Şübhəm var. İndi niyəsini izah etməyə çalışacam. Bunun üçün belə bir halın başvermə səbəblərini araşdırmaq lazımdır. İlk növbədə, dərs hissə müdirini nədən “praporşik” adlandırdığımı izah edəcəm. İzahı çox bəsitdir: predmetindən başı çıxan heç də hər bir müəllimə pedaqoq demək olmaz, çünki pedaqoq şagirdi cəzalandırmalı deyil, səhvini izah etməlidir ki, bir daha onu təkrar etməsin. Bu, məsələnin ən bəsit və üzdə olan tərəfidir. Problemin məğzinə vardığında isə işin daha qəliz olduğuyla üzləşirsən. Birincisi, müəllim atdığı addımın yanlış olduğuna görə deyil, bədbəxtlikdən şagirdlərdən birinin öldüyünə görə cəzalandırıldığından əmindir. Əslində, hamı – Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları işçiləri də, elə ictimai fikir də bu qənaətdədir. Bax elə problem də bundadır. Və bu problemin adı insan qürurunun nə demək olduğunu unutmağımız, haqlarımızı bilməməmiz və hətta bilib də haqqımızı tələb etməyə cürət etməməmizdir. Çünki bizdə belə bir vərdiş yoxdur, biz ya bunu əvəzimizə kiminsə edəcəyini gözləyəcəyik, ya da haqq sözümüzün onsuz da qulaqardına vurulacağına öyrəndiyimiz üçün əlimizi yanımıza sallayıb müti bir görkəm alacağıq, çünki başqa cür olmayacağına inandırılmışıq. Belə olmasaydı, dərs hissə müdirinin ağlına bu cür əcaib pedaqoji priyoma əl atmaq gəlməz, direktor bu Sumqayıt Makarenkosunun adi bir hala çevrilmiş həmin “əyləncəsinə” göz yummaz və ən nəhayət, bir ləşkər həddi-büluğa çatmaqda olan gənc öz haqqını tələb edərdi. Tələb etsəydilər, Azad indi, yəqin ki, onlarla birlikdə olardı…
İkincisi, bu hal yeganə deyildir, əksinə, bizim üçün dünyanı bir qavrama tərzidir. Yadınızdadırsa, ilin əvvəlində müəllim-şagird münasibətləri ilə bağlı daha bir biabırçı hadisə baş vermişdi. Xoşbəxtlikdən o zaman ölüm-itim olmamışdı, sadəcə, direktor oğlan şagirdləri bütün sinfin qabağında, qızların gözü qarşısında şapalaqlayıb alçaltmışdı. Yaxşı ki, internet var – hadisənin üstü açılmışdı. Amma ən dəhşətlisi döyülən uşaqlardan birinin anasının sonradan telekameralara müəllimin hərəkətinə adi bir hal kimi baxdığını deməsi və buna haqq qazandırması idi. Bax budur problemin kökü! Bu münasibətlə biz vətəndaş tərbiyə edə bilərikmi? Məncə, bu sualın cavabı birmənalıdır – yox!
Bu yerdə yadıma bir hadisə düşdü. Yenə də milli mentalitetimizdən irəli gələn bir hadisədir. Qonşumuz balaca qızını bulvara gəzdirməyə aparıbmış. Qızcığaz həmyaşı olan digər qonşu uşağıyla oynayanda oğlan qızı itələyib yıxır və ağladır. Qızın anası əsl azərbaycanlı kimi övladını günahsız olduğu halda danlamağa başlayır və belə düşünür ki, qonşu oğlanın anası da balasını danlayıb qızları incitməyin yaxşı iş olmadığını söyləyəcək. Amma gözləmədiyi halda anasının qorxmuş oğluna ürək-dirək verərək “qırğı balasısan” deməsinin şahidi olur. Qonşu qızın anası söhbətini belə bitirmişdi: “Biz uşaqlarımızı döyə-döyə gözüqıpıq böyüdürük, özgə millətlərsə balalarına ürək-dirək verərək ”qırğı balasısan” deyə-deyə”.
