Hacı Hacıyev
Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri”.
Və bundan sonra Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il fərmanı ilə 22 iyul Azərbaycan jurnalistikası günü elan edildi. Həmin fərmanın verilməsindən artıq 22 il ötür. Bunun özü də bir tarixdir. 138 illiyini qeyd etdiyimiz milli jurnalistikamızın peşə bayramı günü elan edilməsinin tarixi. Və biz də məhz bu son 22 ilin yükü və məsuliyyətini daşıyırıq. Bu 22 ilin məsuliyyəti ölkənin müstəqillik tarixinin yükü qədər ağırdır, çünki bu müstəqilliyi biz jurnalistlər yazmış, qələmə, lentə almışıq. Bu yükün altına girənlərin, təəssüf ki, heç də hamısı ona tab gətirə bilmədi. Həyat bir çoxumuzu ələdi – kimi sındı, kimi sınmamaq üçün peşədən getdi, kimi də ölümdən belə qorxmayıb həyatdan. Ətrafıma baxıb olub-keçənləri sanballayıram və təəssüf ki, keyfiyyət yox, kəmiyyət görürəm. Yeni texnologiya, ondan bas çıxaran gənclər, böyük maliyyə, enerji görürəm, amma ÜRƏK görmürəm. Və təəssüflənirəm, çünki ürəksiz jurnalistikaya inanmıram…
P.S. Bu günlərdə oxudum ki, yapon yakudza qruplaşmalarının ən qüdrətlilərindən biri olan “Yamaquçi-qumi” jurnal buraxmağa başlayıb. Səkkiz səhifəlik “Yamagichi-gumi Shinpo” nəşri yalnız qruplaşma üzvləri arasında yayılır və təşkilat üzvlərinin daha sıx birləşməsi məqsədini güdür. Demə, son illər yapon mafiozilərinin işləri heç də yaxşı getmirmiş. Yaponiyada yakudza, yəni cinayətkar olmaq istəyənlərin sayı hər il təxminən 7 min nəfər azalır. Nəşrin birinci səhifəsində klan başçısı Kenyiti Sinodanın QULDUR HƏMKARLARINA PEŞƏ DƏYƏRLƏRİ və ƏNƏNƏLƏRİNİN nə demək olduğunu izah edən yazısı çap olunub. Yapon mafiyasının qara günlərindən gileylənən quldurbaşı yakudzaları quldur biznesində daha kreativ olmağa çağırıb.
Adam bilmir gülsün, ya ağlasın. Bir tərəfdən çox sevdiyim Gündoğan ölkəyə görə sevinirəm ki, quldurların sayı azalır, digər tərəfdən də dilxor oluram ki, bu quldurların qəzetini buraxanlar da jurnalistdir, lap elə bizim kimi.
Mətbuatın gücündən yakudzaların da yararlanmaq istəyi onu göstərir ki, jurnalistika gücdür, amma bunun belə olduğunu, deyəsən, bizdən başqa hamı bilir.
Bayramınız mübarək, özünün qədrini və gücünü bilməyən həmkarlarım!(?)
Əyyaşlıq
“Frankfurter Allgemeine Zeitung” yazır ki, Kremlin içki içməyən sahibi Putin ölkəsində mübarizə etməyə yeni obyekt tapıb və bu mübarizənin ilk təzahürlərindən biri 13 ildir ki, vaxtilə şərabçılığın 100 illiyi şərəfinə 3 metr hündürlüyündə ucaldılmış gümüşü rəngli şərab şüşəsinin durduğu kürsiyyədən aşırılmasıdır. Demə, həmin “butılka” hökumətə spirtli içkilərlə mübarizə aparmağa imkan verməyən ən başlıca maneə imiş. Bununla belə, qanunvericilikdə də dəyişikliklər var. Məsələn, 125 rubla olan araq indi 175 rubladır. Deyilənlərə görə, Putin göz görə-görə içkinin ucbatından əldən gedən millətinə rahat baxa bilmir. Ola bilər, kim nə deyir ki…
Bu xəbəri oxuyanda yadıma bir əhvalat düşdü. Yox, mən heç də keçən əsrin 30-cu illərinin Amerika butlegerlərindən danışmayacam. Söhbət Qorbaçovun SSRİ-nin son illərində alkoqol əleyhinə başlatdığı kampaniyanın özündən də getməyəcək. Hərçənd həmin kampaniyanın nəticəsində Azərbaycanda üzüm deyilən meyvə az qala fəhlə-kəndlilərin qolçomaqlardan da betər sinfi düşməninə çevrilmişdi. Biz də ki SSRİ-nin hamıdan çox “içən milləti” kimi Kremldəkilərin xoşuna gəlmək üçün məmləkətdə nə ki üzüm bağları vardı hamısının axırına çıxdıq. Nə isə, bu başqa bir yazının mövzusudur.
