İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 11

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ kəsəcəm, heç kəsə zor düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam”. Sonra gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu qaşıya-qaşıya: “Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız, daha hər gün birinizin qapısında oturmaram”, -deyib və elə o günü Aynadan söz alıblar ki: “Get, ay qız. Belə insan yoxdur dünyada…” Hələ o vaxtdan partiya özəyi katibi Cəfər Qaryağdıoğluna “Lüt Cəfər” deyirmişlər, “Aləmi bəzər, özü lüt gəzər” deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə əhvalatı “lüt” kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü. Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: “Cəfəri yox, Qudalılar partiya təşkilatını soyundurublar”, -deyərdi. “Cəfərin adı Lüt qalandan bəri elə bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm”, -deyərdi.

      Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, “körpələrini sədr Mədədə tapşırıb” könüllü getdi, özünün dediyi kimi, “dörd qabırğasını qospitalda qoyub, dörd orden-medalnan qayıtdı”, əmma adı elə “Lüt” qaldı. İndi gündə bir aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə Cəfərin “Lüt” adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb, daha bir o qədər söz – söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə “lüt” kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu “arşınmalçı” kəlməsi elə o “lüt”ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə əhvalatını da dildə-ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu “arşınmalçı” da dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində “arşınmalçı” deyirdilər?! Bundan da belə çıxmırdımı ki, “bezobraziye” doğrudan da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o cür parıltısı da açıq-aydın göstərmirdimi ki, “zasekreçennıy” Çax-çux Xalıq yenə hamanca “KQB Xudiyev” dəstəsinin – Gülənovun, Sayılovun, RİK Atamalının himayəsində idi, “həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə “çax-çux” altında hamanca işini – agentliyini davam etdirirdi? Belə olmasaydı, vaxtilə Sultan əminin qabağında diz çöküb “Stalininə də qurban olum, teleqramına da”, – deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə “hakimiyyətdən, hökmranlıqdan” danışardımı, Sultan Əmirlinin oğul əvəzi yetirməsinin gözünün içinə “hökmranlığı qurtarıb”, “axırı çatıb” deyə bilərdimi? Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil, onun düşmənləri idi, səbəbi isə bu idi ki, “dörd ay bundan əvvəl, mayda olan işlə” – evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O “gözəl” doğrudan da “başqasının istəklisi” idisə, üstəlik “özündən otuzca yaş kiçikdisə” demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan Əmirlinin bu dəfə mütləq “yeşikdə qalacağına” dəstə üzvlərinin hamısını, o cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı: “Axırı çatıb”?!

      Qatardan Səməd belə təlatümlü düşdü.

      3

      Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.

      Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların – rayon idarələrinin şəkillərində dəstə-dəstə dayanmış çesuyça27 kostyumlu, “səbət” şlyapalı adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-verə keçdi.

      Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki, “bütün aktiv” Xudiyev dəstəsinin səsinə səs verib, ömürlərini mübarizələrdə keçirmiş kommunist qardaşları “əmir törəmələri”, “şeyx qardaşları” adlandırıb, “sinfi mənsubiyyətinizi gizlədibsiniz”, “xariclə əlaqəniz var, təhlükəli adamlarsınız” – demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o dəstəyə meydan verilirdi və “bezobraziye” yenidən Sultan Əmirlinin üstünə ayaq alırdı, o rayonun hər axşam bu şəkillərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan “fəalları” ilə görüşməyin bir mənası vardımı?

      Təlimatçı işlədiyi illərdə Səməd bu adamları gah kəndlərdə – təhkim olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da elə bu səkilərdə müşahidə eləyib, həmişə acı təəssüf hissi ilə görmüşdü ki, xüsusilə, qırx səkkizinci ildə tutqular, sürgünlər başlananda bu adamlar “əsli o taydan olan” raykom katibi ilə üz-üzə gələr-gəlməz nə qədər quruyub – qapanırdılarsa, Gülənovla, Sayılovla və ya RİK Atamalı ilə rastlaşanda bir o qədər yumşalıb- açılışırdılar, – xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval tuturdular, toya-şana, xeyrə-şərə çağırıb yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux Xalıqa da qoşa əl uzadırdılar, ondan “kitayski makintoş”, “kitayski termos” və sair ala-ala, şübhəsiz, “şeyx törəməsi” Sultan Əmirli barədə yeni söz-söhbətlərə qulaq asıb, hər axşam bu səkilərdə bir-birinə ötürürdülər və yəqin ki, indinin özündə cərgələnib Sultan Əmirlinin qardaşı oğluna tamaşa eləyəndə də elə o barədə pıçıldaşırdılar. “Fəallar”ı Səməd belə tanıyırdı və Mədəd Əmirlini “Güdaza verib” indi də o biri qardaşı güdaza verməyə hazırlaşan çesuyçalılara kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.

      Geridə-stansiyada parovozun qışqırtısı eşidildi. Vaqonlar dartınıb taraqqataraq saldı. Kazarmasayağı uzun, alçaq, boz binalar boyunca əks-səda – quru, sərt tıqqıltılar axıb uzaqlaşdı. Səməd hiss etdi ki, tüstü ilə dolu kupe qatardan üzülməkdə, ayrılmaqdadır. Çax-çux indi də “sirlə dolu sinəsi” ilə həyulaya çevrilib yaxınlaşır ki, sözünün axırında dediyi o müəmmalı sözləri təkrar etsin: “O evə getmə…” “O evə getmə…” Gəlib çatdığı, cəmisi yüz addım irəlidə o doğma evin üfüqdən rəng çəkib qırmızı çalan qızarttaq darvazasını gördüyü bir vaxtda nəinki dayanmaq, azacıq tərəddüd eləmək də Sultan Əmirlinin uca adını təhqir kimi bir şey olardı. Bütün sirlərin açarı o qızarttaq dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi. Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının həyətində ikinci katib Əziz Mayılovla üçüncü katib Məleykə bacını görüb, salamlaşıb, keçən il rayonda təcrübədə olduğu aylardan indiyə qədər onlarla görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.

      * СКАЧАТЬ