İş o yerə çatmışdı ki, əmisinin şoferi – “quşburun” Müslüm “Bircə bala”ya ilk bahar nemətləri – “təzə, duzsuz pendir”, “nəhrə yağı” aparıb yataqxanada Səmədin sifətini görəndə qorxuya düşdü: “Bıyy! Xəstəsən-nədi, ay Səmi?!” Səməd bu vaxta qədər necə qapalı gəzib-dolanmışdısa, orda, işgəncələrdən bezmiş kimi, bir az açılışmalı oldu: “Qəbiristanda Çax-çux o cür, əmimin ayağına yıxılandan bəri onun sifəti yuxuda da yadımdan çıxmır, ay Müslüm!” – dedi. Heç yarım saat çəkmədi ki, Qonaqlının nə üçünsə Müslümlə Bakıya getmiş “Sestra” çağırılan şəfqət bacısı, yəqin ki, Müslümdən hər şeyi öyrəndiyinə görə bircə kəlmə: “Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək”, -dedi.
Əmma keçmədi “patalogiya”. Çünki bunun həqiqi adı “şübhə” idi.
Yalnız şübhə?
Başqa nə vardı?
Sultan əminin qabağında diz çöküb yalvarandan sonra Çax-çuxun özünün cəmaat arasında o vaxtki söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb yalvarmağı da ondandı ki, “KQB Xudiyev”ə agentlik eləmişdi, Şeyx qardaşların bu taya qaçan fədai şagirdləriynən Əmirlilərin xəlvəti əlaqələri barədə KQB-yə yaxşı-yaman yazıb, “kişiləri çək-çevirə salmışdı”, xüsusən o kişmiş əhvalatı ilə “sədr Mədədi hövsələdən çıxartmışdı”, Mədəd də “maşını sürənməyib, düppədüz yerdəcə fələyin xərcinə getmişdi”. Belə çıxırdı ki, bu müsibətdə Çax-çux Xalıqın birgə günahı vardı, o da “KQB Xudiyev”ə agentlik eləməyi idi?
Bəs Səməddən niyə qaçırdı? Niyə belə ardıcıl yayınıb gizlənirdi?!
Bu barədə Çax-çux, əlbəttə, heç kəsə heç nə deməmişdi və deyə də bilməzdi. Çünki Səmədə görə Çax-çux Xalıq daha böyük günah sahibi idi: cinayət işləmişdi, adam öldürmüşdü. Səməd bunu bütün varlığı ilə hiss edirdi, bütün qəlbi ilə duyurdu, hətta atası maşını nərilti, gurultu ilə sürüb kişmişi, daş-tərəzini dağıdandan sonra Çax-çuxun onu harda, necə, nə ilə vurduğunu da bütün təfərrüatına qədər görürdü.
O təfərrüat hələlik, əlbəttə, xəyaldan başqa bir şey deyildi. Yəni dəlil-sübut, şahid-filan yoxdu. Əmma Səməd yəqin bilirdi ki, içərisini alovlandırıb kürə kimi qaynadan xəyalı nə vaxtsa, hardasa çəkib onu Çax-çuxun üstünə aparacaq, cinayətkarlarla – qatillə onu qarşılaşdıracaq və o vaxt mütləq bir hadisə baş verəcək; çox ola bilər ki, illərlə gizlənəndən sonra qatil onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb lazımi yerə təhvil versin, cəzasına çatdırsın.
Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!
Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.
Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.
Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb: “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi – getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra Sestra ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü…
* * *
… Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz – filansız, birbaşa soruşdu:
– Xəbərin varmı, əmin evlənib?
Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.
– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.
Səməd özünü itirmişdi.
– Sultan əmi?.. Necə yəni evlənib?!
– Hm, bildim elə təəccüblənəcəksən… Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir… Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!
– Qıymat?
– Yox, Qıymat deyil… Qıymat heç yadına da düşməyib… Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı… Hə… Çoxdan görüşmürdük biz sənnən qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə… Tez-tez görüşəcəyik bundan sonra. Hə…
Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.
– Sən çatırsan… Kəndə getmirəm mən… Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə23. Bizim СКАЧАТЬ