– Corc! Sən də buna razı oldun, eləmi?
– Mən? Sən nədən danışırsan? Heç məndən soruşan oldumu, de. Onlar Tomla birgə yazıq Karlonu suya atıb daşlamağa başladılar, o isə elə yazıq-yazıq baxırdı mənə, sanki soruşurdu: “Nolub, niyə kömək eləmirsən?” Yenə də döyülən mən oldum: iti suda boğmaq istəmədiyimə görə. Qoy döysünlər! Gün gələr, sahibkar anlayar ki, mənim kimilərini kötəklə ram etmək olmaz. Qoy özünü gözləsin, yoxsa, onunçün pis olacaq!
– Sən nə fikirləşmisən, Corc? Qəlbini günaha batırma! Ümidini Allaha bağla, o səni bu bəlalardan qurtarar.
– Mən sən deyən mömin xaçpərəst deyiləm, Eliza. Mənim ürəyim kinlə doludur. Əgər Allah belə ədalətsizliyə göz yumursa, mən ona ümid bağlaya bilmərəm.
– İnamı itirmək olmaz, Corc! Mənim xanımım deyir ki, hətta ən ağır günümüzdə belə biz inanmalıyıq ki, Allah nə eləyirsə, bizim xoşbəxtliyimiz naminə eləyir.
Faytonlarda gəzən və yumşaq divanlarda nazlananlar üçün belə demək asandır! Mənim yerimdə olsaydılar, onlar ayrı hava çalardılar. Mən məmnuniyyətlə xeyirxah, yaxşı adam olardım, ancaq alınmır. Ürəyim sinəmdə qovrulur, itaət edə bilmirəm. Sənə deyilməli sözlərim var, eşitsən sən də tabe olmayacaqsan. Sən hələ çox şeylərdən xəbərsizsən.
– Aman Allah! Sən nədən danışırsan?
Bax, məsələ belədir. Axır vaxtlar sahibkar tez–tez eşitdirirdi ki, guya nahaq yerə mənim kənardan evlənməyimə razılıq verib, çünki o, mister Şelbiyə və onun bütün dostlarına nifrət edir, guya onlar təkəbbürlüdürlər və onunla dostluq etmək istəmirlər, mən de guya sənə görə dikbaşlıq edirəm. O, məni hədələyirdi ki, bir daha bura buraxmayacaq, özümü də bizimkilərdən birilə evləndirəcək. Əvvəllər bunları boş hədə-qorxu kimi qəbul edirdim, ancaq dünən mənə Minayla evlənməyi və onun daxmasına yığışmağımı əmr elədi. Razı olmasam, Cənuba satacağıyla hədələdi.
– Axı, sən mənimlə kəbinlisən, nikahımızı da ağlarınkı kimi, keşiş kəsib! – Eliza sadəlövhcəsinə dilləndi.
Bəs sən bilmirsənmi ki, qul evlənə bilməz? Bizim ölkədə qanun onu müdafiə eləmir. Əgər sahibkar bizi ayırmaq istəsə, mən səni qoruya bilməyəcəm. Bax, buna görə deyirəm: niyə rastlaşdıq biz, anam niyə doğurdu məni?! Biz də, bizim bədbəxt balamız da heç doğulmasaydı daha yaxşı olmazdımı? Bəlkə onu da belə bir aqibət gözləyir!
– Ola bilməz! Mənim ağam mərhəmətlidir!
– Elədir, ancaq kim bilir sonra nələr olacaq? Birdən o ölə bilər, onda Harrini satacaqlar. Biz indi necə sevinə bilərik ki, oğlumuz belə qəşəngdir, ağıllıdır? Budur, deyirəm sənə, Eliza, bu övladın indi sənə bəxş elədiyi hər xoşbəxt dəqiqə sonra göz yaşlarıyla yuyulacaq. Biz bu qiymətli xəzinəni qoruyub saxlaya bilməyəcəyik…
Bu sözlər Elizanı düz ürəyindən yaraladı. Qul alverçisi canlanıb gözləri önündə dayandı. Ağappaq ağarıb güclə nəfəsini dərdi, aynabəndə sarı boylandı, oğlu ata-anasının ciddi söhbətlərindən bezikərək qaçıb aynabəndə getmişdi. O indi təntənəylə öz qarğı atını minib çapırdı. Eliza az qaldı öz intəhasız şübhələrini ərinə danışsın, ancaq vaxtında özünü saxlaya bildi. “Xeyr! Öz dərdi özünə bəsdi, – fikirləşdi. – Ona heç nə deməyəcəyəm. Bunlar hamısı mənasız qorxulardır. Missis bizi heç vaxt aldatmaz”.