Demə, oğlanın anası rusuymuş…
Milli herostratlar
Həmkarlarımdan biri bu yaxınlarda Sərdar Cəlaloğlunun Səməd Vurğunu, kiminsə Mirzə Fətəli Axundovu, kimininsə Cavanşir və Qaçaq Nəbini və daha kimlərinsə el arasında adları dillər əzbəri olanları bəyənmədiklərinə necə münasibət bəslədiyimi soruşdu. Sözün düzü, olmayan yerdə kimisə bütləşdirməyin, nə vaxtsa deyilənlərin doqmalaşdırılmasının həmişə əleyhinə olmuşam, eyni zamanda da düşünmüşəm ki, o insanlar illər öncə nə edib və nə deyiblərsə, yaşadıqları dövrün konyunkturasına uyğun olub və indi bizim onlar haqqında nə deyəcəyimiz barədə heç düşünməyiblər də. Guya biz bu gün oturuşumuza-duruşumuza yüz il sonra kimin nə qiymət verəcəyi barədə düşünürük? Hərə öz həyatını özünə və lap yaxınlarına görə qurur və yaşayır ki, bu da təbiidir. Bizim onlar barədə düşündüklərimiz onlara deyil, bizə lazımdır. Ona görə lazımdır ki, övladlarımızı düzgün tərbiyə edək, xalqın mərd, cəsur, namuslu nümayəndələrinin timsalında onlara vətəni sevməyi, torpaq uğrunda ölümə belə getməyi, böyük-kiçik münasibətlərini qorumağı, qadına hörmət və sevgini, ailənin nə demək olduğunu doğru-dürüst öyrədək. Axı heç də hamı Molla Pənah və ya Koroğlu olmur…
Hansısa çox müdrik adam deyib ki, əgər millətin qəhrəmanı yoxdursa, o qəhrəmanı mütləq yaratmaq lazımdır. Bəs biz nə edirik? Özümüz bivec ola-ola başlamışıq bu millətin uşaqlarımız üçün örnək ola biləcək nümayəndələrini aşağılamağa. Di gəlin hamını ağına-bozuna baxmadan gözdən salaq, görək nə olur? Bu milli müasir herostratların gücü yalnız ölülərin kölgələrini qılınclamağa, onların ruhunu narahat etməyə çatır. Bəs dirilərə necə, söz deməyə ürək edirlərmi? Çətin ağlım kəsir, axı dirilər cavab da verə bilərlər…
Bizim bu milli herostratlar nə millət, nə də öz uşaqları üçün örnək ola bilirlər, ola bilənləri də yamanlayırlar. Yəqin, elə buna görədir ki, millət müti və gözüqıpıq tərbiyə olunub, çünki övladlarımıza qırğı balası, qoçağım deməkdənsə, başıbatmış deyə-deyə böyütmüşük, qol-qanad açıb sərbəst düşünməyə, qərar verməyə öyrətməmişik.
Sonuncu “Eurovision-2013” dediklərimə sübutdur. İştirakçımız Fərid Məmmədov qalibdən azca geri qalaraq ikinci oldu. Sağ olsun, halaldı. Sevinməli bir məqamdı, amma o qalıb bir kənarda, bütün Azərbaycan indi itli-pişikli təxribatçı axtarışındadır. Dəridən-qabıqdan çıxırıq ki, bəs biz Rusiya nümayəndəsinə 10 xal vermişdik, Almaniyaya gedən yolda itib-batıb. Rusiyadakı səfirimiz bəyanat verir, xarici işlər nazirimiz rus həmkarıyla rəsmi danışıqlarda az qala Qarabağı unudub Rusiyaya məhəbbət izhar edir, İTV-nin yeni rəhbəri isə böyük bir qələt, yəni səhv edibmiş kimi cüssəsinə yaraşmayan mütiliklə millət adından az qala Rusiyadan üzr istəyir. Demə, Azərbaycan xalqı Rusiya nümayəndəsinə səs verməyə bilməzmiş. Elə buna görədir ki, Rusiya forin-ofisinin rəhbəri bizə hədə-qorxu gəlir. Nə baş verib axı? Bir millət olaraq nə günah işlətmişik? Bəlkə, Qarabağa hücum çəkib torpaqlarımızı ermənidən geri almışıq? Təəssüf ki, yox. Sadəcə, çaşıb Rusiyaya səmimi münasibətimizi onun mahnı müsabiqəsindəki təmsilçisinə səs verməməklə büruzə vermişik. Amma deyirlər ki, səslərimizi oğurlayıblar… Bu da azmış kimi, indi də Avropa mətbuatı Fərid Məmmədovun xalları fırıldaqla qazandığını yazır. Bizsə susuruq. Olmaya indi də qorxuruq?..
Belə çıxır ki, bizim gücümüz elə özümüzə çatır, özü də dirilərimizə yox, ölülərimizə.
“Son СКАЧАТЬ