Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi
Автор: Карл Генрих Маркс
Издательство: JekaPrint
isbn: 978-9952-8245-3-8
isbn:
Burjua iqtisadının kateqoriyaları da məhz bu cür formalardan ibarətdir. Bunlar tarixən müəyyən olan məlum ictimai istehsal üsulu – əmtəə istehsalı şəraitindəki istehsal münasibətləri üçün ictimai əhəmiyyətə malik və, deməli, obyektiv təfəkkür formalarıdır. Buna görə də biz başqa istehsal formalarına keçdikdə, əmtəə aləminin bütün mistikliyi, əmtəə istehsalının hökm sürdüyü şəraitdə əmək məhsullarını duman kimi bürüyən bütün möcüzə və xülyalar, – bunların hamısı dərhal aradan qalxır.
Siyasi iqtisad robinzonadaları sevdiyinə görə33, hər şeydən əvvəl, Robinzonu öz adasında təsəvvür edək. O öz adətləri cəhətdən nə qədər təvazökar olsa da, hər halda müxtəlif tələbatı ödəməli və buna görə də cürbəcür faydalı işlər görməlidir: alətlər düzəltməli, mebel hazırlamalı, vəhşi dəvəni əhliləşdirməli, balıq tutmalı, ovla məşğul olmalıdır və i. a. Biz ibadət və s. haqqında hələ danışmırıq, çünki bizim Robinzon bundan zövq alır və bu qəbil işləri istirahət hesab edir. Öz məhsuldar vəzifələrinin müxtəlifliyinə baxmayaraq o bilir ki, bunların hamısı ancaq eyni bir Robinzonun fəaliyyətinin müxtəlif formalarıdır, deməli, insan əməyinin ancaq müxtəlif növləridir. Zərurət üzündən o, öz iş vaxtını müxtəlif vəzifələr arasında dürüst bölüşdürməlidir. Onun məcmu fəaliyyətində bu və ya başqa bir vəzifənin çox və ya az yer tutacağı müəyyən faydalı nəticəni əldə etmək üçün onun çox və ya azmı çətinliyi aradan qaldırmalı olacağından asılıdır. Təcrübə ona bunu öyrədir və batan gəmidən saat, mühasibat dəftəri, mürəkkəb və qələmi xilas etmiş bizim Robinzon, əsil bir ingilis kimi, dərhal öz haqq-hesabını aparmağa başlayır. Onun avadanlıq siyahısına əlində olan istehlak şeyləri, bunları istehsal etmək üçün lazım gələn müxtəlif əməliyyat daxildir, nəhayət, orada bu müxtəlif məhsulların müəyyən miqdarını hazırlamaq üçün orta hesabla sərf ediləcək iş vaxtı göstərilmişdir. Robinzonla onun özünün hazırladığı sərvəti təşkil edən şeylər arasındakı bütün münasibətlər o qədər sadə və şəffafdır ki, bunu hətta c-b Maks Virt beynini o qədər də yormadan dərk edə bilərdi. Bununla belə, həmin münasibətlərdə dəyərin artıq bütün mühüm tərifləri vardır.
Lakin Robinzonun işıqlı adasını tərk edib Avropanın orta əsrlərdəki qaranlıq dövrünə keçək. Bizim bu müstəqil adamın əvəzinə burada hamısı asılı olan adamlar: təhkimlilər və feodallar, vassallar və süzerenlər, camaat və keşişlər olduğunu görürük. Burada istər maddi istehsaldakı ictimai münasibətlər, istərsə həmin istehsala əsaslanan həyat sahələri şəxsi asılılıqla bağlıdır. Lakin bu cəmiyyətin əsasını məhz şəxsi asılılıq münasibətləri təşkil etdiyinə görə, əmək və məhsullar öz real varlığından fərqli bir fantastik forma almalı olmur. Bunlar ictimai dövrana natural xidmətlər və natural mükəlləfiyyətlər kimi daxil olur. Burada əməyin bilavasitə ictimai formasını heç də əmtəə istehsalı əsasında qurulan cəmiyyətdəki kimi əməyin ümumiliyi deyil, onun natural forması, onun xüsusiyyəti təşkil edir. Əmtəə istehsal edən əmək kimi, biyar əməyi də vaxtla ölçülür, lakin hər bir təhkimli bilir ki, öz ağası üçün işləyərkən öz şəxsi iş qüvvəsinin müəyyən qədərini sərf edir. Onun keşişə verməli olduğu əşər keşişdən aldığı xeyir-duadan müqayisə edilməz qədər aydın bir şeydir. Beləliklə, orta əsrlərdə insanlar bir-biri ilə qarşılaşdıqda onların üzündəki xarakterik maskalar hər necə qiymətləndirilsə də, insanların öz əməyində onların ictimai münasibətləri hər halda burada şeylərin, əmək məhsullarının ictimai münasibətləri cildinə girməyib məhz insanların öz şəxsi münasibətləri kimi meydana çıxır.
