Sükutdan sitat. Elçin Şıxlı
Чтение книги онлайн.

Читать онлайн книгу Sükutdan sitat - Elçin Şıxlı страница 6

Название: Sükutdan sitat

Автор: Elçin Şıxlı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243123 

isbn:

СКАЧАТЬ oxumaq ənənəsi, mədəniyyəti olmasa da, onun fərdi ifaçılarına çatan yoxdur. Qəribə olduğu qədər də, millətin bir çox probleminin məhz bunda olduğunu bir daha sübuta yetirən müşahidədir. Çıxışçının sonrakı sözlərindən sezdim ki, o bizim bir millət kimi xorla oxuya bilməməyimizdə heç bir qəbahət görmür, əksinə, bunu üstünlük sayır. Bu yerdə milli jurnalistikamızın çox nurlu və dəyərli simalarından olan mərhum Hacı Hacıyevlə təxminən 20 il əvvəl Berlindəki bir söhbətimiz yadıma düşdü. Oradakı səliqə-sahman, təmizlikdən irəli gələn mədəniyyətdən danışanda mən də xoru bəyənməyən həmin o çıxışçı kimi dedim ki, almanların məişət mədəniyyətinin səviyyəsi yüksəkdirsə, bizim də Xaqani, Nizami, Nəsimi, Füzuli və daha kimlərimiz var. Rəhmətlik dünyagörmüş adam idi, gülümsünüb dedi ki, millətin mədəni səviyyəsi ayrı-ayrı, hətta dahi fərdlərlə belə ölçülmür. Qanun-qayda, səliqə-sahman ümumi mədəni səviyyədən asılıdır.

      İndi deyəcəksiniz ki, söz azadlığından başlayıb keçdi xora, ordan da ümumi mədəni səviyyəyə. Yazımın əvvəlində qeyd etdiyim kimi, söz azadlığından danışdıq, amma hərə bir yanda. Eyni gündə və eyni zamanda sanki bir-birinin bəhsinə keçirilən iki tədbir oldu. Biri dedi söz azadlığı yoxdur, digəri bunun tam əksini əlində bayraq etdi. Beynəlxalq struktur və səfirliklərin nümayəndələri də xor mədəniyyətimiz olmadığından qalmışdılar odla-suyun, daha doğrusu, ”Ekselsior” oteliylə Beynəlxalq Mətbuat Mərkəzinin arasında. Bir sözlə, otaylı-butaylı həmkarlarım məndən inciməsin, amma bu tədbirlərin heç biri, təbii ki, mənim aləmimdə, bizi söz və mətbuat azadlığına bir zərrə qədər də yaxınlaşdırmadı. Hərə elə öz dediyini dedi, ortalığa bir əməli iş çıxartmadı. Çıxartmaq istəyənlərə də məhəl qoymadılar.

      P.S. Hollivudun “Krallıq” adlı növbəti savaş filmində hadisələr hansısa bir ərəb ölkəsində cərəyan edir. Bu dəfə terror qurbanlarının arasında MKİ işçisi də olur və təbii ki, onun qanı yerdə qalmasın deyə MKİ “rəhmətliyin” dostları və həmkarlarından ibarət xüsusi qrup formalaşdıraraq ərəb krallığına göndərir. Qrup üzvü olan bir xanım dostlarının ölüm xəbərini eşidəndə hönkürür və heç cür özünü ələ ala bilmir. Bunu görən qrup rəhbəri onun qulağına nə pıçıldayırsa, xanım həmən toxtayır. Bu, filmin əvvəlində olur, sonunda isə MKİ qisasçıları terrorçubaşını evindəcə yaxalayıb öldürəndə bu dəfə onun balaca qız nəvəsi ağlayır. İndi də ölüm ayağında olan baba-terrorçu nəvəsinin qulağına nə isə pıçıldayır və qızcığaz göz yaşlarını silib sakitləşir. Filmin finalında paralel olaraq iki səhnə canlandırılır – birində amerikalı komandirindən, digərində isə anası qızından soruşur ki, sənə nə dedilər ki, toxtadın. Cavab heyrətamiz və eyni zamanda da faciəvi həqiqətlərdən xəbər verir: “Biz nəyin bahasına olursa-olsun, onların hamısını öldürəcəyik”. Film elə beləcə də bitir.

      Allah bizi özümüzdən qorusun!

08.05.2013

      Narazı keçəllər

      Dünən oxuduğum xəbərlərdən bir neçəsi, mənim aləmimdə, digərlərindən xeyli seçilirdi. Hadisələr ayrı-ayrı ölkələrdə baş versə də, diqqətimi onların daxili məğzi etibarilə bir-birinə oxşarlığı cəlb etmişdi. Söhbət siyasətçilərin əhalini bezdirdiyindən gedir. Yeganə fərq həmin siyasətçilərin cəmiyyətdən hansı asılılıqda olmasındadır. Çünki biri seçicisini vətəndaş, digəri isə təbəə sayır və özünü də buna müvafiq aparır.

