Ovod. Этель Лилиан Войнич
Чтение книги онлайн.

Читать онлайн книгу Ovod - Этель Лилиан Войнич страница 1

Название: Ovod

Автор: Этель Лилиан Войнич

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241297 

isbn:

СКАЧАТЬ title>

      BİRİNCİ HİSSƏ

      Birinci fəsil

      Artur ruhani seminariyasının kitabxanasında rektor Montanellinin əlyazmasını axtarırdı. Montanelli qələmi yerə qoyub Artura məhəbbətlə baxdı:

      – Əzizim, tapa bilmirsən? Qoy qalsın. O hissəni təzədən yazaram.

      Hər dəfə Artura müraciət edərkən Montanellinin səsində sonsuz nəvaziş duyulurdu.

      – Taparam, padre1. Bilirəm ki, o, buradadır. Budur, tapdım!

      Artur səssizcə Montanelliyə yaxınlaşdı. Bu balacaboy, zərif görünüşlü gəncin uzun qaşları, əsəbilik ifadə edən titrək dodaqları vardı. Onu ilk baxışdan kişi paltarı geymiş qəşəng bir qıza oxşatmaq olardı; çevik hərəkətləri ilə isə bəbiri xatırladırdı.

      – Tapdın? Artur, heç bilmirəm sənsiz neylərdim?! Hələlik bəsdir, daha yazmayacağam. Gedək bağa, bayaq soruşduğun, sənə aydın olmayan şeyləri izah edim.

      Onlar sakit və kölgəli monastır bağına getdilər. Montanelli maqnoliya ağacı altındakı skamyada oturdu.

      Artur universitetdə fəlsəfə öyrənirdi. Çətinliyə düşəndə, adətən, Montanelliyə müraciət edərdi.

      Montanelli Artura qaranlıq qalan yerləri izah etdikdən sonra oğlan soruşdu:

      – Sizə lazım deyiləmsə, gedə bilərəm, padre?

      – Bir az qala bilsən, yaxşı olar. Vaxtın varmı?

      – Əlbəttə, var!

      Artur ağacın gövdəsinə söykəndi. Onun qara kirpikləri arasından xəyali dalğınlıqla baxan, sirr dolu mavi gözləri anasının gözlərinə oxşayırdı. Montanelli bu gözlərə baxa bilmirdi.

      – Əzizim, çox yorğun görünürsən! Məncə, işini təzədən başlamağa tələsmə. Ananın xəstəliyi, yuxusuz gecələr səni əldən salmaya bilməzdi. Hələ uzun zaman dincəlməlisən.

      – Ah, padre, bunun nə əhəmiyyəti var? Anamın ölümündən sonra evdə qalmağa daha taqətim yoxdur. Yuliya axırda məni dəli eləyəcək.

      Yuliya onun böyük ögey qardaşının arvadı idi: Arturun həyatını zəhərləmək üçün hər şeydən istifadə edirdi.

      Montanelli nəvazişlə dedi:

      – Qohumlarının yanında nahaq yerə qalırsan. Həkim dostunun yanında bir ay qala bilərsən, sonra yenə də işləməyə gücün olar.

      – Yox, padre, doğrusu, gedə bilmərəm! Uorrenlər yaxşı, səmimi adamlardır, ancaq məni başa düşmürlər. Başlayacaqlar təsəlli verməyə – anamdan danışacaqlar… Bir də ki, elə ancaq bu deyil…

      – Daha nə var ki?

      Artur əyilmiş üskükotu budağından bir neçə çiçək qoparıb, əsəbi halda didməyə başladı.

      Bir az susduqdan sonra dedi:

      – Mən o şəhərdə yaşaya bilmərəm. Orada mağazalar var, – bu mağazalardan anam həmişə mənə oyuncaq alardı; orada sahil küçəsi var, – xəstələnməmişdən qabaq onunla bu sahildə gəzərdim. Hara getsəm, hər yer elə… Sonra da o qəbiristanlıq… yox, ora gedə bilmərəm…

      Artur dalğın halda əlindəki üskükotu çiçəyini xırda-xırda qoparıb tökürdü. Onlar xeyli susdular. Hava qaralmağa başlasa da, Montanellinin qar kimi ağarmış üzünü görmək mümkün idi. Onun başqasının dərdinə bu cür ürəkdən yana bilməsi Arturu heyran etmişdi.

