Seçilmiş əsərləri . Федор Достоевский
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Федор Достоевский страница 10

Название: Seçilmiş əsərləri

Автор: Федор Достоевский

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-2-5

isbn:

СКАЧАТЬ Elə məğrur, elə şən idim, ürəyim elə döyünürdü ki, evə qayıdıb yatağıma uzananda vücudumda zəif bir üşütmə hiss elədim, bütün gecə «Sevilya bərbəri» fikrimdən çıxmadı.

      Mən düşünürdüm ki, bu hadisədən sonra bizə tez-tez gələcək . Lakin belə olmadı. O bizə demək olar ki, heç gəlmirdi. Biz onun üzünü ayda bir dəfə görürdük. Bizi yalnız teatra aparmaq istədiyi zaman yanımıza gəlirdi. Biz sonra iki dəfə də teatra getdik. Amma mən belə görüşlərdən çox narazı idim. Görürdüm ki, o bunu ancaq mənə yazığı gəldiyindən edir, çünki mən nənəmin yanında əsir idim. Bəli, ancaq yazığı gəldiyindən, vəssalam! Elə darıxmağa başladım ki, nə bir yerdə əyləşə bilirdim, nə kitab oxuyurdum, nə də əlim işə yatırdı; bəzən gülürdüm və heç bir şeydən nənəmi əsəbiləşdirirdim, bəzən səbəbsiz yerə ağlayırdım. Nəhayət, mən elə arıqladım ki, xəstəhal oldum. Opera mövsümü keçdi, kirayənişinin ayağı bizim evdən tamam kəsildi. Görüşdüyümuz vaxtlarda isə, – məlum şeydir ki, yenə də pilləkən üstündə görüşürdük, – o, sakitcə mənə baş əyib keçirdi, özü də bunu elə ciddi eləyirdi ki, guya mənimlə heç danışmaq da istəmirdi, heç bir şey olmamış kimi, pilləkəndən düşüb gedirdi. Mən isə pilləkənin ortasında quruyub qalırdım, üzüm od tutub yanırdı, çünki hər dəfə onunla qarşılaşanda elə bil bütün bədənimin qanı başıma vururdu.

      Hələ bu harasıdır? Dalına qulaq asın. Düz bir il bundan əvvəl, may ayında kirayənişin bizə gəldi və nənəmə dedi ki, burada işlərini görüb qurtardığından bir il müddətinə Moskvaya gedir. Mən bunu eşitcək kətan kimi ağardım, dizlərimin taqəti getdi, özümü saxlaya bilməyib, ölü kimi kürsünün üstünə yıxıldım. Nənəm heç nə hiss eləmədi. Kirayənişin isə tezliklə yola düşəcəyini bildirib, nəzakətlə baş əydi və getdi.

      Mən nə edəydim? Fikirləşdim, fikirləşdim, əzab çəkdim, nəhayət, qəti qərara gəldim. O, sabah yola düşəcəkdi. Mən isə axşam nənəmi yuxuya verəndən sonra düşündüyüm kimi də eləyəcəkdim. Belə də oldu. Mən lazım olan paltarlarımı, camaşırımı bir yerə yığıb bağladım, qoltuğumda bağlama kirayənişinin otağına getdim. Halım özümdə deyildi. Mənə indi elə gəlir ki, pilləkəni bir saata ancaq qalxa bildim. Kirayənişinin otağının qapısını açdığım zaman o məni görüb heyrətdən çığırdı. Əvvəlcə elə bildi ki, onu qara basır, sonra mənim ayaq üstə güclə dayandığımı görüb, irəli atıldı və su verdi. Ürəyim elə döyünürdü ki, başım ağrıyırdı, heç bir şey fikirləşə bilmirdim. Nəhayət, huşumu itirdim. Ayılanda isə heç bir söz demədən bağlamanı onun yatağının üstünə qoydum, özüm də oradaca oturdum, sonra üzümü əllərimlə örtdüm və hönkürtü ilə ağlamağa başladım. O, gərək ki, hər şeyi başa düşmüşdü, üzü ağarmışdı, qarşımda hərəkətsiz durub mənə elə qüssəli baxırdı ki, ürəyim parçalanırdı.

      – Qulaq asın, – deyə o, nəhayət, sözə başladı, – qulaq asın. Nastenka! Mən indi sizin üçün heç bir şey eləyə bilmərəm„ mən yoxsul bir adamam; hələlik heç bir şeyim, hətta yaşamaqdan ötrü layiqli bir yerim belə yoxdur. Axı, mən sizə bu halda evlənsəm, həyatımız necə olar? .

