СКАЧАТЬ
karetadakı xanıma incə bir hərəkətlə necə salam verdiyinə tamaşa eləyir?! Yox, Nastenka, belə xırda şeylər indi onu cəlb edə bilməz! İndi o, bütün varlığı ilə, yalnız ona məxsus olan ayrıca bir həyat aləmindədir; bu həyat onun öz xüsusi sərvətidir: o, bu həyatın qoynuna atılan kimi birdən-birə dəyişib, zəngin bir adam olur, qürub edən günəşin öz vida şəfəqlərilə onun gözləri qarşısında belə şən bir parıltı saçması və isinmiş qəlbində min bir təəssürat oyatması əbəs deyildir. İndi o, həmişə keçib getdiyi və buradakı hər xırda şeyin onu təəccübə saldığı tanış küçə ilə qətiyyən maraqlanmır. Artıq «Xəyal ilahəsi» (əziz Nastenka, əgər Jukovskini oxumuşsunuzsa) öz qəşəng, incə əllərilə qızıl ərişlərini toxuyub qurtarmış, indi də bizim qəhrəmanın gözləri önündə qeyri-adi və gözəl bir həyatın zərif naxışlarını hörməyə başlamışdır; kim bilir, bəlkə də o, burada qranit kimi möhkəm, parlaq büllur səkilərlə öz evinə gedir. Siz əgər indi birdən onu saxlayıb, harada olduğunu, hansı küçələrdən keçdiyini soruşsanız, o yəqin ki, heç bir şeyi – hara ilə getdiyini, harada durduğunu yadına sala bilməyəcək, pərtləşib qızaracaq və ağır vəziyyətdən çıxmaq üçün mütləq bir yalan danışacaq. Bax, buna görədir ki, qoca və mötəbər bir qadın, azdığı yolu bizim qəhrəmandan xəbər almaq üçün səkinin ortasında nəzakətlə onu saxlayanda o, bərk diksindi, az qaldı ki, çığırsın, qorxu ilə ətrafına baxdı. Sonra qəhrəmanımız acığından qaşlarını çatıb, yenə yola düzəldi. O, yan-yörəsindən ötənlərin onun arxasınca baxaraq, necə gülümsədiklərini çətin görürdü; balaca bir qız, öz-özünə danışa-danışa, gülə-gülə əllərini yelləyərək, yanından keçən bu qəribə adamdan əvvəlcə qorxub kənara qaçdı, sonra gözlərini iri-iri açıb qəhqəhə ilə gülməyə başladı. Xəyalpərəst bunu da görmədi. Onu bürüyən xəyal sürətlə uçaraq, qoca qadını, yoldan ötən və bizim qəhrəmana maraqla baxan adamları, qəhqəhə çəkən qızcığazı, öz yük gəmilərilə Fontanka çayını dolduran və bu gəmilərdə yatıb səhəri gözləyən (fərz edək ki, qəhrəmanımız Sahil küçəsindən keçdiyi zaman axşam idi) kəndliləri oynaq qanadlarına qaldırıb, uzaqlara apardı, hörümçək milçəyi tora salan kimi, bu nadinc xəyal da hər şeyi toxumaqda olduğu parçanın üzərinə tikdi, əcaib xəyalpərəst də, qəlbində yeni hisslər, öz fərəhli yuvasına daxil oldu, nahar etmək üçün masa arxasında əyləşdi, naharını yeyib qurtardı, nəhayət, həmişə düşüncəli və kədərli olan qulluqçu Matryona süfrəni yığışdırıb, qəlyanını gətirən vaxt xəyalatdan ayıldı və indicə nahar elədiyini fikirləşərkən onu heyrət aldı, naharı necə yediyini, xörəyin dadını heç cür xatırlaya bilmədi. Otaq getdikcə qaranlıqlaşırdı, indi onun qəlbində kədərlə dolu bir boşluq vardı; gözəl xəyallardan qurduğu əzəmətli saray onun ətrafında, heç bir iz buraxmadan, səssiz-səmirsiz uçulub dağılır, yuxu kimi sürətlə əriyib gedirdi; o isə bir az bundan əvvəl nələr düşündüyünü, nə xəyallar etdiyini yadına sala bilmirdi. Lakin bizim qəhrəmanın ürəyini yüngülcə sızıldatmağa və həyəcanlandırmağa başlayan nə isə dumanlı bir duyğu, nə isə yeni bir arzu yenə də şirnikləndirici bir qıcıqlanma ilə onun xəyalını yerindən oynadır, yenə də onun ətrafını sehrli kölgələr bürüyür. Kiçik otaqda sükut hökm sürür; tənhalıq və tənbəllik bizim qəhrəmanın xəyalını oxşayır, bu xəyal yavaşca alovlanır, mətbəxdə arxayınca qəhvə hazırlayan qoca Matryonanın qəhvədanındakı su kimi ahəstə qaynamağa başlayır. Budur, qəhvə yavaş-yavaş qabarcıqlanır; budur, mənim xəyalpərəstimin, heç bir məqsəd güdmədən, və fərqinə varmadan, kitab