      Məsələn, Rusiya Baş Prokurorluğu ölkəsinin ən iri və tanınmış sosioloji təsisatı olan “Yuri Levada Analitik Mərkəzi”ni “xarici agent” olmaqda günahlandıraraq hüquq-mühafizə orqanlarını ora yoxlamalara yollayıb. “Corriere della Sera” qəzetinin müxbiri Luici İppolito yazır ki, “totalitar rejimlərdə rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edir ki, bu da 2011-ci il seçkilərində özünü Kreml partiyasının lehinə verilən səslərin seçki qutularındaca çoxalmasında göstərmişdi”. İndi isə vəziyyət dəyişib – rəqəmlər şuluq salır. Putini prezident görmək istəməyənlərin sayı, “Levada-mərkəz”in sorğularına görə, 55 faizə çatıb. Görəsən, bunun səbəbi nədədir? Cavablar müxtəlif ola bilər, amma Putinin gəldiyi nəticə birmənalıdır – günah rəqəmlərdə və onlarla bacarmayan “Levada-mərkəz”dədir. Elə buna görə də Kreml statistikanı nəzarət altında saxlamaq kimi “müdrik” bir qərara gəlib.

      İkinci xəbər mənim sevimli Amerikamdandır. Deyim ki, orda da Obamanın işi fırıqdır. “La Stampa” qəzetinin müxbiri Paolo Mastrolilli ABŞ-ın “Reader’s Digest” jurnalının keçirdiyi sorğuya əsasən yazır ki, amerikalılar siyasətçilərdən daha çox, aktyorlara güvənirlər. Məsələn, 1099 respondentə “ölkənin başında kimi görmək istəyərdiniz” sualı verilib və qalib məşhur Hollivud aktyoru Tom Hənks olub. Ondan sonrakı yerləri isə yenə də aktyorlar Sandra Ballok, Denzel Vaşinqton və Meril Strip tutublar. Obama isə… 65-ci olub. Yaxşı ki, yanvarın sonunda keçirilən bu sorğu Rusiyada deyil, Amerikada keçirilib, yoxsa indiyədək Hənks bir yana, Hollivudun özünü də bağlatdırardılar. Amma orası Amerikadır. Belə olmasaydı, nə Ronald Reyqan prezident, nə də Arnold Şvartsenegger qubernator ola bilərdi. Onların həyatda da kinoda yaratdıqları qəhrəman obrazlarını yaşamaq imkanları olub və elə sorğudan da göründüyü kimi, hələ də var, bizimkilərdən fərqli olaraq…

      Bizdə isə heç bir ənənəvi sorğu-filan keçirmək fikrinə düşən belə, deyəsən, yoxdur, çünki nə aktyorlarımıza güvənirik, nə də siyasətçilərimizə. Heç “Levada-mərkəz”imiz də yoxdur. Elə olmaması da yaxşıdır. Olsaydı, ”Ginnesin rekordlar kitabı”na düşmək imkanımız olmazdı. İndi isə əlimizə belə bir fürsət düşüb.

      “Terrora yox” aksiyasında iştiraka görə həbs edilən gənclərin başı zorla lüvürtü qırxıldıqdan sonra vəkil Qurban Məmmədov onlarla həmrəylik nümayiş etdirərək saçını dibindən kəsdirib və iqtidardan narazıları da buna səsləyib. Onun fikrincə, bütün narazılar belə etsə, bu iqtidarı bəyənməyən insanların nə qədər olduğu bəlli olar. Qeyri-adi, hətta deyərdim ki, analoqu olmayan bir sorğu formasıdır, deyilmi?

      Vallah, dahiyanə fikirdir. İndi kimin kim olduğu bəlli olacaq. Yoxsa nə var başını ülgüclə qırxdırmayıb narazı olmağa. Bədəbəddə qaçıb girəcəksən camaatın arasına və deyəcəksən ki, hamı necə, mən də elə. Bu da milli sorğumuzun nəticələrini doğru-dürüst hesablamağa imkan verməyəcək.

      Rusiyanın da, Amerikanın da sorğuyla bağlı atacaqları addımlarının nədən ibarət olacağını bəri başdan söyləmək mümkündür. Məsələn, Tom Hənks ekranlarda göründümü, bilin ki, Amerikada Obamaya güvənənlərin sayı lap azalsa da, vətəndaşların ölkəyə güvəni elə necə yüksək idiysə də, elə də var.

      Rusiyada isə “Levada-mərkəz”i bağlamasalar, bilin ki, rəqəmlərin qüvvəsi ideoloji dəyişkənliyə nüfuz edib, yəni rəqəmlər daha şuluq salmır. İnsanlara gəlincə isə onlar ya vətəndaş olmağı seçəcəklər, ya da elə təbəə olaraq qalacaqlar.

      Bizə gəlincə isə… СКАЧАТЬ