Məni itirməyin. Исмаил Шихлы
Чтение книги онлайн.

Читать онлайн книгу Məni itirməyin - Исмаил Шихлы страница 7

Название: Məni itirməyin

Автор: Исмаил Шихлы

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-02-0

isbn:

СКАЧАТЬ bu sonsuz, sehrli-sirli dünyada yaradanın nələr xəlq etdiyindən heç kimin xəbəri yox idi. Ancaq onu bilirdilər ki, cənnətdən sonra bura pis idi, çox pis! Burada, gah soyuq ruzigarın öz acı nəfəsi ilə hər şeyi buza döndərdiyi, gah da günəşin od ələyib bütün aləmi yandırıb-yaxdığı bu bəhrəsiz diyarda qalmaq çətin idi. Onlara demişdilər ki, Məğribdən Məşriqə bir yol uzanır, o yol ilə getsəniz, üfüqün o üzündə gözəl bir diyar var, ora çatarsınız. Elə bir diyar ki, dağlar baş-başa verib, çaylar çeşmələrdən, irmaqlardan güc alıb daşlanır, şəlaləyə dönüb sıldırım boşluqlardan tökülür, sonra da düzənliklərə axıb hər yeri çəmənliyə, gül-çiçəyə döndərir. Vadilər meşədir, ormanlıqdır. Orada nə istəsəniz, tapacaqsınız. Ceyran-cüyür ovlayacaq, qızıl-gümüş sularda çiməcək, ətirli gül-çiçək içində yatacaqsınız. Quşlar öz nəğmələriylə sizə laylay çalacaq, bihuşdarı ağaclarının ətri sizi məst edəcək. Orada çaylardan su yerinə bal-yağ axır. Nə soyuq ruzigar görəcəksiniz, nə də qızmar günəş.

      Yola çıxdılar. Elliklə, obalıqla. Daşlı-kəsəkli yollar aşdılar, səhralar keçdilər. Yolda anadan olan uşaqlar əvvəlcə qucaqda gəzdilər, sonra analarının əlindən tutub yeridilər. Bir də gözlərini açıb gördülər ki, onların əlindən tutanların əlindən tutmaq lazımdır. Dünənki uşaqlar indiki qocaların əlindən tutası oldular. Yenə qatarlaşıb irəlilədilər, ancaq üfüqü aşa bilmədilər. Yaxınlaşdıqca üfüq uzaqlaşdı, əlçatmaz bir məsafəyə döndü.

      Gözəl diyar əvəzinə yollarının üstünə buzlaqlar çıxdı, ilanlı-əqrəbli düzənliklərlə qarşılaşdılar. Cavanlar ayaq saxlayıb dayandılar, geri qayıtmaq istədilər, ancaq qocalar razı olmadılar. “Biz heç, barı siz o diyara çatın, xoş gün görün”, – deyə onları dilə tutdular. Yenidən yola düşdülər. Buzlaqlar keçdilər, bələnlər aşdılar, ölənlər də oldu, yollarda qalanlar da. Əldən-ayaqdan düşənləri dallarına aldılar, elə hey irəlilədilər, gecəli-gündüzlü yollarda oldular. Bir də gözlərini açıb gördülər ki, qocalardan heç kəs qalmayıb. Kədərləndilər. Valideynlərini ağ günə çıxarda bilmədiklərinə görə özlərini danladılar. Ancaq onu bilmirdilər ki, ölənlər də uşaqlarına bir gün ağlaya bilmədiklərinə görə bu dünyadan əli uzanıqlı, ürəyi nisgilli getmişdilər.

      Bir gün səhrada yağışa düşdülər. Göy şaqqıldadı, buludlar kəllə-kəlləyə gəldi. Elə bil ağrıdan gözlərini yumub, selləmə yağış axıtdılar. Çöllərin tozu yatdı. Bədənlərə sərinlik gəldi. Yağış birdən başladığı kimi birdən də kəsdi. Göyün üzü çimib sığallanan gəlin sifəti kimi tərtəmiz oldu. Birdən insanlar gördülər ki, səmada iki göy qurşağı var. Sarı, yaşıl, göy və qırmızı zehli qurşaq. Biri qabaqda idi, o biri arxada. Sevindilər. İnandılar ki, cənnətmisal diyara gəlib çatıblar. Bu qurşağın altından keçən kimi orada olacaqlar. Ancaq bilmədilər, hansı qurşağın altından keçsinlər: irəlidəkinin, yoxsa arxadakının. Uşaqlar qocaların əlindən tutub qabağı göstərdilər, qocalar isə arxadan qorxduqları üçün geri qayıtmaq istəmədilər. İrəli getdilər. Sevinə-sevinə, qaça-qaça, üzü günəşə, göy qurşağına doğru. Göy qurşağı cazibədar idi, özü də lap yaxındaydı, əlini uzatsan, çatardı. Qaçdılar, çalışdılar ki, onun altından keçsinlər. Ancaq onlar yaxınlaşdıqca göy qurşağı geri çəkildi və birdən gülə-gülə, öz gözəlliyi ilə insanları heyran qoya-qoya yoxa çıxdı.