O illər çalışdığım müəssisədə bir yəhudi oğlan işləyirdi. Çox savadlı adam idi və bir neçə xarici dil bilirdi. Özü də bütün yəhudilərə xas olan təbii ehtiyatlılıq ondan da yan keçməmişdi. Hər halda, bir söz deməmişdən əvvəl onu həm siyasi, həm ictimai, həm də dövlət maraqları baxımından özü və yaxınlarına xələl gətirib-gətirməyəcəyini sanballayıb sonra ağzından çıxarardı. Bilmirəm nədəndi, ya mənə inandığından, ya da baş verənlərin nədən irəli gəldiyini bildiyi üçün hər şeydən bezdiyindəndi, amma günlərin bir günü o, həmişəki kimi iş otağına girib tələsmədən paltosunu, sonra başındakı qulaqlı xəz papağı və onun altından adəti üzrə geydiyi çit təsəyi çıxarıb səliqəylə bükərək cibinə qoyar-qoymaz qayıtdı ki, bilirsən, bu ölkənin tarixi ərzində bundan əvvəl yalnız bircə dəfə “quru qanun” (suxoy zakon) tətbiq edilib ki, o da dünyanı lərzəyə salan 17-ci ilin oktyabr çevrilişi ilə nəticələnib. Zalımın ağzı elə bil falıymış. Bir neçə ildən sonra o boyda SSRİ dağıldı. Təbii, mən heç də demək istəmirəm ki, əvvəlcə Rusiya imperiyasını, sonra da SSRİ-ni yıxan içki olub, daha doğrusu, ona qoyulan qadağa. Sadəcə, rus “padşahları” ölkənin qara günə düşməyinin əsas səbəbini millətin içkiyə aludəçiliyində görürdülər, bəlkə də, camaatın diqqətini başlıca problemdən yayındıraraq, hirsini yalançı qayğıkeşliklə soyutmaq istəyirmişlər. Hər halda, əvvəl-əvvəl buna inanıb içkinin daşını atan millət az sonra bununla həyatlarının yaxşılaşmadığını anlayıb dərdini araqda boğmaq üçün ayağa qalxıb.
Əslində isə heç də hər şey bu qədər bəsit deyil. Bəli, Rusiyada çox içirlər, özü də həmişə içiblər. Bunu ölkənin sərt qışıyla da, fiziologiyayla da, adət-ənənəylə də, daha nə bilim nələrlə də izah etmək olar. Amma, zənnimcə, problem bunda deyil, çünki başqa millətlər də içir, hətta müsəlman ölkələrində də içirlər. Problemsə ancaq Rusiyada, özü də dövlət başçıları tərəfindən qabardılır. Maraqlıdır, deyilmi?
Alman qəzeti daha sonra yazır ki, Rusiyada yaranmış orta sinif nümayəndələri ölkədəki milli əyyaşlıqdan uzaqlaşmaqdadır, çünki hamı kimi yıxılanadək araq deyil, yemək zamanı bir badə bahalı şərab içməyə üstünlük verirlər. Axı onlar əqli zəhmətlə, səliqə-sahmanlı şirkətlərdə, bir çox hallarda isə əcnəbi şirkətlərdə çalışmaqla pul qazanırlar. Sanballı şirkətlərdə işləyib yüksək maaş almaq istəyirsənsə, ilk növbədə, özünü və həyat tərzini dəyişməlisən. DEMƏLİ, MİLLƏTİN DƏRDİ HEÇ DƏ ƏYYAŞ OLMAĞINDA DEYİL, ƏYYAŞ OLMAMAQ ÜÇÜN ŞƏRAİTİN OLMAMASINDADIR. Bunun üçünsə dövlətdə azad iqtisadiyyat, ədalətli rəqabət şəraiti, süni inhisarların olmaması, qanunların işləməsi və çox demirəm, bir qədər də demokratiya gərəkdir.
Vaxtilə rus kraliçası Yekaterina deyərmiş ki, sərxoş milləti idarə etmək xeyli asandır. O vaxtdan Rusiya üsuli-idarəsində, ictimai-siyasi formasiyalar dəyişsə belə, mahiyyətcə heç nə dəyişməyib və Putinin də xalqın guya içməməsi üçün atdığı yalançı inzibati üsuli-idarəyə xas olan addımları onu göstərir ki, Kremlin sahibini əslində milli əyyaşlıq deyil, milli orta sinfin daha da güclənməsinə gətirəcək əsl iqtisadiyyatın yaranması narahat СКАЧАТЬ