Sahibkarın evinə qonaqların gəlişi, təmtəraqlı nahar və şam yeməklərinin hazırlanması Xloya xalanın qəlbində böyük təlatüm yaradır, aynabənddə dağ kimi qalaqlanmış yol sandıqlarını görəndə gözləri sevincindən alışıb yanırdı, çünki bu sandıqlar yeni-yeni zəhmətdən, yeni-yeni qələbələrdən soraq verirdi.
Xloya xala hələ qazana baxmağında olsun, biz isə öz mənzərəmizi sonacan çəkib qurtarmağa çalışaq.
Daxmanın bir küncündə səliqəylə yığışdırılmış çarpayı qoyulub, üstünə qar kimi ağappaq örtük salınıb. Çarpayının önündə isə Xloya xalanın bu aləmdə yeganə adam olmadığına dəlalət edən böyük bir xalça döşənib. Xalça da, çarpayı da, ümumiyyətlə, bütün bu guşə xüsusi diqqətlə əhatə olunub və mümkün qədər uşaqların şuluqluğundan və basqınlarından qorunur. Göründüyü kimi, Xloya xalanın guşəsi qonaq otağını əvəz edir. Daxmanın digər divan önündə o qədər də təmtəraqlı olmayan başqa bir çarpayı da görünür. Sobanın yerləşdiyi divar müqəddəs yazılara həsr olunmuş rəngbərəng litoqrafiyalarla və general Vaşinqtonun1 portretiylə bəzədilmişdir. Bu portret o qədər naşı üslubda işlənmişdi ki, həmin şanlı qəhrəmanın özü bu şəklini görmək şərəfinə nail olsaydı, yəqin xeyli təəccüblənərdi.
Təsvir etdiyimiz o axşam daxmanın bir küncünə qoyulmuş sadə ağac skamyada qəşəng qaragözlü, qıvrımsaç, yumruca sifətləri parpar parıldayan iki oğlan uşağı oturmuşdu. Onlar təzə ayaq açan bir qız uşağının ilk müstəqil addımlarına maraqla tamaşa edirdilər. Qızcığaz ayaq üstə dayanmağa, bir saniyə də olsa müvazinətini saxlamağa çalışır, lakin səndirləyib döşəməyə sərələnirdi, hər dəfə də onun beləcə yıxılması görünməmiş şey kimi sürətli alqışlarla qarşılanırdı.
Sobanın qarşısında tamam köhnəlib əldən düşmüş örtüklü masa vardı. Stolun üstündə bulaşıq, yöndəmsiz kasalar, boşqablar, axşam süfrəsindən qalma digər qab-qacaq gözə dəyirdi. Mister Şelbinin ən yaxşı işçisi Tom dayı bu stolun arxasında əyləşmişdi. Biz onu oxucuya mümkün qədər dolğun təsvir etməliyik, çünki o, kitabımızın baş qəhrəmanı olacaq. Tom dayı hündürboy, qüvvətli, enlikürək, ağıllı, xeyirxah çöhrəli, açıqürəkli bir adamdır. Onun bütün görünüşündə böyük şəxsi ləyaqət, sədaqət və səmimi bir sadəlik duyulur.
Tom dayı diqqətli baxışlarını qarşısındakı qrifel taxtasına zilləyib oturmuşdu. On üç yaşlı müəllimi mister Corcun nəzarəti altında hərfləri yavaş-yavaş qrifel taxtasına düzürdü. Şən və diribaş oğlan olan mister Corc öz müəllimlik işinə tam məsuliyyətlə yanaşırdı:
– Elə yox, Tom dayı, elə yox, – Corc Tom dayının səylə “E” hərfini tərsinə yazdığını görüb tez dilləndi, – bu, “3” rəqəmi olur.
– Vay Allah! Əşşi, doğrudanmı? – Tom dayı, bir-birinin ardınca surətlə “E” hərfini və “3” rəqəmini yazaraq onu yenə başa salmağa çalışan müəllimi hörmət və heyranlıqla süzdü. Sonra qrifeli götürüb öz kobud, yoğun barmaqlarıyla əvvəlki səbirlə yazmağa başladı.
– Bu ağların əlindən daha nələr gəlmir?! –Xloya xala donuz piyini çəngələ keçirib tavadan götürdü, fəxrlə yenə sahibkarı süzdü. – Oxumağın, yazmağın əsil ustasıdır! Axşam olan kimi bizdədir, hələ bir gəlib bizi də öyrədir. Elə maraqlıdır ki, adam qulaq asmaya bilmir.