– Bax, belə, Eliza, – Corc acı bir qüssəylə dilləndi, – mətanətli ol, mənim əzizim… – Əlvida, mən gedirəm.
– Gedirsən, Corc? Hara?
– Kanadaya, – o, çiyinlərini tərpədərək cavab verdi, – ora çatan kimi pul verib səni qurtaracağam. Bu, bizim yeganə ümidimizdir. Sənin sahibkarın mərhəmətlidir, məni rədd etməz. Mən səni də, oğlumuzu da azad edəcəyəm… And içirəm ki, azad edəcəyəm!
– Aman Allah! Birdən səni tutsalar, Corc?
– Tutmazlar. Mən diri təslim olmaram. Ya öləcəyəm, ya azadlığa çatacağam!
– Sən özünə qəsd edəcəksən?
– Bu lazım gəlməyəcək. Onlar özləri məni öldürəcəklər, çünki Cənuba satılmağıma yol vərməyəcəyəm.
– Corc! Qəlbini günaha batırma, heç olmasa mənim xətrimə! Nə özünü məhv et, nə də başqalarını! Nəfsin böyükdür, bilirəm, ancaq uyma ona. Qaçmağı qərara almısansa, qaç, lakin ehtiyatlı ol! Tanrıya yalvar ki, kömək olsun sənə!
– Dayan, Eliza! Qulaq as, gör mən necə qərara gəlmişəm. Sahibkar məni məktubla burdan bir mil aralıda yaşayan, Mister Simzanın yanına göndərib. O, yəqin fikirləşib ki, mən səni görüb hər şeyi danışacağam və bunun üçün sevinir, axı, o, ancaq “bu Şelbilərin” qanını qaraltmaq istəyir. Mən məyus və lal-dinməz evə qayıdacağam, başa düşürsən? Guya hər şey bitib, qurtarıb. Qaçmağa, demək olar, tam hazıram, kömək edəcək adamlarım da var. Bir-iki həftə axtaracaqlar, tapmayacaqlar məni. Allaha yalvar, Eliza, xeyir-dua ver mənə, bəlkə sənin yalvarışlarını göylər eşitdi.
– Corc! Özün dua et! Tanrıya tapın, o səni bütün günahlardan hifz edər.
– İndi isə salamat qal, – deyib, Corc Elizanın əllərini əlinə aldı və uzun müddət onun gözlərinin içinə baxdı.
Onlar lal-dinməz dayanmışdılar. Vida anlarında deyilən bir neçə kəlmə, acı göz yaşları, hönkürtülər. Bir də görüşə bilmək ümidi hörümçək torundan da nazik olanda məhz bu cür vidalaşır adamlar. Və ər-arvad bir-birindən beləcə ayrıldı.
IV FƏSİL
TOM DAYININ KOMASINDA AXŞAM
Tom dayı sahibkarın evinin lap yanında, tirdən tikilmiş balaca komada yaşayırdı. Komanın qabağında hər cür qayğıyla becərilən kiçik bir bağça salınmışdı. Hər yay burada çiyələk, moruq, çoxlu giləmeyvə və tərəvəz yetişirdi. İri, parlaq-narıncı beqoniyalar, sürünən qızılgüllər bir-birinə sarmaşaraq komanın tir fasadını, demək olar, görünməz etmişdilər. Birillik gülümbaharlar, petunyalar və mina çiçəkləri də bu bağçada özlərinə yurd salmışdılar. Açılan əlvan, sıx çiçəklərdən Xloya xala böyük zövq alır və qəlbi qürurla dolurdu.
İndi isə, oxucu, gəlin komaya daxil olaq.
Sahibkarın evində şam yeməyi qurtarmışdı. Baş aşpaz kimi bu şamın hazırlanmasına СКАЧАТЬ