Название: Seçilmiş əsərləri
Автор: Федор Достоевский
Издательство: JekaPrint
isbn: 978-9952-8448-2-5
isbn:
– Fu! Müqəddiməyə bir bax, sən allah! Əcaib sözlər eşidirəm.
– Dinləyin, Nastenka (mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram), dinləyin və bilin ki, həmin bu yerlərdə qəribə adamlar – xəyalpərəstlər yaşayır. Xəyalpərəst, əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan deyil, namüəyyən məxluqdur. O, həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir, gündüz-günorta vaxtı elə bil işıqdan da gizlənir; bəzən öz qınına çəkilən ilbizi xatırladır, hər halda – evini arxasında daşıyan çanaqlı bağa adlı maraqlı heyvana daha çox oxşayır. Siz necə bilirsiniz? Nə üçün o, divarları mütləq usandırıcı yaşıl rəngə boyanmış, hisdən qaralmış, içərisi həmişə papiros tüstüsü ilə dolu qaranlıq otağını bu qədər sevir? Nə üçün bu gülməli cənab, tək-tək dostlarından biri onun yanına gələndə (axırda elə olur ki, bu dostlardan da bir əsər qalmır), bəli, nə üçün o, yəni bu gülməli cənab öz dostunu pərt halda qarşılayır, sifəti dərhal dəyişir və özünü itirir, sanki yaşadığı dörd divar içərisində nə isə, bir cinayət işlədib, elə bil saxta pul kəsib və yaxud bir-iki mənasız şeir quraşdırıb, gizli imzaynan qəzetə göndərib. Məktubda da yazıb ki, guya bu əsərlərin əsl müəllifi öldüyü üçün o, sədaqətli bir dost kimi mərhumun əsərlərini (bu əsərlər çox zəif olsa da) dərc etdirməyi özünə müqəddəs borc bilir. Nastenka, bir deyin görüm, bu iki müsahibin arasında gedən söhbət nə üçün baş tutmur? Başqa yerlərdə gülməyi, hazırcavab olmağı, qadınların gözəlliyindən və qeyri şeylərdən şirin-şirin danışmağı xoşlayan qonaq, xəyalpərəst dostunun otağına gələn kimi nə üçün susur, gülmür, hazırcavablıq eləmir, karıxmış bir halda hərəkətsiz əyləşir? Xəyalpərəstlə çox ehtimal ki, yaxınlarda tanış olmuş və onun yanına birinci dəfə gələn, daha doğrusu, birinci və axırıncı dəfə gələn qonaq, nəhayət, hazırcavablığına və şən xasiyyətinə baxmayaraq (əgər bu xasiyyətlər həqiqətən onda varsa), ev sahibinin dəyişmiş sifətini gördükdə nə üçün pərt olur? Ev sahibi isə, tamamilə özünü itirərək, səmərəsiz bir cidd-cəhdlə söhbəti qızışdırmağa, ali cəmiyyətlə yaxşı tanış olduğunu göstərməyə, gözəl qadınlar haqqında fikir söyləməyə və heç olmasa belə bir itaətkarlıqla özünü, səhvən onun yanına qonaq gəlmiş yoxsul dostuna bəyəndirməyə çalışır. Ən nəhayət, nə üçün qonaq birdən şlyapasını götürüb, vacib bir işi olduğunu bəhanə edərək, ayağa qalxır və onu yaxşı qarşılamadığına görə indi peşmançılıq çəkdiyini isbata çalışan, səhvini düzəltməyə nahaq yerə cəhd edən, üst-üstdən onun əlini sıxan ev sahibilə tələsik vidalaşıb gedir? Nə üçün qonaq küçəyə çıxıb qəhqəhə ilə gülür və oradaca özünə söz verir ki, bir daha bu axmağın yanına gəlməsin (hərçənd bu axmaq əsasən çox yaxşı oğlandır), eyni zamanda, təsəvvüründə, bir az bundan əvvəlki müsahibini, uşaqların döydüyü, qorxutduğu, qəflətən ələ keçirib, başına min oyun açdığı və amansızcasına incitdiyi pişik balası ilə müqayisə eləyir; zavallı körpə pişik, nəhayət, uşaqların əlindən canını qurtarıb, kürsünün altında, qaranlıqda gizlənir və orada bir saat tüklərini qabardıb fınxırır, özünü yalayır, əzilmiş sir-sifətini pəncələrilə tez-tez yuyur, bu əhvalatdan sonra uzun müddət təbiətə və həyata düşmən gözü ilə baxır, hətta rəhmdil qulluqçu qadının, ağaların naharından qısdırıb gətirdiyi bir nəlbəki xörəyə də qorxudan yaxın düşmək istəmir.
