Название: Qafqaz qaçaqları
Автор: Ali Kafkasyalı
Издательство: ЖекаПринт
isbn: 978-9952-8451-1-3
isbn:
“Aya a Həzrət, qalx! Səni tutub aparacağıq”, – dedilər. Yerimdən durub özümü tarazlayana qədər toybabası və böyüklərdən bir neçəsi irəli yeridi. Toybabası: “A komandir, gəlin oturun, çörək kəsin. Toy da bir azdan dağılacaq. Ondan sonra apararsınız”, – dedi.
Komandir dediyindən dönmürdü: “Xeyr, olmaz. Bu dəqiqə aparmalıyıq. Ya aparacağıq, ya da vuracağıq”.
Toybabası irəli atılıb: “A kişi, belə biabırçılıq olarmı? Belə şey dünyanın harasında görünüb? Toyumuzu niyə bu hala salırsınız?”, – dedi. Komandir dal ayaqlarının üstünə qalxmış ayı kimi kükrədi: “Kəs səsini, it oğlu it! Abırsız sizsiniz ki, belə bir xalq düşmənini, burjua qalığını toyunuza çağırırsınız!…” – dedi.
Bütün dost-tanış ayaq üstə idi. Mən dərhal irəli atıldım. “A dostlar, a qonşular, amandır, – dedim. – Allaha baxın. İzin verin mən gedim. Arvad-uşağın içində dalaş-dava düşməsin!”
Sağ olsunlar. Təmkinli davrandılar. Bir kəs yerindən tərpənmədi. Mən əllərimi irəli uzatdım, əllərimi bağladılar və qolumdan tutub buraya gətirdilər. Allaha şükür ki, dostlar mənim sözümü eşitdilər. İş bir az irəli getsəydi, insanlar susacaq, silahlar danışacaq, ortalıq dava meydanına dönəcəkdi.
– Yaxşı eləmisən, dava-qalmaqalın qarşısını almısan. Bir an cavanların milislərin üstünə getməsini, onların da silaha sarılmasını, bundan sonra nələrin ola biləcəyini ağıla gətirmək belə insanın qanını dondurur. Yol uşaqlarını yığıb, onlardan milis dəstəsi düzəldəndə belə olar. Bunların yaradacağı quruluş da bundan artıq olmayacaq ki. Allah xeyirlisini eləsin!
– Bəs səni harada tutdular?
– Onu da sən heç soruşma!.. Bilirsən ki, bizim sərhəd kəndlərinin camaatı gürcülərin işğalından başını götürüb Yuxarı Salahlı ətrafındakı dərələrə sığınmışdı. Xalq qışı orada keçirdi. Əhalini könüllü atlı birliklər qoruyurdu. Qırmızı Ordunun süvariləri Gürcüstanın üstünə yeriyəndə yollarının üstündə növbədə olan Məmməd Babanın başçılıq elədiyi Kənd Mühafizə Birliyini qılıncdan keçirdilər. Mühafizəçilərin hamısı yaralandı. Atam isə şəhid oldu.
Həzrət heyrət və hüznlə başını buladı:
– Of!.. Allah rəhmət eləsin. Başımız sağ olsun.
– Amin. Allah razı olsun!..
– İndi sən deyirsən, mən eşidirəm. Xəbərim olmayıb.
– Haradan xəbərin olacaqdı? Sən onda Bakıda həbsxanada idin.
– Hə, elədir.
– Atamın qanına qəltan olmuş cəsədini son nəfəsində yanındakı yoldaşına etdiyi vəsiyyətinə görə şəhid olduğu yerin yaxınlığındakı təpənin üstündə dəfn elədik. Daha sonra siz tərəfdə qazaxlı bir ustaya başdaşı sifariş elədim.
Dediyi vaxtda yanına getdim. Gördüm ki, daşa “şəhid” sözü yazılmayıb, “həlak oldu” yazacaqdı. Onu da mən qəbul eləmədim. İkinci dəfə gedəndə gördüm “Kənd Mühafizə Birliyinin rəisi” də yazılmayıb. Bir də getdim, nə dedimsə “olmaz” cavabını aldım. Axırı bu Novruz bayramında daşı qəbrin üstünə qoymağı qərara aldıq. Daşı gətirdilər. Üzərinə heç kimin başa düşmədiyi ərəb dilində: “1338 hâzâ merkad əl mərhum əl məğfur Məhəmməd İbni Bayram Şıxlı, Ğaferallahu nevvere bihim” yazmışdılar.