Ümumi əməyi, yəni bilavasitə ictimailəşmiş əməyi tədqiq etmək üçün bu əməyin bütün mədəni xalqların tarixi başlanarkən təsadüf etdiyimiz ibtidai formasına qayıtmağımıza ehtiyac yoxdur. Öz istehlakı üçün taxıl, mal-qara, iplik, kətan, geyim şeyləri və i. a. istehsal edən kəndli ailəsinin patriarxal kənd istehsalı bizə daha yaxın bir misal verir. Bu müxtəlif şeylər həmin ailəyə öz ailə əməyinin müxtəlif məhsulları kimi qarşı durur, lakin bu şeylər bir-birinə əmtəə kimi qarşı durmur. Bu məhsulları yaradan müxtəlif işlər: tarlanın becərilməsi, mal-qaraya baxılması, əyiricilik, toxuculuq, dərzilik və i. a. öz natural formasında olan ictimai funksiyalardır, çünki bunlar, əmtəə istehsalında olduğu kimi, təbii surətdə meydana gəlmiş öz əmək bölgüsü olan ailənin daşıdığı funksiyalardır. Cins və yaş fərqləri, habelə ilin fəsillərinə görə təbii əmək şəraitinin dəyişilməsi ailə üzvləri arasında əmək bölgüsünü və ayrılıqda hər bir ailə üzvünün iş vaxtını tənzim edir. Lakin fərdi iş qüvvələrinin vaxtla ölçülən məsrəfi burada artıq lap əvvəldən həmin işlərin özünün ictimai tərifi kimi meydana çıxır, çünki burada fərdi iş qüvvələri lap əvvəldən ailənin məcmu iş qüvvəsinin ancaq orqanları kimi fəaliyyət göstərir.
Nəhayət, müxtəliflik xatirinə, ümumi istehsal vasitələri ilə işləyən və planauyğun surətdə [zelbstbewusst] öz fərdi iş qüvvələrini bir ictimai iş qüvvəsi kimi sərf edən sərbəst insanlar ittifaqını təsəvvürə gətirək. Robinzon əməyinin bütün tərifləri burada təkrar olunur, lakin fərdi miqyasda deyil, ictimai miqyasda təkrar olunur. Robinzon əməyinin bütün məhsulları ancaq onun şəxsi məhsulu idi və, deməli, onun özü üçün bilavasitə istehlak şeyləri idi. Sərbəst insanlar ittifaqının bütün əmək məhsulu ictimai məhsuldur. Bu məhsulun bir hissəsi yenidən istehsal vasitələri xidməti görür. Həmin hissə ictimai məhsul olaraq qalır. Lakin digər hissə ittifaq üzvləri tərəfindən yaşayış vasitələri kimi istehlak olunur. Buna görə də həmin hissə onların arasında bolüşdürülməlidir. Bu bölüşdürmənin üsulu ictimai istehsal orqanizminin öz xarakterinə və istehalçıların tarixi inkişaf pilləsinə uyğun olaraq dəyişiləcəkdir. Yalnız əmtəə istehsalı ilə müqayisə üçün fərz edək ki, yaşayış vasitələrində hər bir istehsalçının payı onun iş vaxtı ilə müəyyən edilir. Bu şəraitdə iş vaxtı iki cür rol oynayardı. Onun ictimai-planauyğun surətdə bölüşdürülməsi müxtəlif əmək funksiyaları ilə müxtəlif tələbat arasında lazımi nisbət yaradır. Digər tərəfdən, iş vaxtı eyni zamanda məcmu əməkdə və, deməli, bütün məhsulun fərdi surətdə istehlak edilən hissəsində istehsalçıların fərdi iştirakı üçün bir ölçüdür. Burada insanların öz əməyinə və öz əmək məhsullarına olan ictimai münasibətləri həm istehsalda, həm də bölgüdə son dərəcə aydındır.
Əmtəə istehsalçıları cəmiyyətinin ümumi ictimai istehsal münasibəti ondan ibarətdir ki, burada istehsalçılar öz əmək məhsullarına əmtəə kimi, deməli, dəyər kimi yanaşırlar və bu şey formasında onların xüsusi işləri bir-birinə bərabər СКАЧАТЬ
33
2-ci nəşrə qeyd. Hətta Rikardo da öz robinzonadasına əl atmadan keçinə bilməmişdi. “O, ibtidai balıqçı ilə ibtidai ovçunu məcbur edir ki, əmtəə sahibləri olmaq etibarı ilə onlar balıqla quşu bu mübadilə dəyərlərində maddiləşmiş iş vaxtına mütənasib surətdə dərhal mübadilə etsinlər. Həm də o, belə bir anaxronizmə qapılır ki, ibtidai balıqçı ilə ibtidai ovçu öz əmək alətlərini hesaba alarkən 1817-ci ildə birjasında işlənən illik faiz ödənişləri cədvəllərindən istifadə edir. “Cənab Ouenin naraleloqramları“, deyəsən, burjua cəmiyyəti formasından başqa ona məlum olan yeganə cəmiyyət forması idi“ (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, Berlin, 1859, səh. 38, 39. [bax: K, Marks və F. Engels, Əsərləri. İknnci nəşri, 13-cü cild, səh. 46–47]).