Mən danışdıqca təəccübdən gözləri alacalanan və ağzı açıq qalan Nastenka birdən sözümü kəsdi:
– Bura baxın, danışdığınız hadisələrin necə baş verdiyini bilmirəm və bilmirəm ki, siz bu gülünc sualları mənə nə üçün verirsiniz; lakin qəti əminəm ki, bütün bu sərgüzəştlər əvvəldən axıradək məhz sizin başınıza gələn hadisələrdir.
Mən çox ciddi bir tərzlə cavab verdim:
– Şübhəsiz.
– Əgər belədirsə, onda gerisini söyləyin, – deyə Nastenka məni tələsdirdi, – çünki mən bunların nə ilə qurtaracağını mütləq bilmək istəyirəm.
– Demək siz, əziz Nastenka, bizim qəhrəmanın öz qaranlıq yuvasında nə ilə məşğul olduğunu, daha doğrusu, mənim, – madam ki, haqqında danışdığım qəhrəman mən özüməm, – təzə dostumun gözlənilməz gəlişindən nə üçün belə həyəcana düşdüyümü və özümü itirdiyimi bilmək istəyirsinz? Qapı birdən açılarkən nə üçün diksinib qızardığımı, qonağı layiqincə qarşılamadığıma görə xəcalətimdən gizlənməyə yer axtardığımı bilmək istəyirsiniz, eləmi?
– Hə, hə. əlbəttə! – deyə Nastenka cavab verdi. – Hər şeyi, hər şeyi bilmək istəyirəm. Ancaq bir xahişim var: siz çox gözəl danışırsınız, olmazmı ki, belə gözəl danışmayasınız? Elə bil lap kitab oxuyursunuz.
Mən özümü gülməkdən güclə saxlayıb, təşəxxüs və ciddiyyətlə dedim:
– Nastenka! Əziz Nastenka, gözəl danışdığımı özüm yaxşı bilirəm, lakin üzr istəyirəm, başqa cür danışmağı bacarmıram. İndi, əziz Nastenka, mən qırx il küp içində, yeddi möhür altında qapalı qalmış, nəhayət bu yeddi möhür qoparılıb atılandan sonra əsirlikdən azad olmuş Süleyman şahın ruhuna bənzəyirəm. Əziz Nastenka, biz uzun ayrılıqdan sonra yenə görüşdük, mən sizi çoxdan tanıyırdım, Nastenka, mən həmişə, hər yerdə kimi isə axtarmışam, indi başa düşdüm ki, axtardığım adam məhz elə siz imişsiniz. Bizim görüşümüz buna ən yaxşı sübutdur, bu görüş məni o qədər sevindirib ki, Nastenka, elə bil çoxdan bəri qəlbimdə yığılıb qalmış sözlər indi coşğun bir fəvvarəyə çevriləcək. Mən danışmalıyam, danışmasam nəfəsim tutular. Xahiş eləyirəm, Nastenka, sözümü kəsməyəsiniz, sakit əyləşib dinləyəsiniz, yoxsa, yoxsa susub, bir daha danışmaram!
– Yox, yox! Tez olun başlayın. Siz danışarkən qətiyyən dinməyəcəyəm.
– Davam edirəm: əziz dostum Nastenka, ömrümün hər keçən günündə bircə saat var ki, mən onu həddən artıq sevirəm. Bu, demək olar ki, bütün işlərin, vəzifələrin və borcların yerinə yetirilib qurtardığı, hər kəsin öz evinə, nahara, istirahətə tələsdiyi, hələ küçə ilə gedərkən axşam və gecə boş qalan vaxtını şən keçirmək üçün müxtəlif əyləncələr düşündüyü bir saatdır. Həmin bu saatda bizim qəhrəman da, – Nastenka, müsaidənizlə üçüncü şəxsin dilindən СКАЧАТЬ