Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox mən xəbərdaram əmiyin işlərindən… Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmamısan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə! Yadındamı o “Molniya” teleqram? “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənərmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi “Kişini” özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni öz təəbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci -əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə… Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə… Özü də yaxşı bilir ki, bu gün – sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli, ikicə ay qalıb. Yeşikdən çıxmayacaq əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa? Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: “İnventar RKP”24. Nə inventar, heç o ev də özünün deyil. Revkomun25 qəza komitəsi olurmuş vaxtıynan o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb deyəcək: “Zəhmət çək, çıx o evdən”. Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu vəzifəlilər, qadası. Vəzifəsi var – adamdı, yoxdu qurtardı, tamam oldu ömrü. Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir, udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi əmin, qadası. Otuz yaş kiçikdi deyirlər özündən o gözəl. Sürüdə əmlik təki bir şeymiş, canavar ağzına keçib hə… Görəcəksən o gözəli. Onda biləcəksən kimdi başına and içdiyin əmin! “Əcaib məsələ” dediyim o gözəlnən bağlıdı.
İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha, yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror Sayılova, birini RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o teleqramıydı stolun üstündə, bir də Sultan Əmirli. “Prekratite” deyib ayaqlayırdı hamını.
Məni necə ayaqladı, bilirsən? Büro iclası çağırdı. Getdim gördüm yeddi nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-cimnən soruşum Gülənovdan ki, məni niyə çağırtdırıb bu “həqiqətən sultan olan Sultan”? Gördüm dirigözlü ölüb o gördüyün heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım, o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan “fəhlə sinfinin nümayəndəsi”ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət “sultan olan Sultanımız” ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı. Gözlər qan çanağı. Başladı ki, “RİK sədriynən, milis rəisiynən əlbir olub rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb aparırsan bədbəxt əhaliyə iki qat artıq qiymətə sırıyırsan! İş o yerə çatıb ki, partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakına rəy soruşuram, qulaq as”. Rəyi isə, bilirsən ki, “fəhlə sinfinin nümayəndəsi” deyir həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə “fatihə” oxudu mənə: “Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!” Qılınc Qurban malı yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: “Əmirli yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət sistemindən…”
Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma, əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi əlim, ayrı şey gəlmir əlimdən… Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki, orqandanam mən, “zasekreçenniyəm”!26 Lazım gələndə lazımi adamlara göstərirəm üzümü. Aydın oldumu?!
Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə? Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz rayonumuzdadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi. Bircə şey deyirəm hələlik: getmə o evə!
Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşı-yaman fikirləşirsən. Soruşma hardan bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gözünə. Qan düşməni… Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən, pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da getdi elə iş gəldi başına… Deyirlər, elə o vaxtdan başlanıbmış bu qırğın – terror. Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri xaricdən bizim İrəvana – Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb СКАЧАТЬ