      İnsan övladları dayandılar. Məyus-məyus səhraya boylandılar.

      …Saksaul kolunun dibinə arxası üstə uzanıb gözünü səmaya zilləyən insan övladı bunları xatırladı, ulu babaları haqqında eşitdiklərini yada saldı və özünün keçib gəldiyi ömür yolunu gözləri önündə canlandırdı…

      Yollarda qalanlar çox oldu. Sağa buruldular, sola qanrıldılar, bəziləri də “daha gedə bilmirik” dedilər. O isə yolundan dönmədi. Axı düz iki dəfə aydınca görmüşdü ki, səhranın ortasında yaşıl bir diyar var. Həmin diyarda çaylar axır, sular ləpələnir… Sinəsi güllü-çiçəkli dağların başı qardır. Hətta suların, dağların sərinliyini üzündə hiss etmiş, ceyran-cüyür səsini eşitmiş və yəqinləşdirmişdi ki, ulu babalarından tutmuş indiyə qədər axtardıqları cənnətmisal diyar elə budur. Gözünü cənnətmisal diyardan çəkmədən, bir azdan orada olacağı ümidi ilə irəliləmişdi. Ancaq əli boşa çıxmışdı. Qaranlıq qarışanda həmin diyar zülmətə bürünmüş, səhər açılanda isə tamam yoxa çıxmışdı. Həm də bu yuxuya bənzər cənnətmisal diyarı iki dəfə görmüşdü. İkisində də birdən-birə peyda olmuş, birdən-birə də yoxa çıxmışdı. Bu nə sirr idi, başa düşə bilmirdi…

      …Yola düşməzdən əvvəl uşaqlarını bir kənara çəkmiş, “siz dincəlin, mən gedirəm, ‒ demişdi, ‒ oranı tapacağam, arxayın ola bilərsiniz, mütləq tapacağam. Onda gəlib aparacağam, darıxmayın”. Gecəni gündüzə qatmışdı, gündüzü də gecəyə, elə hey irəliləmişdi. O vaxtdan nə qədər keçdiyini bilmirdi, uşaqlarının başına nə iş gəldiyindən xəbərsiz idi. Amma ümidini itirməmişdi. Elə dünən də səhranın ortasındakı həmin gözəl diyarı açıq-aşkar görmüşdü. Haradasa lap yaxındaydı, gəlib çatmışdı.

      Uzandığı yerdən durub yola düşmək istədi. Ayaqları sözünə baxmadı. Sızıltıdan bədəni göynədi. Qərara aldı ki, bir azca mürgüləyib dincini alsın. Xəyalından keçirdi ki: “Bu dəfə mütləq oranı tapacağam, daha gözümdən qoymaram”. Ayaqlarını uzadıb başını torbasına söykədi.

      Nə qədər yatdığını bilmədi. Gözünü açanda onu gördü ki, səhra istidən od tutub yanır. Narın qumlar qovrula-qovrula yeriyir, yeridikcə qum təpəcikləri ovulub axır və qırçınlanıb dəniz ləpələri kimi bir-birini qovur. Gözünü hərləyib göyün üzünə baxdı və başa düşdü ki, çox yatıb, lap çox. Əsasını götürdü, torbasını çiyninə aldı və birdən diz çökdü.

      Qarşıda, günəşin qarsıyıb yandırdığı bu sonsuz qumlu səhranın ortasında məxmər kimi yaşıl bir çəmənlik vardı. Bu çəmənliyin ətəyini üzü göz kimi hamar və parlaq olan sular yalayırdı. Dağların zirvəsi yenə qar idi, sinəsində isə gül-çiçək ləpələnirdi, sular şırıldayırdı. Ceyran-cüyür mələşməsi eşidilirdi. Bu, həmin diyar idi. Çoxdan bəri axtardığı və iki dəfə apaşkar gördüyü cənnətmisal diyar. Bu, həqiqət idi, bu cür qarabasması ola bilməzdi, quşların səsinə qədər eşidilirdi. Suların sərinliyi üzə vururdu, çiçəklərin ətri sinəsinə dolurdu. Əllərini göyə qaldırdı. “Şükür kərəminə, ey yeri-göyü yaradan, ‒ dedi, ‒ axır ki, məni mənzilə çatdırdın!”

      Ayağa durdu. Torbasını, əsasını atdı, qollarını açdı, heç nəyə fikir vermədən irəli cumdu. Elə bil uçurdu. Addımının birini burada atırdı, birini də təpənin o üzündə. Mənzilə lap az qalırdı, əlini uzatsan, çatardı. Artıq şübhə ola bilməzdi. Hər şey aydınca görünürdü, hər şey göz qabağındaydı. Ürəyi az qalırdı partlayıb sinəsindən çıxsın. Amma buna fikir vermədi. Tövşüyə-tövşüyə, ayaqları dolaşa-dolaşa, üzü Məşriqə tərəf, gözəl diyara doğru qaçdı.

      Birdən dəhşət içində dayandı. Gördü ki, gözəl diyarın СКАЧАТЬ