Yucin cavab vermədi. Stella çiyni üstündən ona bir nəzər saldı. O lap qıza tərəf əyildi.
– Deməli, siz qışda mənimlə sürüşəcəksiniz? – deyə o çox mənalı sürətdə soruşdu.
Stella başı ilə təsdiq etdi.
Mirtl otağa daxil oldu.
– Siz burada nə barədə söhbət edirsiniz? – deyə soruşdu.
– Bizim yerlərdə konki gəzintiləri barəsində, – deyə Yucin cavab verdi.
Mirtl səsləndi:
– Mən konkidə sürüşməyi yaman sevirəm.
Stella:
– Mən də, – dedi. – Bundan yaxşı nə ola bilər!
İKİNCİ FƏSİL
Bu hadisələrdən sonra gələn aşiqlik dövrünün – o nə qədər ötəri olsa belə – bəzi epizodları Yucinin xəyalında dərin iz buraxdı. Çox keçmədən qar yağdı. Yaşıl göl dondu və onlar Stella ilə birlikdə buz meydançasına getməyə başladılar. Havalar yaxşı keçirdi. Şaxtalar o qədər davam etdi ki, buz ehtiyatı toplanan Miller-Poynta arabalarla gəlir və xüsusi mişarla bir fut qalınlığında buz parçaları kəsirdilər. Sitayiş günündən sonra demək olar ki, hər axşam məktəblilər – oğlanlar və qızlar dəstə ilə su böcəkləri kimi buzun üzərinə qaçışırdılar. Yucinin həmişə boş vaxtı olmurdu, bəzi axşamlar və şənbə günü o, dükanda atasına kömək etməli olurdu. Lakin hər dəfə axşam boş vaxtı olan Mirtl onun xahişi ilə Stellanı çağırır və onlar bir yerdə sürüşməyə gedirdilər. Bəzən o, qızı ikilikdə getməyə dəvət edir və qız da çox vaxt razı olurdu.
Bir dəfə onlar gölün üzərində sürüşərkən, yamacına bir yığın kiçik evlər sığınan yüksək sahilə gəlib çıxdılar. Ay doğmuşdu, onun sehrli şüaları buz səthinin aynasında əks olunurdu. Sahili haşiyələyən ağacların qara cəngəlliyi arasından pəncərələrin sarı, mehriban işıqları sayrışırdı. Başqalarını çoxdan ötüb keçən Yucin və Stella geri dönmək qərarına gəldilər. Qızın qızılı saçlarını toxunma papaq örtürdü, papağın altından bir neçə teli görünürdü: sağrısına qədər uzanan ağ yun sviteri, qalın boz mahud yubkası onun bədəninə kip yapışırdı. Corabları üstündən ağ yun qamaş geymişdi. Bu axşam o, xüsusilə gözəl idi və özü də bunu bilirdi.
Bu iki gənc konkilərini geri döndərərkən Stella qışqırdı. Onun konkisi açılmışdı.
Yucin:
– Dayanın, – dedi, – mən bu saat düzəldərəm.
Stella onun qarşısında durdu, Yucin isə dizlərini yerə qoyaraq boşalmış qayışı açmağa başladı. O, konkini çıxararaq gözlərini qaldırdı, qız da gülümsəyərək ona baxdı. Yucin konkini əlindən yerə saldı, qollarını qıza dolayaraq başını onun belinə qoydu.
Stella:
– Nə pis adamsan, – dedi.
Lakin o özünü gözəl bir əfsanənin füsünkar qəhrəmanı hiss edərək, müqavimət göstərmədi.
O, Yucinin başından yun şlemi dartaraq əlini onun saçlarına çəkdi. Yucin elə xoşbəxt idi ki, az qala gözlərindən yaş axacaqdı. Bununla belə, bu hərəkət onda alovlu ehtiras oyatdı. O, qızı möhkəmcə özünə sıxdı.
