Название: Beş həftə hava şarında
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952245226
isbn:
– Həm də çox ciddi deyirəm, – doktor tövrünü pozmadan cavab verdi.
– Bəs səninlə getmək istəməsəm?
– Onda tək gedəcəyəm.
– Yaxşı, oturub sakitcə danışaq. Əgər zarafat etmirsənsə, bu iş müzakirə olunmağa dəyər.
– Əzizim Dik, etirazın yoxdursa, söhbətimizi süfrə arxasında davam etdirərik.
Dostlar buterbrod qalaqlanmış, böyük çaydan qoyulmuş süfrənin arxasında oturdular.
– Dostum Samuel, – ovçu sözə başladı, – əgər heç nəyə baxmayaraq, Afrikanın üstündən uçmaq istəyirsənsə və bu səyahət sənin xoşbəxtliyin üçün belə vacibdirsə, niyə həmişəki yollardan istifadə etməyəsən?
– Çünki indiyə qədər bu cəhdlər uğursuzluqla nəticələnib. Biz Afrikada çox qurbanlar vermişik. Görünür, aclıq və susuzluqla, yırtıcı heyvanlar və yerli vəhşi qəbilələrlə, üstəlik, qızdırma kimi qorxunc xəstəliklə mübarizə aparmaq mümkün deyil. Əgər nəyisə bir yolla etmək mümkün deyilsə, onda başqa yol fikirləşib tapmaq lazımdır. Ortadan keçə bilmirsənsə, onu yandan, ya da üstdən keçmək kimi!
– Dəhşətli olan da məhz budur, – Dik dedi.
– Nədən qorxursan? – doktor soyuqqanlılıqla etiraz etdi. – Hava şarının qəzaya uğramaması üçün hər bir ehtiyat tədbiri gördüyümə, yəqin ki, şübhən yoxdur. Nəsə baş verəndə də başqa səyyahlar kimi ayağımı torpağa basacağam. Təkrar edirəm, şar məni pis vəziyyətdə qoymaz. Ümumiyyətlə isə, hər hansı qəza barədə düşünməyə dəyməz. Mən özümə inanıram!
– Əksinə, elə qəza haqda düşünmək lazımdır. Çünki sənin əminliyin heç nəyi dəyişmir. Bu təhlükəlidir, vəssalam!
– Yox, əzizim Dik, Afrikanın qərb sahilinə çatmamış öz hava şarımdan ayrılmağı ağlımdan belə keçirmirəm. Şarda bürkü, sel, tufan, ziyanlı iqlim, vəhşi heyvan, hətta insan da mənim üçün qorxulu deyil! Həddindən artıq istidirsə – yuxarı qalxaram, soyuqdursa – aşağı enərəm; yolumu dağ kəssə, üstündən keçərəm; qarşıma uçurum, ya da çay çıxsa, quş kimi üzərindən uçaram…Fergüsonun sözləri Kennedini həyəcanlandırdı. O, indi Samuelə heyranlıq və qorxu ilə baxırdı.
– Bir dayan, əziz dostum, məgər hava şarını idarə etməyin yolunu tapmısan? – Dik soruşdu.
– Yox, bu hələ xəyaldır.
– Bəs onda necə uçacaqsan?
– İstiqaməti həmişə eyni olan passat[6] küləklərinin köməyinə bel bağlayıram.
– Belə… – Kennedi fikirli-fikirli mızıldadı. – Passatlar… əlbəttə… ola bilər…
– Ola bilər yox, olar! Bütün məsələ də bundadır, – Fergüson dostunun sözünü kəsdi. – İngiltərə hökuməti mənim ixtiyarıma nəqliyyat gəmisi verib. Razılaşdırılıb ki, Afrikanın qərb sahilinə çatanda orada üç-dörd gəmi olacaq. Üç ay sonra mən Zənzibara çatacağam. Biz orada şara qaz doldurub yola düşəcəyik…
– Biz?! – Dik yenidən heyrətlə səsləndi.
– Hə. Doğrudanmı hələ də nəyəsə iradın var? De, danış, dostum, sözünü ürəyində saxlama.
– İradım çoxdur. Ondan başlayaq ki, daim harasa baxmaq istəyəcəksən, deməli, tez-tez enib-qalxmaq lazım gələcək və kifayət qədər çox qaz işlətməli olacaqsan. Bu da uzun müddət hava ilə səyahət etməyə həmişə maneçilik törədib.
– Əzizim Dik, iradının cavabında onu deyim ki, qa-zın bir atomunu, bir malekulunu da itirməyəcəyəm…
– İstəyəndə aşağı enə biləcəksən?
– Enə biləcəyəm.
– Bunu necə edəcəksən?
– Bu artıq mənim sirrimdir. Mənə güvən, dostum.
– Qoy sən deyən olsun, – ovçu onunla candərdi razılaşdı. Ürəyində isə belə qərara gəldi ki, hələlik bir tamaşaçı kimi kənarda dayansın və bundan sonra işlərin necə gedəcəyini izləməklə kifayətlənsin.
3
Doktor Fergüson səfərə ciddi cəhdlə hazırlaşırdı. Hava şarının inşasına şəxsən özü rəhbərlik edir, hərdən bəzi şeylərə təzədən əl gəzdirirdi. Üstəlik, ərəb dilini, həmçinin zəncilərin müxtəlif ləhcələrini öyrənmişdi.
Bu arada ovçu dostu ondan bir addım da olsun aralanmır, yeri gəldikcə onu fikrindən daşındırmağa çalışırdı. Zavallı şotlandiyalı indi mavi göy qübbəsinə belə, qorxusuz baxa bilmirdi. Hətta yuxuda başı fırlanır, ona elə gəlirdi ki, çox böyük yüksəklikdən aşağı uçur. Bir neçə dəfə çarpayıdan yıxılmış, dərhal da əzilən başını Fergüsona göstərmişdi.
– Vur-tut çarpayıdan düşmüşəm, ancaq şişə bax! İndi özün düşün.
Ancaq bu eyham doktoru təşvişə salmamışdı.
– Biz yıxılmarıq, – Fergüson demişdi.
– Birdən yıxıldıq?
– Deyirəm ki, yıxılmarıq!
Dik dostunu əsəbiləşdirmək istəmir, ona görə də dərinə getmirdi. Əlavə etmək lazımdır ki, o, Edinburqdan xəlvətcə bəzi paltarlarını və ən yaxşı ov tüfənglərini gətizdirmişdi.
Günlərin bir günü Dik özünü elə göstərdi ki, guya dostunun təkidi ilə güzəştə gedib və onunla birlikdə səfərə çıxmağı qərara alıb. Ancaq o saat da səfəri təxirə salmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı.
– Nilin mənbəyini kəşf etmək bəşəriyyət üçün o qədər vacibdir? – Dik soruşdu. – Afrika qəbilələri bundan xoşbəxt olacaq? Axı nə vaxtsa kimsə daha az risklə Afrikanın üstündən keçib gedəcək…
Ancaq bu sözlər Fergüsonu özündən çıxardı:
– Sən nə istəyirsən, zavallı Dik? İstəyirsən, şan-şöhrət başqasına qismət olsun? Səncə, özümüzə xəyanət etməliyik, xırda maneələrin qarşısından geri çəkilməliyik? İngilis hökumətinin və London Coğrafiya Cəmiyyətinin mənim üçün elədiklərinin əvəzində onlara bu cür təşəkkür etməliyəm? Sən, СКАЧАТЬ
6