Название: Qafqaz qaçaqları
Автор: Ali Kafkasyalı
Издательство: ЖекаПринт
isbn: 978-9952-8451-1-3
isbn:
Bolşevik inqilabı ilə başlayan zülmün 100-cü ilində babam Məmməd Babanın, atam Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edirəm.
Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar.
Məclislərin yuxarı başında əyləşib Oğuz ellərinə boy boylayan, soy soylayan Dədə Qorqud kimi Qafqaz dağları – əfsanəvi adı ilə Qaf dağı da Qafqazın mərkəzindən göylərə baş çəkən bəyaz papağı, Qara dəniz yaxalarından Xəzər sahillərinə, Ərzurum yaylalarından Təbriz həndəvərinə qədər sərilən yaşıl donu ilə Qafqaz xalqlarına göz olub, həyat verməkdədir.
Qafqaz dünyanın boy güzgüsüdür, sinəsində onlarla xalqa yer verir. Minlərcə təbiət xariqəsi: ağaclar, otlar Qafqaz dağlarının ətəklərində, köksündə, çiyinlərində boy atır. Gözlərindən onlarca çeşid sular süzülür. Yaylalarında ceyranlar, göylərində durnalar, göllərində sonalar cövlan eləyir. Qafqaz bəzən bütün səxavəti ilə Anadolu qalasına açılan, bəzən də bütün sərtliyi ilə onun üzünə qapanıb önünü kəsən Türküstan qapısıdır.
Mingöldən qalxan Araz Qafqazı başdan-başa sulaya-sulaya Kürə qoşulub özünü Xəzərə çatdırır. Xalqın dilində bayatıya, mahnıya çevrilir:
Araz, Araz, xan Araz,
Mingöldən axan Araz.
Al başımdan sevdamı,
Xəzərdə çalxan, Araz.
Kür çayı da Qafqazın sinəsi uzunu axır. Göle-Ərdahan yamacından başlayıb Qafqazın sinəsi üstündə bir boyunbağı kimi Xəzər yaxınlığında Araz ilə qol-boyun olub Xəzərə qarışır.
Öncə Gürcüstandan keçən Kür çayı Tiflisi addım-addım dolaşandan sonra Borçalı torpağına yönəlir. Borçalı Gürcüstanın inzibati-siyasi sərhədləri daxilində olan və Qarapapaq – tərəkəmə türklərinin məskunlaşdıq-ları qədim türk yurdudur. Kür çayı Borçalıya qədər tək yataqda sürətlə axdığı halda, sanki Qarayazı, İlməzli, Kosalı, Kəpənəkçi, Nəzərli, Pirvəli obalarından uzaqlaşmaq, ayrılmaq istəmir. Burada onlarla qola ayrılır, onlarla adacıqlar – cələlər yaradır. Qarayazı qoruğunu və ovalığını sulayır. Bu ovalıqdan keçdikdən sonra Azərbaycanın İkinci Şıxlı sərhəd kəndinin ətəyində Azərbaycana daxil olur. Sınıq körpünün altından Azərbaycana keçən Xıram çayı ilə Şıxlı kəndinin alt tərəfində qovuşaraq Poylu körpüsünə qədər uzanan Qarayazı meşəsinin boynuna sarılıb yoluna davam edir.
Azərbaycanın girişində Xıram çayı ilə birlikdə Qozluq adlı ilk meşəlik adanı əmələ gətirən Kür çayı coşub-daşdığı zamanlarda asminoq kimi hər qolunu bir yana uzadaraq Qarayazı meşəsini onlarla adaya ayırır. Kiçikli-böyüklü bu adalarda əmələ gələn və çeşid-çeşid meyvə ağaclarının bitdiyi meşələrdə canavardan çaqqala, ceyrandan cüyürə, qartaldan bülbülə qədər növbənöv vəhşi canlılar yaşayır. Vaxtilə Rusiya çarları bu meşəni xüsusi qoruq elan etmişdilər.
İstər çar Rusiyası, istərsə də Sovet dövründə Türkiyə sərhədinə qədər sıralanıb düzülən Göy dağ, Qaraxaç, Ağlağan, Alagöz, Göyçə dağları ilə birlikdə Borçalı, Qozluq və Qarayazı meşələri də qaçaqların dolanışıq və sığınma məkanları olmuşdur.
Dəllər, Padşahlıq və Sarıvəlli adlı üç şenliyin birləşməsindən əmələ gələn İkinci Şıxlı kəndi Gürcüstan, Ermənistan və Azərbaycan arasındakı üçbucaqda yerləşir. “Sınıq körpü” sərhəd qapısı bu kəndə açılır. Azərbaycan sovetləşməzdən əvvəl Borçalı və Qazax kəndlərinin evlərinin əksəriyyəti yayda sərin, qışda isti olması üçün yarısı yerə qazılı olan damlardan ibarət olmuşdur. El arasında bu evlərə “yer damları” və “qazma damlar” deyirdilər.
