Название: Ovod
Автор: Этель Лилиан Войнич
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241297
isbn:
Onlar qaranlıqda bir qədər sükut içində oturdular. Sonra Montanelli əlini Arturun çiyninə qoyub dedi:
– Oğlum! Ürəyin səni hara çağırır?
Artur ayağa qalxdı:
– Həyatımı İtaliyaya fəda etməyə, onu köləlikdən və dilənçilikdən xilas etməyə, avstraliyalıları qovmağa və Allahdan başqa ağa tanımayan azad respublika yaratmağa!
– Artur, sən axı heç italyan da deyilsən.
– Bunun əhəmiyyəti yoxdur.
Montanelli ağaca söykənərək əli ilə gözlərini örtdü və nəhayət dedi:
– Bir dəqiqəliyə otur, oğlum.
Artur oturdu; Montanelli onun əllərini əllərinin içinə alıb bərk-bərk sıxdı.
– Bu, çox gözlənilmədən oldu… Bunu aydınlaşdırmaq üçün mənə vaxt lazımdır. İndi bircə şeyi unutmamağını xahiş edirəm: əgər sənə bir şey olsa, mən ölərəm.
– Padre!
– Dayan, qoy sözümü bitirim. Artur! Sən mənim üçün öz oğlum kimisən. Mən sənə baxmaqdan doymuram, sən mənim gözümün işığısan. Sənin həyatını qorumaq üçün ölməyə də hazıram. Ancaq indi mən acizəm… Səndən xahiş edirəm, ehtiyatlı ol. Bunu mənim üçün, həm də ölən ananın xatiri üçün et…
– Yaxşı, padre, siz də mənim üçün, həm də İtaliya üçün dua edin.
Artur diz çökdü, Montanelli əlini onun aşağı əyilmiş başına qoydu. Bir neçə dəqiqə keçdi. Artur qalxıb yavaş-yavaş uzaqlaşdı. Montanelli tək qaldı…
İkinci fəsil
Arturun Montanelli ilə bərabər İsveçrəyə səyahətə çıxması ögey qardaşı Cems Bertonun xoşuna gəlməsə də, etiraz etmək üçün əsas tapa bilmədiyindən razılıq verməli oldu.
London gəmi sahibləri olan “Berton və oğulları” yüz ildən çox idi ki, İtaliyada ticarət müəssisəsi yaratmışdılar. Ailə başçısı arvadını itirdikdən sonra kiçik uşaqlarının tərbiyəçisi olan Qledis adlı qəşəng bir qadınla evlənmişdi. Qadın onun böyük oğulları ilə, az qala, həmyaşıd idi. Ögey ananın varlığına dözmək Cems və Tomasa çox ağır gəlirdi. Bir müddət sonra isə Qledisin oğlu – Artur doğuldu. Qardaşları Arturu sevməsə də, ona qarşı olan borclarını öz bildikləri kimi yerinə yetirməyə çalışırdılar.
Artur məktubuna cavab olaraq pul çeki və soyuq icazə məktubu aldı; pulun yarısını botanika kitablarına, qovluqlara sərf etdi və ilk dəfə olaraq, Alp dağlarını səyahətə yollandı.
İndi Montanellinin kefi əvvəlkindən çox yaxşı idi. Bağçadakı söhbətə daha sakit baxırdı. Öz-özünə deyirdi: “Artur hələ cavandır. Onu qədəm qoyduğu yoldan öyüd-nəsihətlə qaytarmağa vaxt var”.
Onlar bir neçə gün Cenevrədə qalmağı qərara almışdılar. Lakin açıq-aşkar sezilirdi ki, Artur tozlu sahilləri, turistləri gördükdən sonra darıxmağa başlayır. Montanelli onu təbəssümlə müşahidə edirdi.
– Əzizim, bura xoşuna gəlmir?
– Göl çox gözəldir. Təpələrin mənzərəsi də yaxşıdır. Amma şəhər… o qədər təmizdir ki, elə bil onu yalayıblar. Ona baxanda qardaşım arvadı Yuliya yadıma düşür.
Montanelli güldü.
– Zavallı!… İstəsən, burada çox qalmarıq. Bu gün yelkənli qayıq tutub göldə gəzərik, sabah səhər isə dağlara qalxarıq.
Onlar axşama kimi yelkənli qayıqla göldə gəzib ertəsi gün səhər dağlara yola düşdülər; dərə ilə yuxarı qalxır, gecələmək üçün kiçik dağ kəndlərində qalır, sonra yenə yola düşürdülər.
Bir səhər otlaqdan keçərkən Artur soruşdu:
– Padre, bilirsiniz, nə fikirləşirəm?
– Nə?
– Mən demək istəyirəm ki… Məncə, kilsənin ruhanilərə evlənməyi qadağan etməsinə təəssüf etmək lazımdır. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o qədər çox layiqdir. Padre, əminəm ki, siz evlənsəydiniz, uşaqlarınız çox…
– Sus! – Montanelli bu sözü tələsik və pıçıltı ilə dedi.
Montanellinin tutulduğunu görən Artur pərt olsa da, yenidən sözə başladı:
– Padre, mənim dediyim doğru deyil? Əlbəttə, yanıla bilərəm, mən, sadəcə olaraq, düşündüyümü dedim.
Montanelli mülayim bir ifadə ilə dedi:
– Bir neçə ildən sonra bu barədə fikrin dəyişəcək… Yaxşısı budur, gəl başqa şeydən danışaq.
Onlar nahardan sonra qaldıqları mehmanxananın eyvanına çıxdılar. Eyvanda iki ingilis rəssamı oturmuşdu. Onlardan biri şəkil çəkir, o biri isə ingilis dilində tənbəl-tənbəl danışırdı.
– Villi, əl çəkin bu cızma-qaradan. Yaxşısı budur, o gözəl və gənc italyanın şəklini çəkin.
– O, əlbəttə, qəşəngdir, üzünün gözəl rəngi var; lakin onda atasında olan valehedici gözəlliyin heç yarısı da yoxdur.
– Kimin?
– Atasının; baxın, düz sizinlə üzbəüz oturub.
– Məgər onun katolik keşişi olduğunu görmürsünüz?
– Keşiş? Hə-ə, elədir! Yaxşı, güman edək ki, bu gənc onun qardaşı oğludur.
Artur gülə-gülə Montanelliyə baxıb yavaşca dedi:
– Onlar nə gicdir! Amma məni sizə oxşatmaları çox xoşuma gəldi. Çox istərdim ki, sizin qardaşınız oğlu olum… Padre, sizə nə oldu? Rənginiz niyə elə ağardı?
– Hərdən başım gicəllənir. İndi gedib uzanaram. Keçib gedər… – Montanelli ayağa qalxıb yavaşca dedi.
…İki həftə sonra Arturla Montanelli İtaliyaya qayıdırdılar. Hava gözəl olsa da, gəzinti onlara əvvəlki kimi zövq vermirdi.
Arturla “daha ətraflı danışmaq” fikri Montanellini həmişə məşğul edirdi. Bu söhbət üçün yay tətili ən münasib vaxt idi. Lakin ona elə gəlirdi ki, Artura Alp dağlarının verdiyi ilk sevinci pozmaq düzgün olmaz. Hər səhər danışmağı qərara alır, axşam СКАЧАТЬ