dolabından götürdüyü kitab sürüşüb əlindən düşür; bu kitabı o, yalnız üçüncü səhifəsinədək oxuya bilmişdir. Onun xəyalı yenidən pərvazlanmış, yenidən coşmuşdur; budur, birdən onun gözləri qarşısında yeni bir aləm yaranır, gözlərini yeni, cazibəli bir həyat qamaşdırır. Yeni röya, yeni səadət! Şərbət kimi şirin, xoş zəhəri! Ah, bizim yaşadığımız bu həyatda indi onu maraqlandıracaq nə var? Onun aldadılmış, satın alınmış nəzərlərində indi biz ikimiz də, Nastenka, tənbəl, çox ağır və cansız bir ömür sürürük; taleyimizdən elə narazı, həyatımızdan elə bezarıq ki!.. Axı, bu doğrudan da belədir, Nastenka, bunu lap ilk baxışda görmək mümkündür, bizim həyatımızda hər şey soyuq, tutqun və elə bil acıqlıdır… «Zavallılar!» – deyə mənim xəyalpərəstim fikirləşir. Onun belə fikirləşməsi heç də təəccüblü deyildir! Siz, cazibədar, şıltaq, səliqəsiz və oynaq hərəkətlərlə bir yerə toplaşan, onun gözləri önündə cürbəcür sehrli və canlı şəkillərə düşən füsunkar kölgələrə baxın; əlbəttə, bunların arasında lap ilk sırada duran birinci şəxs o özüdür – bizim xəyalpərəstimizdir; o burada öz ayrıca yolu ilə gedir, öz xüsusi həyatı ilə yaşayır. Diqqətlə baxın, görün burada nə qədər müxtəlif sərgüzəşt, ardı-arası kəsilməyən, təntənəli xəyal var. Bəlkə indi siz, onun nə haqqında düşündüyünü bilmək istəyirsiniz? Bunu bilməyə nə var ki! O indi hər şey haqqında düşünür… Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonralar isə böyük şöhrət qazanan bir şair onun xəyalında canlanır, bunun arxasınca o, Qofmanla dostluq etməyi fikirləşir, daha sonra onun xəyalından müxtəlif səhnələr və insanlar gəlib keçir: Varfolomey gecəsi, Diana Venon, Qazan şəhərinin alınmasında İvan Vasilyeviçin göstərdiyi qəhrəmanlıq, Klara Movbray, Yevfiya Dens, proletar kilsəsi, onların da qarşısında Qus, «Robert»də ölülərin qiyamı (musiqi ilə oxunan bu sözləri xatırlayırsınızmı: «Məzar qoxusu gəlir!»), Minna və Brenda, Beryozina yaxınlığında vuruşma, qrafinya V–Y–D-yın yanında poemanın oxunuşu, Danton, Kleopatra, ei Sout amanti2, Kolomna şəhərində evcik, balaca sığınacaq, qış gecəsi bizim xəyalpərəst bir bucaqda oturub, hərarətlə nə isə danışır və indi siz, mənim gözəl mələkciyim Nastenka, mənə diqqətlə qulaq asdığınız kimi, qəhrəmanın yanındakı sevimli xilqət də heyrət və həyəcanla onu dinləyir… Yox, Nastenka, sizinlə birlikdə sevdiyimiz bu həyatda ona, bəli, ona – o xəyalpərəstə həssas və tənbəl insana xoş gələcək heç bir şey yoxdur! O düşünür ki, bu, yoxsul və acınacaqlı bir həyatdır və belə düşünərkən onun heç ağlına gəlmir ki, bir gün bu acınacaqlı həyat onu da dərdə sala bilər, o zaman bizim qəhrəman bu həyatın bircə gününü şirin xəyallar aləmində keçirdiyi uzun illərə dəyişməz, hətta ona üz verən dərdi, peşmançılıq hissini və ağır kədəri öz qəlbindən yox etmək üçün sevinc və xoşbəxtlik axtarmaq belə yadına düşməz. Lakin bu təhlükəli gün hələ uzaqdadır, indi onun heç bir arzusu yoxdur; çünki o, bütün arzulardan yüksəkdədir, çünki indi hər şey onun ixtiyarındadır. O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir. Doğrudan da, bu əfsanəvi-xəyali aləm necə də asan, necə də təbii yaranır! Elə bil ki, bütün bunlar heç də xəyal deyil! Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir! Bəs nə üçün, Nastenka, nə üçün belə dəqiqələrdə insanın ruhu sıxılır? Nə üçün, hansı bir sehrin, hansı bir cadunun təsiriləsə nəbzin döyüntüsü şiddətlənir, xəyalpərəstin gözlərində yaş damlaları parlayır, ağarmış və göz yaşları ilə islanmış yanaqları od tutub yanır və necə olur ki, onun bütün varlığı
СКАЧАТЬ