Название: Gələcəyə ön söz
Автор: Qulu Məhərrəmli
Издательство: Altun Kitab
isbn: 9789952244090
isbn:
Əvvəla, anlaşılmadı ki, Qarabağ məscidlərində indiyə qədər niyə azan verilmirmiş, bəlkə, əhli-sünnə namaza durmurmuş, ya mömin soydaşlarımızın sayı azmış, bəlkə, Bilali-həbəşdən bu yana müsəlman əhlini namaza haylayan azana ehtiyac yox imiş? Yox, əstəğfurullah! Yəqin ki, bunların heç biri deyil, bu torpaqda imanlı adamlar da, namaz əhli də kifayət qədərdir və onlar Tanrı ibadətlərini könül sevgisi ilə ifadə edirlər. Bəs onda azanın səslənməsini nəyə görə xüsusi bir təmtəraqla mətbuatda yayırıq, burda qeyri-adi nə var ki? Bəlkə, elə hesab edirik ki, azanın daimi səslənməsi Xankəndindəki və çevrədəki erməni vətəndaşlarımıza psixoloji təsir göstərəcək və onlar haqq yoluna qayıdacaqlar?
Əlbəttə, eyni ərazidə münaqişə aparan qüvvələr arasında psixoloji təsir cəhdlərinin olması təbiidir. Bunun yaxşı nümunəsini mən Kiprdə görmüşəm. İkiyə bölünmüş Lefkoşa (Nikoziya) şəhərinin bir yüksək yerində yunan icmasının prezidentinin iqamətgahı yerləşir. Bu iqamətgahın baxdığı üzbəüz yüksəklikdə isə türk icmasının inzibati binası tikilib və həmin binanın üzərində çox iri bayraq dalğalanır. Görünür, bunlar kifayət etmədiyindən türklər dağın döşünə – hər tərəfdən görünən nöqtəyə xüsusi daş materialla öz bayraqlarının iri və parlaq təsvirini həkk ediblər. Hər səhər bu bayrağı görən yunanların hansı hisslər keçirdiyini anlamaq çətin deyil. Amma şəhərdəki məscidlərdən azan səsini ucaltmaqla qarşı tərəfə təzyiq etmək türk icmasında heç kimin ağlına gəlməyib. Ona görə də bu gün Qarabağ məscidlərindən ucalan azan səsini qarşı tərəfə psixoloji təzyiq kimi qələmə vermək, bunu hansısa təbliğat elementinə çevirmək, hesab edirəm ki, yanlışdır. Adam düşünür ki, birdən qarşı tərəf də kilsələrdəki zənglərin səsini ucaltsa və ya onu aramsız səsləndirsə, onda nə olacaq?
Təbii ki, bizim Qarabağdakı erməni icması ilə hansısa səsləşməyə, oradakı Azərbaycan vətəndaşlarına müəyyən bilgi və mesajlar verməyimizə ehtiyac vardır. Bunun ən yaxşı yolu həmin bölgədə xüsusi radiostansiya yaratmaq, erməni və Azərbaycan dillərində fasiləsiz verilişlər yayımlamaqdır. Bu verilişlər hər iki xalqa yaxın olan musiqi xəzinəsindən bəhrələnər və bəzi birgə dəyərləri təbliğ edə bilər. Radio ilə yanaşı Qarabağdakı erməni icmasına yönəlik televiziya kanalımız da olarsa, daha yaxşı effekt alına bilər. Mən ağzı zorla Yerevana tərəf döndərilmış insanların belə bir jestə biganə qalacağını düşünmürəm.