Sınıq körpünün şimal-qərbində yerləşən Ağ göl – Candar gölü, Keşiş dağları ilə Sarıyoxuş arasında uzanan ucsuz-bucaqsız geniş qışlaqlar gedib Gürcüstan sərhədinə çıxır. Güneydə Qorça yalından Kəkil dağına və Haçasu, Dilican, Qarakilsə (Kirovakan), Gümrü dağlarına qədər uzanan yaylaqlar isə Ermənistan sərhədləri daxilindədir. Bu bölgə Azərbaycan üçün çox əhəmiyyətli yerdir. Buna görə də Çarlıq dövründə Qazax mahalına başçılıq edənlər bu bölgədə olan qışlaq və yaylaqlardakı təsərrüfatları, müxtəlif təsisatları, əkin və maldarlıq işlərini erməni və gürcü təcavüzlərindən qorumaq üçün İkinci Şıxlı sərhəd kəndində təhlükəsizlik birliyi yaratmışdı. Osmanlı dövlətinin Güneydə və Şərqdə təşkil etdiyi “Həmidiyə alayları” tipində “Kənd Mühafizə Birliyi” adlanan bu güc qurumunun rəhbərliyinə sonradan adı Məmməd Baba kimi anılacaq Məhəmməd Bayram oğlu təyin edilmişdi. Bu birlik yaylaqları, qışlaqları, yataqları və əhalini Gürcüstan və Ermənistan tərəflərdən gələn hücum, qarət, talan və təcavüzlərdən qoruyurdu. Gürcü birlikləri sərhəd kəndlərinə hücum etdiklərinə görə İkinci Şıxlı camaatı digər sərhəd kəndlərinin əhalisi ilə Yuxarı Salahlı ətrafına çəkiləcək, təhlükəsizlik dəstəsi isə onları qoruyan yeganə güc olacaqdı.
1.
Qırmızı Ordunun hücumu və Məmməd Babanın şəhid olması
1917-ci ildə baş vermiş bolşevik inqilabının ardınca 1920-ci ilin aprelində Azərbaycan, həmin ilin dekabrında da Ermənistan Qırmızı Ordu tərəfindən işğal edildi. Rusiyanın tabeliyinə keçib sovetləşməmək üçün müqavimətini davam etdirən Gürcüstanın məsələsi isə növbəti bahara saxlanıldı. Azərbaycan-Gürcüstan çəkişmələrində sərhədə yaxın Borçalı və Qazax kəndlərinin bir hissəsi gürcülərin hücumuna və işğalına məruz qaldı. İşğal edilmiş kənd və qəsəbələrin əhalisi ev-eşiyini qoyub Azərbaycanın içərilərinə, Qazax şəhərinin yaxınlığındakı Yuxarı Salahlı və Ağstafa həndəvərindəki meşələrə çəkildi.
Azərbaycanın ən uc sərhəd kəndi olan və Qırmızı körpünün, digər adı ilə Sınıq körpünün yaxınlığında yerləşən İkinci Şıxlı sakinləri Yuxarı Salahlı qəsəbəsinin cənub-şərqindən axan çayın o üzündəki təpələrin arxasına çəkilib, müxtəlif olacaqlar düzəldib, qışı burada keçirəcəkdilər.
Gün batana yaxın gürcü birliklərinin üstlərinə gəldiyini eşidən İkinci Şıxlının kəndxudası (ona koxa da deyirdilər) ilə ağsaqqalları qapı-qapı gəzərək bir-bir ailə başçılarına, gəlinlərə, qadınlara vəziyyətin nə yerdə olduğunu çatdırırdılar. Gürcü birliklərinin gəlməkdə olduğunu, kəndlərinə hücum edə biləcəklərini, köçmək üçün hər an hazrılıqlı olmalarını, üç dəfə atəş açıldıqda bir saat ərzində kəndin tərk ediləcəyini bərk-bərk tapşırdılar. Qışlaqlarda olan çobanlara və naxırçılara da xəbər göndərildi ki, sürülərin ağzını gündoğan tərəfə, Yuxarı Salahlı meşəsinə döndərsinlər.
Xalqın canına böyük qorxu və əndişə düşmüşdü. Qadınlar, gəlinlər qorxu və təlaşlarını gizlətmirdilər. Əlləri-ayaqları göməşmişdi. Təhlükə hiss edəndə cücələrini qanadlarının altına yığan ana toyuqlar kimi onlar da hər şeydən əvvəl uşaqlarını çağırıb yanlarında saxlayırdılar.
Hər ailənin bir, bəzi varlı-hallı ailələrin isə iki öküz arabası vardı. Ancaq heç ən kiçik ailənin əşyasını da on araba tutmazdı. Böyük ailələrin əşyalarını götürmək üçünsə iyirmi araba da azlıq edərdi. İlk olaraq qış uzunu toxuduqları, ayaq altına salmaq bir yana, divarlara asmağa belə qıymadıqları dünya şöhrətli Qazax xalçalarını, cehiz sandıqlarını, kilimləri, samovarları arabalara yüklədilər. Arabalar qab-qacaq, sac, ocaq əşyaları, yorğan-döşək, paltarlar ilə doldu. Kimi yemək-içmək, kimi də sağın ləvazimatlarını hazırlamaqla məşğul olduğu vaxt bir-birinin ardınca üç dəfə atəş səsləri gəldi. Bu, gürcü birliklərinin kəndə hücuma keçdiyini bildirən işarə idi.
Silah səsləri ilə birlikdə kəndə vəlvələ düşdü. Səs-küy göyə СКАЧАТЬ