Qız soyuqqanlılıqla:
– Konkini geyindirin, – dedi.
O, ayağa qalxdı və qızı qucaqlamaq istədi, lakin qız icazə vermədi.
– Yox, yox! Olmaz! Yoxsa mən heç vaxt sizinlə gəlmərəm.
– Stella! – deyə o yalvardı.
– Mən ciddi deyirəm, deyə Stella təkid etdi. – Belə şey etməyin.
Yucin incimiş və bir qədər acıqlanmış halda tabe oldu. O, Stellanın qəti müqavimətindən qorxmuşdu. Onun heç ağlına da gəlməzdi ki, bu qız belə dəymədüşərdir.
Bir dəfə də, bir neçə məktəbli qız kirşədə gəzinti düzəltmişdi. Stella, Yucin və Mirtl də dəvət olunmuşdu. Ulduzlu gecə idi, qar parıldayırdı, hava şaxtalı, gümrahlandırıcı idi. Böyük bir furqonu təkərlərdən çıxarıb, kirşəyə qoşmuş, içərisinə küləş tökmüş və bir yığın kürk atmışdılar. Onlarca evə dəydikdən sonra kirşəni Yucin ilə Mirtlin dalınca göndərdilər. Bir az sonra Stellanın da evinə çatdılar.
Qardaşından xeyli qabaqda oturmuş Mirtl:
– Bura gəl! – deyə Stellanı səslədi. Bu Yucini hirsləndirdi.
Yucin qızın özünün gəlməyəcəyindən qorxaraq onu çağırdı:
– Mənimlə oturun!
Stella Mirtlin yanına getdi, görünür, bu yer ürəyinə yatmadı və o, kirşənin dal tərəfində oturdu. Yucin öz yanında yer eləmək üçün xeyli səy etdi və qız, sanki təsadüfi olaraq, onun yanında əyləşdi. Yucin bizon kürkünü onun çiyninə atdı. Stellanın onun yanında olması fikri Yucinin qəlbini səadətlə doldururdu. Kirşə, qalan iştirakçıları toplamaq üçün zınqırovlarını səslədərək, şəhəri dolaşdı və nəhayət, çölə çıxdı. Kirşə qar yığınında yuxuya dalmış qara və kiçik meşələrin, qırov basmış pəncərələrindən donuq, şairanə işıq gələn, yerə yapışmış taxta fermer evlərinin yanından ötüb keçirdi. Ulduzlar par-par parıldayırdı. Bu lövhə Yucini olduqca həyəcanlandırırdı – o, ehtirasla sevirdi, sevdiyi qız da burada onunla yanaşı oturmuşdu, onun kölgəyə bürünmüş üzü güclə seçilirdi. O qızın qəşəng profilini, yanaqlarını, gözlərini, yumşaq saçlarını görürdü.
Onların ətrafında deyib-gülür, oxuyurdular. Ümumi şənlik gurultusu altında Yucin əllərini Stellanın belinə sarımağa, əllərini əllərinə almağa, onun fikrini anlamaq üçün gözlərinin düz içinə baxmağa müvəffəq oldu. Stella, ancaq müəyyən hüduda qədər güzəştə getməklə, həmişə özünü təmkinli aparırdı. Üç yaxud da dörd dəfə gizlincə onun yanağından, bir dəfə də dodağından öpdü, sonra isə qatı qaranlıqdan istifadə edərək güclə qızı özünə tərəf çəkdi və onun dodaqlarından elə ehtiraslı öpdü ki, qız qorxdu.
Stella həyəcan içərisində geri çəkilərək:
– Eləmə, – dedi, – olmaz!
O, həddini aşdığını hiss edərək tabe oldu. Lakin o gecənin şirinliyi və qızın gözəlliyi əbədi olaraq onun xatirində qaldı.
Vitla ata bir dəfə arvadı ilə söhbət zamanı:
– Yucini СКАЧАТЬ