Əslində, belə bir addımın atılmasının vacibliyi ilə bağlı bir neçə il əvvəl Xankəndi seçki dairəsindən parlamentdə təmsil olunan Flora xanımla geniş danışmışdıq. O zaman deputat xanım gənclərimizdə vətənpərvərlik duyğularının necə yüksəldilməsi və Qarabağ mövzusunun yaddaşlarda daimi qalması ilə bağlı ciddi və səmimi narahatlıq hissləri keçirirdi. Həmin vaxt biz Flora xanımla çox məsələləri, variantları müzakirə etmişdik. Maraqlı təkliflərdən biri də həmin radiokanal məsələsi idi, çünki belə bir kanalı indinin özündə də yaratmaq həm ideoloji, həm də iqtisadi cəhətdən əlverişlidir. Ona görə də məsələnin vacibliyini nəzərə alaraq Flora xanım bununla bağlı müəyyən instansiyalara müraciət etməli idi, etmişdi də…
Həmin cazibədar ideyanın müzakirəsindən neçə illər keçib. İndiyədək radiokanaldan bir xəbər çıxmadı, amma Qarabağda azan məsələsi bütün medianı dolaşdı…
Barış Manço ilə samuray söhbəti
və dadı qaçmış Novruz bayramının duzsuz personajları haqqında bahar fantaziyası
Adətən, məşhur adamlarla ilk görüş yaddaşlarda daha parlaq qalır, çünki bu görüş, bir növ sənin düşüncəndəki obrazı canlandırır və ona əlavə ştrixlər vurur. Sonralar nələrsə dəyişə, dolğunlaşa, cilalana bilər, amma birinci görüşün təəssüratı həmişə unudulmaz olur. Mən böyük sənət adamı Barış Manço ilə birinci dəfə üzbəüz görüşdən aldığım təəssüratı hər dəfə xatırlayanda bu hisslərin adamı qətiyyən aldatmadığına bir daha əmin oluram. Məhz onunla birinci görüşün yaratdığı enerjinin sayəsindədir ki, indi də adı çəkiləndə yaddaşımda dərin ağlı, xoş qılığı, ünsiyyətçilliyi, ürəyəyatımlı səsi ilə adamı ovsunlayan bənzərsiz bir insan canlanır. Sonra isə yaddaşın başqa bir qatından onun qeyri-adi ifaçılıq məharəti, musiqi duyumu, nadir teleaparıcılığı, tanıdığı insanlara misilsiz sevgisi haqqında ən gözəl duyğular baş qaldırır.
Təbii ki, B.Mançonu Türkiyə kanallarından tanıyırdım, apardığı proqramlara baxırdım, Azərbaycanla bağlı layihələrindən, o cümlədən Bakıda uşaq televiziyası açmaq planlarından xəbərdar idim. Sovetlər birliyinin dağılhadağıl vaxtında «İstanbuldan salamlar»ı ilə Azərbaycan və Türkiyə arasında yeni bir körpü qurmuş Etibar Babayevlə yaxın dostluğundan da xəbərdar idim. Məhz Etibar bəyin vasitəsilə biz Barış bəylə Bakıda görüşmüş, onun çəkilişlərində iştirak etmiş, məclislərdə olmuş, maraqlı söhbətlər etmişdik. Ona görə də mən B.Mançonun növbəti dəfə Bakıda olduğundan xəbər tutan kimi E.Babayevi axtardım.
Söz vaxtına çəkər, 1996-cı ilin baharı idi, Azərbaycan televiziyasında rəhbərlik etdiyim «Səhər» proqramı ikinci iliydi efirə çıxırdı, verilişin yaxşı reytinqi varıydı. Proqrama marağın və populyarlığın bir səbəbi də vaxtaşırı efirə tanınmış adamların gəlməsi idi. Ona görə də mən Bakıda olan Barış Manço kimi məşhur bir sənətçini efirə çağırmaq fürsətini əldən verə bilməzdim. Şübhəsiz ki, Etibar bəy də mənim bu vur-hayda onu niyə axtardığımın səbəbini bilməmiş deyildi. Odur ki birbaşa mətləbə keçdi:
– Barış bəyin proqramı bugün-sabah çox gərgindir, amma sizin verilişə mütləq gələr, – dedi. Onun reaksiyası və səsinin xoş ahəngi məni bir az da ürəkləndirdi.
– Bəlkə, bu gün, ya sabah AzTV-də görüşək, – deyə mən məsələni bir az da konkretləşdirməyə çalışdım.
Televiziya işini incəliklərinə qədər bilən Etibar bəy mənim nə demək istədiyimi dərhal anladı:
– Yaxşı, nə deyirəm ki, onda sən sədrlə danış, sabah mən Barışı televiziyaya gəzintiyə gətirərəm, – dedi.
Etibar СКАЧАТЬ