      Biz çox danışdıq, axırda mən qəzəblənib dedim ki, artıq nənəmin yanında yaşaya bilməyəcəyəm, qaçacağam, nənəmin paltarına sancaqlanmış halda yaşamaq məni təngə gətirib; sonra dedim ki, mən də onunla Moskvaya getməyi qət eləmişəm, çünki onsuz yaşaya bilməyəcəyəm. Bu dəqiqələrdə mənim səsimdə həm həya, həm sevgi, həm də qürur vardı, – hamısı birdən dilə gəlmişdi, özümü saxlaya bilməyib tir-tir əsirdim. Yatağa yıxıldım. Onun məni rədd edəcəyindən elə qorxurdum ki!

      O, bir neçə dəqiqə hərəkətsiz oturdu, sonra ayağa durub mənə yaxınlaşdı və əlimdən tutdu.

      – Qulaq asın, mənim mehriban, əziz Nastenkam, – deyə gözləri yaşlı sözə başladı, – qulaq asın! Sizə and içirəm ki, əgər bir vaxt evlənməli olsam, mənim gələcək xoşbəxtliyim ancaq siz olacaqsınız; inanın ki, bundan sonrakı xoşbəxtliyim yalnız sizin əlinizdədir. Yaxşı qulaq asın. Mən indi Moskvaya gedirəm və düz bir il orada qalacağam. Əminəm ki, öz işlərimi sahmana salacağam. Geri döndüyüm zaman isə, əgər siz öz sevginizə sadiq qalsanız, and içirəm ki, biz xoşbəxt olacağıq. İndi mümkün deyil, heç bir şey eləyə bilmərəm, elə vəziyyətdəyəm ki, sizə qəti söz vermək imkanından da məhrumam. Lakin yenə də təkrar eləyirəm: əgər bir ildən sonra da bu iş düzəlməsə, hər halda, ya gec, ya da tez siz mənim olacaqsınız. Əlbəttə, bir şərtlə ki, siz başqa birisini məndən üstün tutmayasınız, ona ərə getməyəsiniz; mən quru, boş sözlə sizin sərbəstliyinizi əlinizdən alıb, əl-ayağınızı bağlamaq istəmirəm və buna haqqım da yoxdur:

      Bəli, bu sözləri mənə deyəndən sonra, ertəsi günü yola düşdü. Belə şərtləşmişdik ki, nənəmə bu barədə bir söz deməyək. O özü bunu məndən xahiş elədi. Budur, demək olar ki, mənim sərgüzəştim qurtardı. O vaxtdan düz bir il keçib. O, Moskvadan qayıdıb. Üç gündür ki, buradadır və… və…

      Mən əhvalatın sonunu eşitmək üçün səbirsizliklə soruşdum:

      hə, sonra?

      – Bu vaxta qədər yanıma gəlməyib! – deyə Nastenka güclə danışırdi. – Heç bir xəbər-ətər yoxdur.

      Söhbət bura çatanda o susdu, bir az danışmadı, başını aşağı saldı və birdən əllərilə üzünü örtüb elə hönkürdü ki, parçalandı.

      Mən onun başına gələn hadisələrin belə nəticə ilə bitəcəyini gözləmirdim.

      Cürətsiz və titrək səslə sözə başladım:

      – Nastenka! Nastenka! Allah eşqinə, ağlamayın! Axı, siz onun qayıtdığını haradan bilirsiniz? Bəlkə hələ heç gəlməyib…

      – Yox, o buradadır, buradadır! – deyə Nastenka sözümü kəsdi. – O buradadır, mən bilirəm. Biz elə o vaxt, onun getdiyi gündən bir gün əvvəl, həmin axşam aramızda şərt qoymuşduq: indicə sizə söylədiyim kimi, hər şeyi bir-birimizə danışandan sonra şərtləşmişdik ki, bura, bax, elə bu Sahil küçəsinə gəzməyə çıxaq. Saat on idi; biz həmin bu skamyanın üstündə əyləşmişdik, mən daha ağlamırdım, onun söhbətini böyük bir ləzzətlə dinləyirdim… Dedi ki, Moskvadan qayıdan kimi bizə gələcək və əgər mən onu rədd eləməsəm, hər şeyi nənəmə danışacaq. İndi o qayıdıb, mən bunu bilirəm, lakin yanıma gəlmir ki, gəlmir!

      Nastenka təzədən ağlamağa başladı.

      – İlahi! Doğrudanmı bu dərdə çarə tapmaq çətindir?! – deyə ucadan səsləndim və məyus bir halda ayağa qalxdım. – Nastenka, mən onun yanına getsəm, necə olar?..

      Nastenka birdən başını qaldırdı:

      – Bu mümkündürmü?

      – Yox, əlbəttə, mümkün deyil, – deyə mən özümü ələ aldım. – СКАЧАТЬ