İdeal. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу İdeal - Muğanna İsa страница 13

Название: İdeal

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ “Anna Karenina”, “Bratya Karamazovı”, “İdiot”. Sən də oxu, Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!” – deyərdi. “Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!” – deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu “diapozonlu xanım” adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi “diapozonlu xanım”la yola getmirdi: “Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! sabun bişirən şairi!” – deyərdi. “Vaqifi də oxu! Vurğunu da oxu!” – deyərdi. Sonra birdən-birə məlum oldu ki, o “diapozonlu”nun gizlin əri var, o “gizlin ərin qardaşı”xalq düşməni çıxıb, güllələnib. Buna görə də kəbin kəsdirmirlər”. Xəlvətdə, kabinetin küncündəki palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı: “Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Rusun bu həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl bilirəm ki, Sabir nədi, -Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq…” Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-quru, rəsmi çinovnik qadına çevrilərdi. “Başqasının istəklisi?..” Bəlkə elə Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, – Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?! Qonaqlının ədəbiyyat müəllimi Ələsgər müəllimin – “Dam direktor” ləqəbli o zərif kişinin qardaşı Qurban da “37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən “övliyalar” kitabı tapılmışdı. Ələsgər müəllim müharibə vaxtı Rusiyanın harasındansa “evakuasiya” edilmiş – köçürülmüş həmin, adı unudulmuş şəfqət bacısı Sestra ilə evlənmişdi ki, “rusnan qohumluğuna görə həbs olunmasın”. Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu işlərdən və “ərköyün sədr oğlu” ikən əzabkeşə çevrilib! Bədbəxtliklərdən necə bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, “cəhənnəm kürəsindən” necə cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O “zaklyuçeniya”nin, o “qəsd işi yoxdu” sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun “cəhənnəm kürəsindən” çıxmaq istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub. Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna “Bircə bala” deyən Sultan Əmirli də “mənim balam” deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!

      Daş cığırın qurtarıb qalın, əkmə çayırlığın başlandığı yerdə, həyətin genişliyində Səməd bir daha yuxarı baxdı və elqızını bu dəfə bəridə- pilləkəndə görüb istər-istəməz ayaq saxladı. Elqızı onu tanımışdı? Qarşılamağa gəlirdi? Yox, deyəsən elə deyildi.

      Üfüqün parıltısı çəkilmişdi. Evlə bağın arasında toran qatılaşıb, demək olar ki, əməlli-başlı qaranlıq çökmüşdü. Elqızı həyətin ortasında dayanmış əli çamadanlı adamı deyəsən heç görməyib, pilləkəndən düşən kimi sola buruldu. İndi qaramtıla çalan uzun xalatının ətəkləri yellənə-yellənə, evdən on-on iki addım o yanda, tut ağacının altındakı dəyirmi stola tərəf getdi. Orda, dəyirmi stolla köhnə qarğı kresloların yanında, kərpic yığınının üstündə manqal qızarırdı.

      Elqızı tutun dövrəsində, stolun ətrafında hərlənib-fırlandı, manqalın hənirindən titrəşən yarpaqların altına qayıdanda bir əlində maşa, o biri əlində hərəsinə bir-iki yağlı qabırğa çəkilmiş dəmir şişlər peyda oldu. Maşa ilə odu yayıb, şişləri manqala düzdü. Sonra tutun haçasından qalayı ağaran böyük bir sini endirib, su kranını açdı, gur şırıltılı suyun altında sinini yuyub, bayaqdan çiynində ağaran çay dəsmalı ilə qurulayıb, stolun küncünə qoydu. Sonra hardansa bir yığın yuxa gətirdi, yuxalara su çiləyib, bircə-bircə siniyə yığıb, çay dəsmalı ilə örtdü və cəld dönüb, manqalın yanında çöməlib, şişləri çevirməyə başladı.

      Səməd yaxınlaşıb on addımlıqda dayanmışdı. Başını azca yana əyib, elə dolu ürəklə, elə aludə gözlərlə tamaşa eləyirdi ki, elə bil ömründə nə belə səliqə-səhmanlı gəlin görmüşdü, nə də belə səriştə ilə hazırlanan xörək-çörək. Bir azdan o yuxalar piləyə dönəcək. Elqızı bu bütöv, şirə ilə dolu qabırğaları birbaş yuxanın arasına çəkib bükəcək, qaynar-qaynar aparıb süfrədə açanda kababın buğu tavana vuracaq. Yaşa, əmi, o müsibətlərin hayıfını çıx!

      Sevincdən, riqqətdən Səmədin hətta gözləri doldu. Bu, övlad sevinci idi. Bəlkə lap uşaq sevinci idi. Eynilə, körpə uşaq görəndə yanaqları uzunu damlalar süzülən o “diapozonlu xanım” kimi, göz yaşı axıtmağa hazırdı. Yəqin elə buna görə də Səməd bu “göz yaşı zəifliyindən yaxa qurtarmaq”, lap uşaq kimi, bir oyun açmaq istəyib fikirləşdi ki, səsini çıxarmasın, özünü göstərməsin, elqızı yuxalı, kabablı sinini aparıb süfrəyə qoyandan sonra birdən qapıdan girib başlasın ki, “Çoxdandı qayğanaq yeməmişəm, əmi. O yumurta səbəti hardadı?” Əmisinin bu zarafatdan necə şaqqıldayıb güləcəyini, “Bircə bala”nın belə gümrah gəlişindən necə fərəhlənəcəyini indidən görüb, qərara aldı ki, elə-belə də eləsin.

      Əmma həyatı Səmədlə başqa oyun oynayırdı.

      Tut ağacına doğru uzadılıb altına dəmir yol relslərindən dirəklər vurulmuş eyvana işıq zolağı düşdü, o zolaqdan bəriyə, tutun topa tacına doğru kölgə uzanıb çəkildi, sonra Sultan əminin hamanca yorğun, cod səsi eşidildi:

      – Nə uzun çəkdi sənin bu kababın! Getməliyəm axı mən!

      Hamanca yorğunluq! Hamanca gərginlik! Hamanca Sultan Əmirli!

      Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.

      Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki, bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsəbiliyə də inanmaq istəmədi. Əmisinin sevincində sevinc, xoşbəxtliyində xoşbəxtlik tapmaq, ötən illərin əzablarından birdəfəlik qurtarmaq arzusu necə güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb “səlam” verdi və atası ilə əmisindən götürdüyü cənub ləhcəsilə: – Səlam verdim, səlam almaz, belə olmaz, belə olmaz,– deyib güldü. – Səlam, elqızı!.. Axşamın xeyir, gəlin bacı! Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!

      Hesabla, “gəlin bacı”, “doğma məhrəm elqızı” СКАЧАТЬ