– Lap acından ölürəm! – Corc dilləndi. – Tort hələ gec hazır olacaq?
– Bu saat, mister Corc, bu saat, – Xloya xala qazanın qapağını aralayıb, ora boylandı, – bax gör necə qızarıb – xalis qızıl kimi! Mənim işimə söz ola bilməz. Bu yaxınlarda missis buyurdu ki, Salli tort bişirsin. Qoy öyrənsin dedi. Mən dedim: “Missis, siz Allah, qoyun oturmuşuq! Bərəkəti çölə atmayın, heyifdi”. Bir görəydiniz, tort necə köpüb qalxdı: böyürdən baxanda lap mənim başmağıma oxşayırdı! – Bu axırıncı nida ilə Sallinin təcrübəsizliyinə öz nifrətini bildirən Xloya xala cəld qazanın qapağını götürdü və evdəkilərin baxışları altında əla bişirilmiş tortu çıxardı. Bu tortla, hətta şəhər qənnadıçısı da fəxr edə bilərdi. O yəqin ki, Xloya xalanın bayaqkı sözlərinə sübut olmalı idi, bundan sonra o, əməlli-başlı şam yeməyi hazırlamağa girişdi.
– Moz, Pit! İtilin buradan, qaracalar! Polli, canım gözüm, bir az gözlə, qızıma da indi yemək verəcəm. – İndi isə mister Corc, kitabı yığışdırın, mənim qocamla əyləşin, bu saat sizə kolbasa və bir dolu boşqab qoğal verəcəm.
– Məni evdə şama gözləyəcəkdilər, – Corc dedi, – ancaq mən də az bilmirəm.
– Hə də, gəlin bir bilməyin, mənim əzizim! – Xloya xala onun boşqabını şirin kökələrlə doldurdu. – Qoca xalanız həmişə ən dadlı tikələri sizə verir… Lap ağ elədiniz ha! Gəlin bir bilməyin də! – Sevincək olmuş Xloya xala bu sözləri deyib Corcun böyrünü dürtmələyərək yenidən ocağa tərəf qaçdı.
– İndi isə torta girişək! –Tava öz qızğın fəaliyyətini başa vuran kimi, Corc iri bıçağı həmin kulinariya incisinin üzərində yellədi.
– Allahdan qorxun, mister Corc! – Xloya xala onun qolundan yapışıb vahiməylə qışqırdı. – Mənim tortumu bu cür böyük bıçaqla kəsmək istəyirsiniz?! Axı, siz onu xarab edərsiniz, bütün gözəlliyini korlayarsınız! Bundan ötrü mənim xüsusi bıçağım var: köhnə, nazik. Budur, alın… Görürsüz? Elə bil pərqu kəsirsən! İndi isə yeyin, nuş olsun! Bundan yaxşı tort heç yerdə tapa bilməzsən!
– Bəs Tom Linken deyir… – Corc ağzını doldurub donquldadı. – Tom Linken deyir ki, onların Cinnisi səndən yaxşı bişirir.
Məgər Linkenləri bizim sahibkarlarla müqayisə eləməyinə dəyərmi?! – Xloya xala nifrətlə cavab verdi. – Söz yox ki, onlar hörmətli, sadə adamlardır, lakin o ki qaldı kübarlığa, onlarda hardandır, axı! Hələ bir mister Linkeni mister Şelbi ilə yanaşı qoyun! Hələ missis Linken? Məgər o mənim xanımım kimi qonaq otağına bir tovuzquşu təki girə bilər? Bir bax a! Nə danışırsınız siz bu Linkenlərdən! – Xloya xala kübar həyata dair biliyinə möhkəm inamla başını dik tutdu.
– Axı, sən özün dedin ki, Cinni pis aşpaz deyil! – Corc sakitləşmədi.
– Doğrudur, – Xloya xala cavab verdi, – mən belə deyə bilərəm. Cinni biclik bilmir, elə adi qayda ilə bişirib-düşürür. Qarğıdalı qoğalı bişirir, çörək yapır, kartof qaynadır. Onun kökələri, Allah bilir, necə bişib başa gəlir lakin yemək olur. СКАЧАТЬ