Название: Seçilmiş əsərləri
Автор: Федор Достоевский
Издательство: JekaPrint
isbn: 978-9952-8448-2-5
isbn:
– Yaxşı, bəsdir, ürəyimi üzməyin! – Nastenka gözünün yaşını sildi – İndi hər şey mənə aydındır. Biz indi həmişə bir yerdə olacağıq; başıma nə hadisə gəlsə də, sizdən ayrılmayacağam. Qulaq asın, mən sadə bir qızam, nənəmin mənim üçün müəllim tutmasına baxmayaraq, az oxumuşam, lakin mən sizi başa düşürəm, çünki söylədiklərinizin çoxu ilə mən də tanışam, nənəm mənim paltarımı öz paltarına sancaqladığı gündən mən də əzab çəkirəm. Əlbəttə, mən heç bir zaman öz həyatımı sizin kimi gözəl danışa bilmərəm, mən oxumamışam – Nastenka bu sözləri utana-utana təkrar etdi; görünür, mənim coşğun bir ilham və gözəl ifadə ilə danışdığım sözlərin təsirindən hələ də özünə gəlməmişdi. – Ancaq siz öz həyatınız haqqında belə açıq danışdığınıza görə mən çox şadam. İndi mən sizi tanıyıram, tamamilə tanıyıram. Bilirsinizmi nə var? Mən də öz həyatımı sizə danışmaq istəyirəm, heç bir şey gizlətməyəcəyəm, çünki mənə məsləhət və kömək lazımdır. Siz çox ağıllı adamsınız, mənə öz məsləhətinizlə kömək edəcəyinizə söz verirsinizmi?
– Ah, Nastenka, – dedim, – hərçənd mən ömrümdə məsləhətçi, həm də ağıllı məsləhətçi olmamışam, amma indi hiss eləyirəm ki, əgər biz gələcəkdə də belə yaşamalı olsaq, çox ağıllı iş görərik və bir-birimizə öz ağıllı məsləhətimizlə tez-tez kömək eləyərik; yaxşı, mənim mehriban Nastenkam, deyin görüm sizə necə məsləhət lazımdır? Açıq deyin, indi mən elə şən, elə xoşbəxt, cürətli və ağıllıyam ki, söz üçün məəttəl qalmaram.
– Yox, yox! – deyə Nastenka gülə-gülə sözümü kəsdi. – Mənim istədiyim təkcə ağıllı məsləhət deyil, mənə qardaşlıq məsləhəti, dost köməyi gərəkdir; elə təsəvvürünüzə gətirin ki, siz bir qardaş kimi yüz ildir məni sevirsiniz. Mən sevinclə çığırdım:
– Razıyam, Nastenka, hər şeyə razıyam. Əgər mən sizi iyirmi illik bir məhəbbətlə sevsəydim belə, bu sevgi indi, qəlbimdə odlanan məhəbbətdən artıq olmayacaqdı!
Nastenka dedi:
– Əlinizi mənə verin!
– Budur, bu da mənim əlim! – əlimi ona verdim.
– Deməli, indi də mən öz sərgüzəştimə başlayıram.
NASTENKANIN SƏRGÜZƏŞTİ
Bu sərgüzəştin yarısını artıq siz bilirsiniz, yəni bilirsiniz ki, mənim qoca bir nənəm var…
– Əgər söhbətinizin ikinci yarısı da belə qısadırsa… – deyə mən gülərək onun sözünü kəsdim.
– Susun və qulaq asın. Qabaqcadan şərtim var: sözümü kəsməyin, yoxsa özümü itirib çaşaram. Hə, sakit əyləşin, diqqətlə qulaq asın.
Mənim qoca bir nənəm var. Lap balaca olanda atam-anam ölüb, o vaxtdan nənəmin yanındayam. Görünür ki, nənəm keçmişdə dövlətli olub, çünki o, keçmiş və yaxşı günlərini tez-tez xatırlayır. Mənə fransız dilini nənəm öyrədib, sonralar mənim üçün bir müəllim də tutmuşdu. Mən on beş yaşına çatanda (indi on yeddi yaşım var) oxumağı qurtardım. Elə bu vaxtlar mən bir dəcəllik elədim, ancaq nə elədiyimi sizə danışmayacağam; hər halda günahım çox da böyük deyildi. Amma bir səhər nənəm məni yanına çağırdı və dedi ki, kor olduğu üçün məndən muğayat ola bilməyəcək. Bu sözlərdən sonra bir sancaq götürüb, paltarımı paltarına sancaqladı və» dedi ki, əgər mən özümü yaxşı aparmasam, bütün ömrümü onun yanında beləcə əyləşib qalacağam. Xülasə, əvvəl günlər doğrudan da onun yanından tərpənmək qeyri-mümkün idi; elə bu vəziyyətdə həm işləyir, həm oxuyur, həm də yazırdım. Mən bir dəfə nənəmi aldatmaq fikrinə düşdüm və Fyoklaya yalvarıb, onu öz əvəzimə nənəmin yanında əyləşdirdim. Fyokla bizim qulluqçumuzdur, özü də kardır. O mənim yerimdə oturdu; bir azdan nənəm əyləşdiyi yumşaq kürsüdə yatdı, mən isə yaxınlıqda yaşayan rəfiqəmin yanına getdim. Nəticəsi çox pis oldu. Nənəm məndən sonra oyanıb nə isə soruşur, elə bilir ki, mən öz yerimdə sakit əyləşmişəm. Fyokla, nənəmin ondan nə isə soruşduğunu görürsə də, eşitmir, fikirləşir ki, nə eləsin, axırda sancağı açıb qaçmağa üz qoyur…
Bu yerdə Nastenka dayanıb qəhqəhə ilə gülməyə başladı. Mən də ona qoşuldum. Nastenka o saat gülməyini kəsdi. .
– Siz mənim nənəmə çox da gülməyin. Ancaq mən gülə bilərəm.. Nə eləyim, nənəm hərdən elə gülməli işlər görür ki, özümü saxlaya bilmirəm, hər halda mən onu bir az sevirəm. Hə, bu hərəkətim mənə çox baha oturdu. Dərhal məni yenə öz yerimdə əyləşdirdilər və bundan sonra heç bir yana tərpənə bilmədim.
Mən bir məsələni sizə danışmağı unutmuşam; bizim, yəni nənəmin öz evi, üç pəncərəli balaca bir evi var, bu, taxtadan tikilmiş, nənəmin özü kimi çox qoca, köhnə bir evdir; bu evin üstündə yarımmərtəbə var, bir gün həmin otağa təzə bir kirayənişin köçdü…
Mən özümü СКАЧАТЬ