Çox suyuşirin uşaqdı. Yaradıcılıq evində millətindən asılı olmayaraq nə qədər yazıçı-şair vardı, hamısı Arturun ən azından başını tumarlamağı özünə az qala borc bilirdi. Əlqərəz, günlərin birində yaradıcılıq evinin yeməkxanasına nahara gəldiyimizdə həmin erməni uşağı əlində oyuncaq avtomat, öz-özüylə dava-dava oynayırdı. Atamın yanından naməlum düşmənlərini gülləyə tutaraq qaçanda kişi onu qucağına alıb soruşdu ki, bəs balaca, faşistlərimi öldürürsən? Atam II Dünya müharibəsi iştirakçısıydı. O qədər ölüm-itim, qəddarlıq və qan görmüşdü ki… Onu təəccübləndirmək çətin idi, amma bu balaca erməninin dedikləri kişinin qanını əməlli-başlı qaraltmışdı. Nə başınızı ağrıdım, Artur türkləri qırdığını demişdi. Atamın həmin an nə hislər keçirdiyini bilmirəm, bircə onu gördüm ki, möhkəm tutuldu və balaca ermənini ani olaraq qucağından aralayıb havaya qaldırdı və tezcə də özündən uzaqlaşdırdı. Ona yaxınlaşanda gördüm ki, kişiyə çırtma vursan, qanı çıxmaz, əl-ayağı hirsindən əsirdi. Mənə bircə onu dedi ki, “qırılmışlar, uşağın beynini indidən doldurublar ki, sənin düşmənin türkdür. Bu dəyirman hələ çox su aparacaq. Görəcək günlərimiz var”.
Gördük, hələ də görməkdəyik…
O vaxtdan düz 44 il ötüb. Atamsa 18 ildir ki, dünyasını dəyişib. O zaman həyatımın gözəl günlərini yaşadığımı indi-indi başa düşürəm. Dağ kimi atam, indi məzarını ziyarət etdiyimdə ruhunun belə mənə təbəssüm bəxş etdiyi anam vardı yanımda.
Dünən uşaqlarla üstünə getmişdim. İliydi. Gül-çiçəyi düzəndən sonra bir xeyli daşdan çapılmış üzünə baxdım, sonra da qəbirüstü kompozisiyanın elementi olan torpağa sancılmış kəlağayılı xəncərə… Dəfn günündə məndən soruşanda ki, sənə və qardaşına nə vəsiyyət edib, dedim ki, heç nə, amma bütün ömrü boyu deyir və dediyini də hər gün sübuta yetirərək göstərirdi ki, dostunuzu da, düşməninizi də tanıyın, amma heç vaxt NİFRƏTLƏ və NİFRƏT İÇİNDƏ YAŞAMAYIN, ADAM OLUN, KİŞİ KİMİ ÖMÜR SÜRÜN.
Elə buna görə də adam olub kişi kimi ömür sürməyə və nifrət içində yaşamamağa çalışıram, hərçənd çox çətindir, amma məcburam, çünki əks halda onun ruhu şad olmaz!
Meymunların qiyamı
Meymunların qiyamıÖtən həftə diqqətimi çəkən bir çox hadisələr baş versə də, ikisi baş verdiyi məkanlarda elan olunanlarla heç cür uyuşmur. Məsələn, Putin gah batiskafla Baltik dənizinin dibinə enir, gah da Tuva vilayətində balığa gedib 23 kiloluq durnabalığı tutur. Birini qoyub o birisinə keçim. Bu gün də oxudum ki, Belarus prezidenti Lukaşenko da vəcdə gələrək 30 kiloluq durnabalığı tutub. Əlqərəz, Putin prezidentliyinin kefini çıxartdığı bir zamanda ölkəsinin ən üzdə olan jurnalistlərindən biri, Rusiya Televiziya Akademiyasının ilk prezidenti Vladimir Pozner “Mən meymunlarla bir ölkədə yaşaya bilmərəm” deyib Fransaya mühacirət edir.
İkincisi də biz jurnalistlərə aiddir. Hamının başı Milli Jurnalistika gününə, daha doğrusu, jurnalistlərə dövlət hədiyyəsi olan binadakı mənzillərin bölüşdürülməsinə qarışdığı bir vaxt xanım həmkarımız Aysel Əlizadənin “Modern.az”dakı müraciətini oxudum. Yox-yox, o mənzil istəmirdi, əksinə, mənzilinin artırmasının abadlaşdırılma adıyla sökülməsindən gileylənirdi. Deyəcəksiniz ki, nə olsun, hamı necə, o da elə. Elə olmağına elədir – düz deyirsiz, amma mənə təsir edən Aysel xanımın “Mənə ev-zad lazım deyil, eyvanıma toxunmayın” deyibən gəldiyi nəticədir: “Bizi bu ölkədə doğulmağımıza peşman elədiniz, yazıqlar olsun”…
Müxtəlif ölkələrdə və birinin digərindən xəbəri olmadan deyilən iki, ancaq bənzər gerçəklikdən doğan və demək olar ki, eyni məna kəsb edən fikir. Pozner deyir ki, həmvətənləri hələ inkişafda olsalar da, insan həddinə çatmamış meymunlardır. Onların nə vaxtsa adam olacaqlarına inansa da, buna ömrünün çatmayacağına daha çox əmindir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.