Tom dayının daxması. Harriyet Biçer-Stou
Чтение книги онлайн.

Читать онлайн книгу Tom dayının daxması - Harriyet Biçer-Stou страница 5

Название: Tom dayının daxması

Автор: Harriyet Biçer-Stou

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Şelbi böyük ağıla və incə qəlbə malik qeyri-adi bir qadındı. Xeyirxahlıq və alicənablıq onda möhkəm etiqadlarla və möminliklə tamamlanırdı, o bunlara bütün ömrü boyu, dönmədən əməl edirdi. Mister Şelbi dini məsələlərə etinasız olsa da, arvadının möminliyini qiymətləndirir və hörmət edirdi. Hətta bir balaca ondan çəkinirdi də. O, arvadının xidmətçiləri oxutmasına, onların qeydinə – qayğısına qalmağına, xeyirxah öyüd-nəsihətlər vərməsinə mane olmurdu. Hərçənd ki, özü bütün bu işlərdən tamam uzaq idi. Dindar adamların xeyirxah əməlləriylə adi bəndələrin də günahlarının bağışlanacağı fikrini təlqin edən doktrinanın qızğın tərəfdarı olmasa da, mister Şelbi, hər halda, zəif bir ümidlə inanırdı ki, arvadının xeyirxahlığı və möminliyi onların hər ikisi üçün artıqlaması ilə kifayətdir və bu onu cənnətlik edəcək.

      Qul alverçisiylə söhbətdən sonra, razılaşdığı sövdələşməni arvadına necə xəbər verəcəyi və onun qəti etirazlarını, inadlı xahişlərini – bu, heç şübhəsiz, olacaqdı, – necə dəf edəcəyi fikri mister Şelbiyə daha çox əziyyət verirdi.

      Missis Şelbi ərinin maliyyə çətinliklərindən xəbərsiz deyildi, ancaq onun yumşaq xasiyyətinə arxayın olduğundan Elizanın şübhələrini bütün səmimiyyətiylə qovub dağıtmışdı. Sonradan bu söhbət onu heç düşündürmədi də və qarşıdakı qonaqlığa hazırlaşaraq, bir dəfə də olsun o söhbətə qayıtmadı.

      II FƏSİL

      ANA

      Eliza lap kiçik yaşlarından xanımın yanında tərbiyə almışdı. Xanım onu çox sevir və əzizləyirdi. Amerikanın Cənub ştatlarına yolu düşən səyyahlar, yəqin ki, kvarteron və mulat qadınlara xas olan zərifliyi, onların səsindəki və ədalarındakı incəliyi müşahidə eləyiblər. Kvarteronlarda bu təbii keyfiyyətlər çox vaxt qənirsiz bir gözəllik və mətanətlə qovuşur. Haqqında danışdığımız Eliza da bax belə bir gözəldir. Siz onu müəllif fantaziyasının məhsulu hesab etməyin, o, doğrudan mövcuddur. Biz onunla bir neçə il əvvəl Kentukkidə qarşılamışdıq, indi onun surətini yaddaşımızda canlandırmaq istəyirik. Gözəllik kölə qadınlar üçün taleyin fəlakətli bir bəxşişi idi, lakin xanımının etibarlı mühafizəsi və qayğısı sayəsində Eliza acı məhrumiyyətlərə düçar olmamışdı.

      Eliza böyüyüb yetkinləşəndə missis Şelbi onu qonşu malikanənin qulu Corc Harris adlı gözəl, qabiliyyətli bir cavan mulata ərə verdi.

      Sahibkar bu cavan qulu giş fabrikinə vermişdi. İti ağlı və fərasəti Corcu orada fəhlələr arasında birinci yerə çıxarmışdı. Texniki ixtiraçılıq təhsili və təcrübəsi olmaya-olmaya Corc çətənə təmizləyən maşın icad etmişdi. Bu onun böyük istedadından xəbər vərirdi və gənc mulatın adını pambıqtəmizləyən Uitni* maşınının yaradıcısı ilə bir sıraya qaldırırdı.

      Öz cazibədar görkəmi və nəzakəti ilə Corc fabrikdə hamının hörmətini qazanmışdı. Lakin bu istedadlı cavan mulat qanun qarşısında insan yox, sadəcə bir əşyaydı, köntöy, dar düşüncəli və qəddar bir sahibkarın ixtiyarında idi. Corcun kəşfindən xəbər tutan həmin centlmen, ona böyük şöhrət gətirən ağıllı köləsini görmək üçün fabrikə yollandı. Fabrik sahibi onu böyük hörmətlə qarşılayıb, belə qiymətli bir köləyə sahib olduğu üçün təbrik elədi.