Sonradan fərqinə vardım ki, məzar daşının tarixini də səhv yazıblar. Daşın üzərinə onun düzəldildiyi tarixi – 1338 yazmışdılar. Halbuki, ondan əvvəlki il, yəni atamın şəhid olduğu 1337-ci il yazılmalı idi. Qırmızı Ordu bizim bu bölgəni 1337-ci ildə – miladi təqvimlə 1921-ci ildə qılıncdan keçirərək Gürcüstana daxil olub. 1338-ci il isə miladi təqvimlə 1922-ci ilə düşür.
Nə isə, daşı qəbrin üstünə qoyduq. Molla Quran oxudu, Şərif Şikəstə dua verdi. Şirniyyat, meyvə qurusu, halva paylayırdıq ki, milislər gəldi. Məni tutub buraya gətirdilər.
– Keçmiş olsun. Allah Məmməd Babaya rəhmət eləsin. Onlar olmasaydı, elin-obanın namusu, şərəfi yerlə yeksan olacaqdı. Allah onun qalan ömrünü sənə bağışlasın!..
İçəri salındıqdan bəri Həzrət ilə ayaqüstə üz-üzə söhbət eləyən Aloy Hacı özündən ixtiyarsız qazamat dedikləri bu qəribə məkanın hər tərəfinə göz gəzdirdi. Arxasındakı divarın dibində bir adamın büzüşüb oturduğunu gördü. İçəri salınanda gözləri damın alaqaranlığına alışmadığına görə onu görə bilməmişdi. İndi görə bildi.
– Bu adam kimdir?
– Qubalıdır. Neçə gündür buraya salıblar. Danışmaq istəmir.
– ÇeKanın adamı, çekist olmaz ki? – Yox, canım. O qədər işgəncə veriblər ki, bu yazıqda hal qalmayıb. Hər yanı yara yeridir. O da indi bizi ÇeKanın adamı hesab eləyir. Bayırdan səs gəldi. Qıfıla açar salındı. Dəmir qapı açıldı, bu qapıdan adamın başını əymədən içəri girməsi mümkün deyildi. Ayı görkəmli bir milis çəmkirdi:
– A qubalı köpəkoğlu! Bura gəl görüm! “Qubalı” dedikləri adam özünü tarazlamaq istəsə də, yerindən qalxa bilmədi. Vəziyyəti çox ağır idi. Ona qalxması üçün Həzrət yardım elədi. Birtəhər damdan çıxartdılar. Qapı gurultu ilə örtüldü və arxadan kilidləndi. Dustaq damında onların ikisi qalmışdı. İçəri o qədər də aydınlıq deyildi. Bayaq qapı sona qədər açılanda günəş batmış olsa da, damın içi işıqlanmış, divarı-daşı, döşəməsi-tavanı aydın görünmüşdü. Qapı ilə üzbəüz divardakı şüşəsiz, çərçivəsiz pəncərənin içəridəki ağır və üfunətli qoxunu təmizləməyə gücü çatmırdı. Pəncərə boşluğu mişar dişləri kimi girintili-çıxıntılı köhnə təkər əyrisindən düzəldilmiş iki dəmirlə üçə bölünmüşdü. Qoca nəzarətçi əlində tüfəng qapının ağzındakı daşın üstündə oturub keşik çəkirdi. Arxa tərəfdə qalan pəncərədən kimsənin çıxa biləcəyini ağıllarına gətirmədiklərinə görə keşikçi kişi təkcə qapını gözləyirdi. Aloy Hacı tələyə düşüb qəfəsə salınan qurd kimi dustaq damının dörd tərəfini dolanıb götür-qoy edirdi. Bir gecəlik ömürlərinin qaldığını, sabah ölümlə üz-üzə, burun-buruna duracaqlarını yaxşı bilirdi. Ən yaxşı ehtimal bu idi ki, gedər-gələməzə – Sibirdəki əmək düşərgələrindən birinə göndərəcəkdilər. Dustaq damına salınandan bəri divarlarda yoxlamadığı СКАЧАТЬ