Название: Uzaq sahillərdə
Автор: Гасан Мехти оглы Сеидбейли
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
O, yalan demirdi. Şults bilirdi ki, baş qərargahda da müttəfiqlərlə saziş əldə etməyə çalışırmışlar. Həqiqətdə də Hitleri, Krupu, Şultsu, ümumiyyətlə, üçüncü imperiyanı ancaq bu saziş xilas edə bilərdi… Əgər Şults burada da ingilis və yaxud Amerika kəşfiyyatçıları ilə əlaqəyə girə bilsəydi, daha yaxşı olardı. Belə bir əlaqə yaransaydı, partizanlarla mübarizə asanlaşardı. Yoxsa vəziyyət ağırlaşacaqdı. Ancaq bütün bunlara baxmayaraq “Mixaylo”nun başı üçün təyin edilmiş məbləği artırmaq lazım idi.
Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı, yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.
Şults isə hələ də Triyestin küçələrini gəzirdi. Partlayışdan sonra qulaqlarındakı gurultu çəkilməmişdi. Ürəyi də bulanırdı. Öz gəzintisinin mənasızlığını başa düşən Şults, nəhayət, dincəlmək üçün gestapoya tərəf döndü. Yolda o, dünən şəhər əhalisi ilə sönbət edən iki əsgərə rast gəldi. Əgər onun başı ağrıyıb, ürəyi bulanmasaydı, öz hirsini bu əsgərlərin üstünə tökərdi. Əsgərlər Şultsu görən kimi tini dönüb uzaqlaşdılar.
* * *
Hava qaralandan sonra “Mixaylo” öz dostları və qonağı ilə şəhərdən çıxdı. Onlar dəmir yolunu keçməli idilər. İrəlidə bir təhlükə olub-olmadığını yoxlamaq üçün Ancelikanı qabağa göndərib, özləri gözləməli oldular. Nəhayət, donub kövrəkləşmiş qarın xışıltısı eşidildi. Ancelika heç bir söz demədi. Vasyanın qolundan tutub dartdı. Hamısı yola düşdü. Onlar relslərin üstündən keçən zaman keşikçilərin uzaqda tez-tez yanıb-sönən fənərlərinin işığını gördülər.
Qonaq özünü çox yaxşı aparır, heç bir sual vermirdi. Hər işarəni başa düşürdü. İki saat yol getdikdən sonra yolçular it səsi eşitdilər. İt hürüşü getdikcə yaxınlaşırdı. Sonra tutqun işıqlar göründü. Yarım saat sonrasa onlar artıq Prosek qəsəbəsinin həyətləri arasında idilər.
“Mixaylo” böyründə böyük anbar tikilmiş balaca və köhnə bir evin yanında dayandı. Ancelika evin buz bağlamış pəncərəsini astadan tıqqıldatdı. Bir dəqiqə sonra evin qapısı açıldı və kənarda çiyninə qoyun dərisindən uzun bir kürk salmış kişi göründü.
– Bizik, – deyə Vasya xırıltılı səslə pıçıldadı.
– Allaha şükür! Hamınız salamatsınız?
– Hamımız! – deyə Vasya şən səslə cavab verdi.
Kişi artırmadan enib anbara yaxınlaşdı, qapını açdı. Qapı cırıldadığı üçün kişi acıqlı-acıqlı söyüş söydü. “Mixaylo” ilə ev sahibindən başqa hamı içəri girdi.
– Hə, nə var, nə yox? – deyə “Mixaylo” pıçıltı ilə soruşdu.
Ev sahibi də pıçıltı ilə cavab verdi:
– Onlar bura gəlmişdilər.
– Doğrudan?
– Evi ələk-vələk elədilər. Heç kəsi tapa bilmədilər, ancaq qonşunun inəyini apardılar.
– Eybi yoxdur, – deyə “Mixaylo” cavab verdi, – tezliklə müharibə qurtarar, onda…
Ev sahibi onun sözünü kəsdi:
– Deyəsən, qonağınız var?
– Hə, qonaq kimi bir şeydir, – “Mixaylo” başının hərəkəti ilə təsdiq etdi. – Yaxşı, gedin, dincəlin.
Ev sahibi qəti səslə dedi:
– Mən yatmayacağam, gecəniz xeyrə qalsın.
“Mixaylo” içəri girəndən sonra kişi anbarın qapısını örtdü. “Mixaylo” kibrit çəkdi. Vasya anbarın o başındakı xəzəllərin üstündə özünə yer hazırlayırdı. Qonaq ətrafa göz gəzdirib daha münasib bir yer görmədiyi üçün çarəsiz halda xəzəllərin üstünə uzandı.
Ancelika Vasyanın şinelinə bürünərək, anbarın o başından qucaq-qucaq xəzəl daşıyırdı. Kibrit söndü. “Mixaylo” təzəsini yandırdı. Onun yanından ötən Ancelikanın sifəti işıqlandı. Qızın saçlarını qırov örtdüyü üçün ağappaq görünürdü.
– Ancelika, – deyə “Mixaylo” onu səslədi.
Ancelika dayanıb sual dolu nəzərlərlə ona baxdı.
– Sən çox yorulmusan, get evdə yat, özümüz hər şeyi düzəldərik.
Ancelika soyuqdan göyərmiş dodaqlarını dili ilə yalayıb, başının hərəkətiylə razılıq işarəsi verdi.
İkinci kibrit də yanıb qurtarırdı. Ancelika “Mixaylo”nun addım səslərinə qulaq asırdı. O, anbarın o biri başındakı küncə tərəf gedirdi. İndi kibrit o tərəfdə yandı. Ancelika “Mixaylo”nun üzünü seçmirdisə də, əvəzində Vasyanın ona necə nəvazişlə baxdığını görürdü. Ancelika gülümsünüb anbardan çıxdı və qapını möhkəm örtdü.
“Mixaylo” Vasya ilə qonağın arasında uzandı. Üçüncü kibrit də sönəndən sonra anbar qatı bir qaranlığa qərq oldu.
“Mixaylo” ilə Vasya növbə ilə yatırdılar; onlar sözləşmişdilər ki, qonağa nəzarət etsinlər. Amerikalı uzun müddət yata bilmədi, yerində qurcalandı. Bir azdan Vasya hamını oyatdı: yola düşmək vaxtı çatmışdı.
Hələ də yuxulu olan ev sahibi onlara isti süd və qarğıdalı çörəyi gətirdi. “Mixaylo” təşəkkür edib, kişinin gətirdiyi şeyləri aldı. Bir qədər sonra yola düşdülər.
* * *
Hər tərəf göz işlədikcə dumana bürünmüşdü. Buna baxmayaraq, səhərin açıldığı hiss olunurdu. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Yolçular addımlarını yavaşıtmağa məcbur oldular. Qabaqda gedən Ancelika qarlı cığırda tez-tez sürüşüb büdrəyirdi. Vasya ona kömək edirdi. Hamıdan axırda “Mixaylo” gəlirdi. O, yoldaşlarına təklif etdi ki, dayanıb dincəlsinlər.
Yarımsaatlıq istirahətdən sonra onlar yenə yollarına davam etdilər. Kəndlərdən keçib dağları aşdılar. Dağlarda yaşayan əhali “Mixaylo” və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onlara südə, qarğıdalı çörəyinə və keçi əti bozartmasına qonaq edirdi. Triyestdə yaşayanlar italyanca danışırdılar, buradasa hamı sloven dilində danışırdı.
Yolçular döngələrin СКАЧАТЬ