Şamdan sonra Yucin, Mirtl və Stella qonaq otağına qayıtdılar. Ata yemək otağında mütaliəsinə davam edirdi, ana isə qabları yumağa başlamışdı. Bir az sonra Mirtl anasına kömək etməyə getdi və Yucin Stella ilə tək qaldı. İndi onlar ikilikdə qaldıqları zaman Yucin danışmağa cəsarət etmirdi. Stellanın gözəlliyində nə isə vardı ki, onu sıxırdı.
Bir qədər susduqdan sonra Stella:
– Siz məktəbi sevirsinizmi? –deyə soruşdu. Sükut içərisində oturmaq ona münasib görünmürdü.
– O qədər yox, –deyə Yucin cavab verdi. – Orada mənim üçün maraqlı bir şey yoxdur. Mən dərsi buraxıb işləmək fikrindəyəm.
– Siz nə işləmək istəyirsiniz?
– Hələ bilmirəm. Mən rəssam olmaq istərdim.
İlk dəfə idi ki, o özünün şan-şöhrət meylini etiraf edirdi. Nə üçün? – Bunu özü də bilmirdi.
Lakin Stella onun etirafını qulaqardına vurdu.
O:
– Mən qorxurdum ki, məni axırıncıdan əvvəlki sinfə qəbul etməyələr, –dedi. – Amma qəbul etdilər. Molindəki məktəb direktoru buradakı direktora yazmışdı.
– Belə hallarda onlar yaman bəhanə axtarırlar; – deyə Yucin rəğbətlə səsləndi.
Stella qalxdı və rəfdə olan kitablara baxmağa başladı. Yucin tələsmədən onun ardınca getdi.
– Siz Dikkensi sevirsinizmi? – deyə Stella soruşdu.
– Çox, – deyə o ciddi cavab verdi.
– Mənim isə o, xoşuma gəlmir. O çox uzun yazır. Mən Valter Skottu daha çox sevirəm.
Yucin:
– Mən də Valter Skottu sevirəm.
– İndi mənim çox xoşuma gələn bir kitabın adını sizə deyərəm.
Stella susdu, onun dodaqları yarı açılmışdı. O kitabın adını xatırlamağa çalışırdı və bu adı havada tutmaq istəyirmiş kimi əlini qaldırdı.
Nəhayət o:
– “Sarışın ilahə”, – deyə səsləndi.
– Hə, gözəl kitabdır, – deyə Yucin təsdiq etdi. – Xatırlayırsınızmı, Avaxanı qurban gətirməyə necə hazırlaşırlar?
– Bəli, bu mənim xoşuma gəldi.
Stella rəfdən “Ben-Hura”nı götürdü və onu tələsmədən vərəqləməyə başladı.
– Bu da çox yaxşı romandır.
– Bəli, gözəl kitabdır!
Onlar susdular. Stella pəncərəyə yanaşdı və ucuz tül pərdənin altında dayandı. Aylı gecə idi. İki cərgə ilə küçəni haşiyələyən ağaclar çılpaq, otlar sarı və cansız idi. Onlar gümüş şəbəkə kimi hörülmüş nazik budaqlar arasında pərdələri salınmış başqa evlərdə də lampa işıqlarını görürdülər. Yanlarından bir adam keçdi – onun qara kölgəsi alaqaranlıqda yox oldu.
Stella:
– Gözəldir, eləmi? –dedi.
Yucin yaxına gəldi.
– Çox gözəldir, – deyə cavab verdi.
– Bircə tez şaxtalar başlayaydı ki, konkidə sürüşmək mümkün olaydı. Siz konki sürə bilirsiniz?
Stella ona tərəf döndü.
– Hələ soruşursunuz! – deyə Yucin cavab verdi.
– Ah, aylı gecədə buz üzərində sürüşmək nə yaxşıdır! Molində mən buz üzərində çox sürüşərdim.
– Biz də burada tez-tez sürüşürdük. Burada bizim iki gölümüz vardır.
O, yaşıl göldə boğuq gurultu ilə buzların çatladığı aydın, şəffaf gecələri xatırladı. Konki ilə qaçanların səs-küylü izdihamı, uzun kölgələr, ulduzlar onun yadına düşdü. O bu vaxta qədər sürüşmələrdə xoşagələn bir qıza təsadüf etməmişdi. Onlardan heç biri ilə özünü yaxşı hiss etməmişdi. O bir dəfə sürüşdüyü qızla bir yerdə yıxılmışdı, bu, az qala onun buz meydançasına olan marağını qırmışdı. Stella ilə sürüşmək ona xoş gələcəkdi. O, hiss edirdi ki, Stella da onunla məmnuniyyətlə sürüşər.
O, cəsarətini toplayıb:
– Göl donduğu zaman hamımız bir yerdə gedə bilərik, – dedi. – Mirtl də sürüşür.
– Əla olar! – deyə Stella əlini əlinə vurdu.
O, uzun müddət – tərpənmədən pəncərədən baxdı, sonra buxarının yanına qayıtdı, fikirlər içərisində başını aşağı salaraq Yucinin qarşısında durdu.
– Siz necə düşünürsünüz, atanız buradan getməyəcək ki? – deyə Yucin soruşdu.
– O deyir ki, getməyəcək. Bura onun xoşuna gəlir.
– Bəs sizin necə?
– Hə… indi mənim də xoşuma gəlir.
– Nə üçün indi?
– Çünki əvvəl bura mənə xoş gəlmirdi.
– Nə üçün?
– Elə onun üçün ki, əvvəllər burada heç kəsi tanımırdım. Lakin indi xoşuma gəlir.
Qız gözlərini qaldırdı.
Yucin azacıq yaxına gəldi və:
– Bizim şəhərimiz çox yaxşıdır, – dedi. – Amma burada mənim edəcəyim bir şey yoxdur. Gələn il buradan getmək fikrindəyəm.
СКАЧАТЬ