      Mister Harris bütün fabriki dolandı. Corc icad etdiyi maşını fəxrlə ağasına göstərdi. Köləsinin sərbəstliyi, cəsarəti və gözəlliyi sahibkarı mat qoydu və o, bu qulun qarşısında öz puçluğunu hiss etməyə bilmədi. Bu nədir, onun köləsi istədiyi yerdə çəkinmədən azad gəzib dolaşır, maşın icad eləyir və ağlarla tay-tuş kimi söhbətə girişməyə cəsarət edirdi?! Buna son qoymaq lazım idi. Tezliklə onu burdan götürüb çöl işlərinə göndərməli – görək onda da indiki kimi özündən deyə biləcəkmi?

      Sahibkar birdən-birə mulata çatacaq məvacibi və onun evə qaytarılmasını tələb edəndə fabrik sahibinin və Corcla çalışan bütün işçilərin təəccübünü təsəvvür etmək mümkün deyil.

      – Bu nə deməkdir, mister Harris? – fabrik sahibi etiraz etdi, – bu bizim üçün çox gözlənilməz oldu!

      – Nə olsun ki? Axı o mənimkidir!

      – Biz onun aylığını artırmağa hazırıq, ser.

      – Məsələ onda deyil, ser. Adamlarımı başqa yerlərə işə göndərməyə mənim heç bir ehtiyacım yoxdur.

      – Lakin, ser, o, əsl bu iş üçün yaranmışdır!

      – Tamamilə mümkündür. Mənim qoyduğum işə isə yaramır, eləmi?

      – Axı, Corc maşın icad edib! – Ustalardan biri, deyəsən, yersiz olaraq söhbətə qarışdı.

      – Ah, maşın! Elə maşın ki, əməyə qənaət edir, zəhməti azaldır, hə? Belə şey ağlına tez gələr. Zəncilər sarıdan arxayın olun. Əməyə qənaətdə pərgardılar. Yox, qoy yığışıb hazırlaşsın evə.

      Corc yerindəcə quruyub qalmışdı, dayanıb müqavimət göstərə bilmədiyi bir adamın onun taleyini necə həll etməsinə tamaşa eləyirdi. Dodaqları bir-birinə kip sıxılmış, əlləri qoynunda qalmışdı. İçində vulkanlar qaynayır, damarlarından odlu lava selləri axırdı. O ağır-ağır nəfəs alır, gözləri qızarmış kömürtək yanırdı. Bir saniyə də keçsəydi, qəzəbi partlayacaqdı… Xeyirxah fabrik sahibi vaxtında onun qolundan tutdu və yavaşca dedi:

      – Mübahisəni boşla, Corc, dur get, biz sonra birtəhər qurtararıq səni.

      Bu, despotun nəzərindən qaçmadı; o, sözləri eşitməsə də, söhbətin nədən getdiyini başa düşdü və nəyin bahasına olur-olsun, öz qurbanı üzərində sahibkar hökmünü axıracan yeritməyi qərara aldı.

      Corcu evə apardılar və ən çətin bir işə qoydular. O susur, heç bir nalayiq söz işlətmirdi, lakin yanar gözlərinin və əsəbdən qırış-qırış olmuş alnının narahat ifadəsi insanı əşya etməyin qeyri-mümkünlüyünə açıq-aşkar bir sübut idi.

      Eliza Corcla, onun fabrikdə işlədiyi o xoşbəxt günlərdə rastlaşıb ailə qurmuşdu. Fabrik sahibi Corca mərhəmət göstərib ona tam müstəqillik vermişdi. Missis Şelbi elçiliyə, qadınlara xas olan bir həvəslə girişərək, bu nikahı ürəkdən bəyənmişdi. Sevinirdi ki, onun mehribanı, sevimlisi özünə yaraşan bir ər tapıb.

      Onların kəbinini Şelbilərin təmtəraqlı qonaq otağında kəsdilər. Gəlinin gur saçlarını narın çiçəkləriylə xanım özü bəzədi, gəlinlik duvağını onun başına saldı, bu duvağa indiyəcən çətin ki, belə gözəl, cazibədar bir çöhrəni bəzəmək qismət olmuşdu. Bu şənlikdə gəlinin və ona böyük mərhəmət göstərən xanımın tərifini göylərə qaldıran qonaqlar da, ağ əlcəklər də, tort da, cürbəcür şərablar da kifayət qədər idi.

      Eliza ilk iki ili əriylə СКАЧАТЬ