qala bir əsr ötüb. Maraqlıdır, görəsən, o zamanın Azərbaycan kişilərinin boyu nə qədər olub?
Bioloqların iddiasına görə, insan boyuna ölkədəki iqtisadi durum da xeyli təsir edir, yəni uşaqlar ta çağalıqdan keyfiyyətli qidalanırlarsa, boylu-buxunlu və sağlam böyüyürlər. Biologiyanın dəqiq elm olmasına baxmayaraq bu iddiayla tam razılaşa bilmirəm, daha doğrusu, KİŞİNİN KİŞİ OLMASI ÜÇÜN tək bir yaxşı yeməyin kifayət etdiyinə heç cür inana bilmirəm. Belə olsaydı, biz dünyanın ən hündürboy milləti olardıq. Çünki hələ bizim qədər kabab yeyən bir toplum görməmişəm.
“Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur. Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan”.
Bunu da İsmayıl Şıxlı yazıb, “Namus qaçağı” hekayəsində. Dədə-babalarımız bu tərbiyənin yiyəsi olub.
Yüz il əvvəl şura hökuməti deyibən el-oba namusu, millət dərdi çəkən nə qədər ziyalı, oxumuş, savadlı insanımız vardı, hamısını qırdıq, sürgün etdik, nəslini, kökünü kəsdik, xalq düşməni elan etdik. Və bunu etdikcə də alçaldıq, kiçildik, özümüzə inamı itirdik və cılızlaşdıq. Səsimizi içimizə saldıq, boynumuzu çiyinlərimizə qısdıq və növbəti qapazın haradan gəlməsini dinşəməyə başladıq. Beləliklə, az qala bir ömür keçdi. 90-cı illərdə bir daha qalxdıq, rus-bolşevik ordusu Bakını yenidən işğal etdi, amma bir şey alınmadı, çünki o zaman millətin boyu 10 il bundan əvvəlkindən də hündürüydü. Bəs bu millətin boyu nə oldu ki, birdən-birə kiçildi? Kiçildi yazdım və düşündüm ki, bəlkə, alçaldı yazsaydım, daha düzgün olardı?
Bir sözlə, rusun başladığı, lakin axıra çatdıra bilmədiyi işi, deyəsən, özümüz bitirməkdəyik, kabab yeyə-yeyə salamat qalan tək-tük ziyalılarımızın, fərqli düşünməyə cürət etmiş gənclərimizin, qürurlu insanlarımızın başından basıb boyunlarını kiçilmiş millətin sıralarından yuxarı uzatmağa imkan vermirik. İmkan vermirik ki, böyümək istəyənlər böyüsün və ucalaraq ətrafa göz gəzdirib millətə sanballı söz desin. Ucalmaq, böyümək və hündürboy millətlər sırasına qatılmaq istəyiriksə, başımızı kabab dolu “boş qablardan” qaldırmalıyıq, yoxsa daha 10 il sonra bir az da balacalaşıb görəcəyik ki, Çapıq Əmrah düz deyirmiş, “kişilər yox olub, madyanlar qalıb”.
Mədəniyyəti ilə vidalaşan ölkələr
Keçən həftə “Die Welt” qəzeti Harri Kasparov və Sergey Quriyevin Rusiyadan baş götürüb getmələri barədə yazmışdı. Kasparovun kimliyini Azərbaycanda bilməyən çətin ki tapılsın. İstədik, istəmədik, bakılıdı. Özü də onun dünya çapında bir şahmatçı olmasında bu millətin böyük haqqı var. Bir sözlə, şahmat üzrə Bakıdan çıxan ilk və hələ ki yeganə dünya çempionudur. Rusiyada fəal siyasi fəaliyyətlə məşğuldur və keçənilki kütləvi etiraz aksiyalarının önündə gedənlərdəndi. Sergey Quriyevi isə Azərbaycanda heç də hamı tanımır. Bilməyənlər üçün deyək ki, Rusiya baş naziri D.Medvedevin məsləhətçisi və Rusiya İqtisadiyyat Məktəbinin rektoru olub. Günahı da bu yaxınlarda Mixail Xodorkovskiyə qahmar çıxaraq onun qeyri-qanuni həbs edildiyini deməsidir.
Qəzet yazır ki, əgər ölkəni belə adamlar da dabanına tüpürüb tərk edirsə, görün iş nə yerdədir. Məşhur “Levada mərkəzi”nin son sorğu araşdırmalarına görə, Rusiyanı hal-hazırda tərk etmək istəyənlərin sayı 22 %-ə çatıb. Halbuki böhranlı 2009-cu ildə belələrinin sayı cəmi 13 % idi. Amma bu faiz göstəriciləri heç də o demək deyil ki, həmin 22 % artıq köçə tam hazır vəziyyətdədir. Əslində, gethagetdə olanların sayı 1 %-dən artıq deyil. Bununla belə, bu 1 %-i rəqəmə çevirsək, görərik ki, 143 milyonluq Rusiya üçün bu hər il 1 milyondan artıq vətəndaş itkisi deməkdir.
Köçün güclənməsi Vladimir Putinin hakimiyyətə qayıdışından sonra başlayıb, çünki hakimiyyət kimdənsə qisas alırmış kimi bütün cəbhəboyu repressiya və təqiblərə başlayıb. Nəticədə əhali həyat səviyyəsi, qəliz iqtisadi vəziyyət, məmur özbaşınalığı və ən nəhayət, biznes mühitinin pisliyindən şikayətçidir. Köç edənlərin mütləq əksəriyyəti tələbə və sahibkarlardır. “Levada mərkəzi”nin rəhbəri Lev Qudkova görə, ekspertlər həyəcanla ölkədən “beyin axını”nın qarşısının alınmasından danışırlarsa, Kremldəkilər bunun heç də pis olmadığı fikrindədirlər, çünki ağıllı və çevik insanlar azaldıqca müxalifət və dissident hərəkatları da zəifləyir. Məncə, dəhşətdir. Lap Mixail Bulqakovun Şarikovunun sinizminə bərabər bir vəhşətdir. Şəxsi rahatlığını dövlətə və millətə qarşı qoyanlar vəzifə sümsükləri deyil, bəs nədir?
Qleb Pavlovski bu günlərdə “Lenta.ru” portalına verdiyi müsahibədə təxminən eyni məsələyə toxunaraq СКАЧАТЬ