      Nəhayət, Montanelli başını qaldırıb mehribanlıqla dedi:

      – Yaxşı, mən təkid etməyəcəyəm. Ancaq mənə söz ver ki, yaxşı dincələcəksən. Məncə, evdən uzaqda olsan daha yaxşı olar.

      – Padre, siz tətildə hara gedəcəksiniz?

      – Mən, həmişəki kimi, tələbələri dağlara aparıb yerbəyer etməliyəm. Avqustun ortalarında bir qədər Alp dağlarını gəzəcəyəm. Bəlkə, sən də mənimlə gedəsən? Əlinə Alp mamırı ilə məşğul olmaq üçün çox gözəl fürsət düşərdi. Ancaq qorxuram ki, mənimlə darıxasan.

      – Sizinlə getmək üçün nəyim varsa, hamısını verərdim. – Artur həyəcanla dedi. – Ancaq… əmin deyiləm…

      – Demək istəyirsən ki, böyük qardaşın icazə verməz?

      – Əlbəttə, o, etiraz edər, lakin bunun mənim üçün əhəmiyyəti yoxdur. İndi mənim on səkkiz yaşım var, istədiyim kimi hərəkət edə bilərəm.

      – Ciddi etiraz edərsə, yaxşı olar ki, sözündən çıxmayasan. Evdə vəziyyətin daha da pisləşər…

      – Qətiyyən! – Artur coşqunluqla onun sözünü kəsdi. – Onsuz da onlar məni heç vaxt sevməyiblər, nə etsəm, yenə də sevməyəcəklər.

      – Hər halda bu barədə ona məktub yazmaq lazımdır. Görək nə deyir. Bizi sevirlərmi, ya bizə nifrətmi edirlər – öz hərəkətlərimizdə gərək bunu əsas tutmayaq.

      Artur azca qızardı və ah çəkərək dedi:

      – Bəli, bilirəm. Amma bu, çox çətindir.

      Montanelli söhbətin mövzusunu dəyişdi.

      – Bilirsənmi, çərşənbə axşamı yanıma gələ bilmədiyinə görə çox təəssüf etdim.

      – O gün bir tələbənin mənzilində yığıncaq vardı, məni gözləyirdilər.

      – Nə yığıncaq?

      Artur bir az karıxdı.

      – Bu… Cenevrədən gələn bir tələbə nitq söyləyəcəkdi.

      – Nə barədə?

      Artur özünü itirdi:

      – Padre, siz o tələbənin adını soruşmayacaqsınız ki? Söz vermişəm ki…

      – Mən heç nə soruşmuram. Amma güman edirəm ki, mənə inana bilərsən.

      – Əlbəttə, padre! O, bizdən… xalq qarşısındakı borcumuzdan danışdı. Ondan da danışdı ki, biz necə kömək edə bilərik…

      – Kömək? Kimə?

      – Xalqa… bir də… İtaliyaya…

      Onlar xeyli susdular.

      Montanelli ciddi tərzdə soruşdu:

      – Artur, bu barədə çoxdan düşünməyə başlamısan?

      Artur başını aşağı əyib dedi:

      – Padre, məsələ belə olub. Keçən payız giriş imtahanlarına hazırlaşarkən tanış olduğum tələbələrdən bir-ikisi mənə bu məsələ haqqında danışdı… Oxumaq üçün kitab da verdilər. Ancaq bu, məni çox da maraqlandırmadı. Daha çox anamın yanına qayıtmaq haqda düşünürdüm. Onda anam evdə, Yuliyanın, qardaşlarımın yanında dustaq kimi tənha idi. Qışda o xəstələnəndə həmin tələbələri də, kitabları da unutdum… Sonra məlum oldu ki, СКАЧАТЬ



<p>1</p>

padre – xristian dinində kilsə xadimi, müqəddəs ata