Onlar tam sükut işərisində iki məhəllə getdikdən sora Stella dedi:
– Deyəsən, bu gün sənin kefin yaxşı deyil?
Küçələr qaranlığa bürünmüşdü və onların kərpic döşənmiş səki üzərindəki addımları gecənin sakitliyində boğuq əks-səda verirdi.
– Yox, nə üçün? Mən özümü çox yaxşı hiss edirəm, – deyə Yucin qaşqabaqlı cavab verdi.
– Məncə, Veymergildə çox yaxşı keçdi. Orada yığıncaqlar həmişə çox şən keçir.
– Bəli, olduqca şən! – deyə Yucin təhqiranə cavab verdi.
Stella hirsləndi:
– Sən belə tikanlı olma! Sənin məndən küsməyinin heç bir səbəbi yoxdur!
– Sən elə düşünürsən?
– Bəli, heç bir səbəbi yoxdur.
– Nə deyim, sən özün daha yaxşı bilərsən. Lakin mən buna başqa cür baxıram.
– Bilirsənmi, sənin buna necə baxmağının mənim üçün heç bir fərqi yoxdur.
– Eləmi?
– Bəli, elə!
Qız acıqla başını qaldırdı.
– Elə isə mənim üçün də heç bir fərqi yoxdur.
Yenidən sükut başladı və demək olar ki, Stellagilin evinə qədər davam etdi.
– Sən cümə axşamı balda olacaqsanmı? – deyə Yucin soruşdu.
O, metodist kilsəsinin təşkil etdiyi ziyafəti nəzərdə tuturdu. Bu şənlik özlüyündə heç də onu maraqlandırmırdı, lakin bu ona Stella ilə görüşmək və onu evə ötürmək imkanı verirdi. Yucin bu sualı onların başı üstünü alan ayrılıqdan qorxduğu üçün vermişdi.
Stella:
– Yox, – dedi. – Çətin.
– Nə üçün?
– Həvəsim yoxdur.
– Sən nə kinlisən! – deyə Yucin onu məzəmmətlədi.
– Çox əcəb! – deyə Stella cavab verdi. – Məncə, sən ağalıq etməyi çox sevirsən. Doğrusunu desək, sən çox da mənim xoşuma gəlmirsən.
Məşum bir hiss Yucinin ürəyini sıxdı. O inadla:
– Bildiyin kimi et, – dedi.
Onlar Stellagilin həyət qapısına çatdılar. Burada onlar adətən uzun müddət kölgədə durar və Yucin, Stellanın etirazına baxmayaraq, bərk-bərk onu qucaqlayardı. O, indi də səbrsizliklə bu dəqiqəni gözləyirdi, lakin qız onu qabaqladı. Qapıya çatan kimi cəld onu açıb bağçaya daxil oldu və oradan:
– Gecən xeyrə qalsın! – deyə səsləndi.
Yucin:
– Gecən xeyrə qalsın, – dedi və Stella ev qapısına çatdığı zaman, – Stella! – deyə çağırdı.
Evin qapısı açıq idi, qız tez evə keçdi. Yucin özünü itirmiş, kədərlənmiş, acıqlı və hərəkətsiz halda qaranlıqda dayanmışdı. İndi o nə etsin? O asta addımlarla evə yollandı və yolda necə rəftar edəcəyi barədə düşünməyə başladı: ona fikir verməsinmi, qız onun yanına qayıdana qədər ondan qaçsınmı, yaxud görüşməyə və qəti izahat almağa çalışsınmı? Stella haqlı deyildi – Yucin elə bu fikirlə yuxuya getdi və ertəsi gün də bu fikir onu tərk etmədi.
Yucin mürəttiblik işində xeyli sürətlə irəliləyirdi. O repartyorluq sənətində də öz qüvvəsini sınayaraq, onun üçün nəzərdə tutulmuş bu sənətdə səy və maraqla işləyirdi. O çox vaxt pəncərədən gördüyü lövhələri çəkirdi, lakin Stella ilə mübahisəsindən sonra bu işlə əvvəllər olduğu kimi həvəslə qalan bir yığın müxbir məktubunu, yaxud yenicə onun kassasının yanında mıxdan asılmış teleqramı yığmağa başlamaq onun xoşuna gəlirdi. Uilyams ona yerli xronika şöbəsi üçün tapşırıq verməyi sınadı, lakin Yucin ağır işləyirdi, o bu sahədə işləyə bilməzdi.
Ona bir kəsdən məlumat almağı təklif etdikdə, o, redaksiyaya başqa mənbələrdən əlavəyə ehtiyacı olan materiallar gətirirdi. Uilyams onunla nə qədər əlləşdisə, Yucin mahiyyət etibarilə qəzetin tələbləri səviyyəsinə qalxa bilmədi və vaxtının çox hissəsini öz kassası arxasında keçirdi. Bununla belə, bəzi şeylər öyrəndi.
Elə onun reklam işinin mahiyyətindən baş çıxarmağa başlaması məsələsini götürək. Yerli alverçilər hər gün eyni elanları çap etdirirdilər, onların mətni, demək olar ki, dəyişilmirdi. Yucin, Layl ilə Sammersin aylarla heç bir dəyişikliyi olmadan çap olunan reklamları götürüb bir-iki söz dəyişərək, yenidən sinkoqrafiyaya verdiklərini görürdü. Bu etinasızlıq onu heyrətləndirirdi. Bu reklamlar, nəhayət, yoxlanmaq üçün onun əlinə gəldikdə onda çox vaxt onları dəyişdirmək həvəsi doğururdu – onlar çox quru dildə yazılırdı.
Bir dəfə o, Layldan soruşdu:
– Nə üçün elanlara balaca şəkillər verməyək? Necə bilirsiniz bunun elanlara xeyri olmazmı?
– Hm! Doğrusu, bilmirəm, – deyə Layl cavab verdi. – Məncə belə də keçər. Belə yeniliklər buranın əhalisinə xoş gəlməz. Oxucular bunu ləyaqətli hesab etməzlər.
Yucin jurnal reklamlarını nəzərdən keçirir və bunları müqayisəedilməz dərəcədə təsirli hesab edirdi. Nə üçün qəzet reklamları da dəyişdirilməsin?
Lakin burada, görünür, heç kəsin onun məsləhətlərinə ehtiyacı yox idi. Müştərilərlə mister Berces özü məşğul olurdu. Elanların nə cür olacağını o həll edirdi. O heç bir zaman nə Yucinlə, nə də Sammerslə məsləhətləşmirdi. Ancaq bəzən Uilyams mister Bercesin tələbi ilə onlara əvvəlcədən göstərişlər verirdi.
Yucin hələ o qədər cavan idi ki, əvvəllər Uilyams ona heç fikir vermirdi. Lakin bu gənclə yaxından tanış olduqda bu, ya başqa məsələni ona məmnuniyyətlə izah etməyə başladı: nə üçün bəzi xəbərlər qısa, bəziləri isə geniş olmalıdır; nə üçün onların dairəsinə – Aleksandriya ətrafında olan şəhərciklərə və onların sakinlərinə – aid olan xəbərlər, maliyyə nöqteyi-nəzərindən qəzet üçün Türkiyə sultanının ölümü haqqındakı ən mötəbər hesabatdan daha çox əhəmiyyətlidir. O deyirdi: – Ən əhəmiyyətlisi budur ki, yerli əhalinin ad və soyadları təhrif olunmasın
СКАЧАТЬ