Döyüküb ətrafa boylandı. Gün yaxmağa hazırlaşırdı. Ağacın kölgəsi yerini dəyişmişdi. Kişinin üzünə gün düşmüşdü. Bunu hiss edən dəvə sahibinin üstünə uzandığı palazdan yapışdı, sürüyüb kölgə düşən tərəfə gətirdi. Kişi torlanan gözlərini dəvənin üzünə zillədi. Dəvə onun nə demək istədiyini başa düşdü və palazı sürüyüb lap ağacın dibinə gətirdi. Sahibinə kömək elədi ki, kürəyini ağacın gövdəsinə söykəsin. Dəvəçi bir balaca nəfəsini dərdi, gözünü dolandırıb ətrafa baxdı və əli ilə işarə etdi ki, dəvə yaxına gəlsin. Dəvə sahibinin önündə diz çöküb yerə yatdı. Göz-gözə baxdılar. Birdən dəvə boynunu uzadıb sahibinin dizi üstə qoydu. Kişi əlini qaldırıb onun yumşaq tükünü sığalladı.
– Deyəsən, ölürəm, gəl halallaşaq.
Dəvə başını qaldırıb sahibinin üzünə baxdı. Dəvəçi gördü ki, heyvanın gözləri yaşarıb, az qalır insan kimi hönkürüb ağlasın.
– Səni çox incitmişəm. Elə vaxt olub ki, iki dəvənin yükünü sənə yükləmişəm, üstəlik özüm də belinə minmişəm. Gecələr də sənə rahatlıq verməmişəm, karvanın birini yola salan kimi o birini götürüb ay işığında yola çıxmışam. Sir-sifətindən görmüşəm ki, narazısan, amma üstünü vurmamışam, yolu yola calamışam. İncimə, əlacım olmayıb, arvad-uşağımı saxlamaq üçün çörək qazanmalıydım. Elə bilirsən, mən özüm əziyyət çəkmirdim? Elə bilirsən, bu çöl-biyabanda gecəli-gündüzlü yol getməkdən xoşum gəlirdi? Evdə, arvad-uşağın yanında rahatca oturmaq istəmirəm? Mən səndən çox razıyam. Sən olmasaydın, biz acından ölərdik. Sənin əməyini itirmək olarmı? Bilirəm, xətrinə də dəymişəm, sənə ağır söz də demişəm, hətta bəzən hirslənib döymüşəm də. Amma sağ ol, üzümə qayıtmayıbsan. Tək bircə dəfə, doğrudan da, nər kimi qızdın, məni qabağına salıb qovdun, az qaldın ki, çığnayıb öldürəsən, amma axırda yazığın gəldi, üzümə lomba ilə tüpürdün və bununla da hirsin yatdı. İndi, deyəsən, axırım çatıb, gedirəm. Aramızda nə olubsa, halal elə.
Kişi nəfəsini dərib dayandı. Dəvə başını onun dizinin üstündən xeyli qaldırmadı. Nəfəsi ilə sahibinin soyuq əlini isitdi. Birdən adam kimi dilə gəldi:
– Hər şeyi sənə halal edirəm, bütün günahların-dan keçirəm, amma bircə şeyi sənə bağışlaya bilməyəcəyəm.
Kişi elə bil diksinib dirçəldi. Dəvə sahibinin sual dolu gözlərinə baxdı.
– Yadındadırmı, bir dəfə yorulub lap əldən düşmüşdüm. Yüküm ağır idi. Üstəlik, ölən iki dəvənin dərisini də mənə şəlləmişdin. Ayağım yerimirdi, istidən dilim ağzımda yanırdı. Neçə dəfə üzünə baxdım, ya yükümü azalt, ya da qoy bir az dincəlim, dedim, fikir vermədin. Mən həmişə karvanın qabağında getmişəm, başçı olmuşam, sən buna da qiymət vermədin. Zırpı bir eşşəyi çəkib gətirdin, mənim noxtamı onun quyruğuna bağladın. Bax, bunu sənə heç vaxt bağışlaya bilməyəcəyəm, heç vaxt!
Dəvənin gözləri qupquru idi. Kişi isə kürəyini ağaca söykəyib dayanmışdı. Onun ayaqları, əlləri soyuyub buza dönmüşdü.
Şahın oğlu
Günlərin bir günü çapar çapdı, qasid gəldi və şaha xəbər verdilər ki, oğlun arvad-uşağı ilə sərhədi keçib sənin torpağına ayaq basmışdır, bir-iki günə karvanlı, kəcavəli paytaxtda olacaq, qarşıla. Şah bu xəbərdən heç nə başa düşmədi və fikir-zikir içində, ayağında qızıl haşiyəli başmaq, çiynində kəşmiri ipəkdən xələt, al-əlvan naxışlı xalılar döşənmiş otaqlardan keçə-keçə arvadının yanına gəldi. Qızıl bilərzikli qolları buğum-buğum olan ətli-əndamlı xanım şahı görən kimi buruq-buruq saçlarını çiyninin üstündən geri elədi, baş örtüyünü tələsik götürdü. Yaxasının açıq yerini örtdü və məxmər döşək üstündən qalxıb, taxtdan yerə düşdü, əlini sinəsinə qoyub şahın önündə baş əydi. O, intizar və ehtirasla gözlədi ki, kişisi həmişəki kimi əbasını çiynindən atacaq, qollarını belinə dolayıb onu qucaqlayacaq, əvvəlcə əlini arvadının göbəyinə çəkəcək, sonra nəfəsi təngiyə-təngiyə boyun-buxağından öpəcək. Ancaq şahın ona toxunmayıb taxtın üstündə qayğılı-qayğılı oturduğunu görəndə ürəyindən keçənlərdən utanıb, həyalı gəlin kimi qızardı, azacıq sonra isə ərinin sərt baxışlarından təşvişə düşdü. Kirimişcə ərinə yaxınlaşıb yanında oturdu. Pişik qılıqlı, işvəli, nazlı xanım bir an içində dönüb hökmdar arvadına çevrildi. Şahın gözlənilməz sualı onu diksindirdi:
– Arvad, mənim oğlum yoxdur, bəlkə, sənin var?
– Bu nə sözdür, qibleyi-aləm, mən ki on dörd yaşımdan sənin yanındayam.
– Onda bu oğul haradan peyda oldu?
Xanım çaparın gətirdiyi naməni ərinin əlindən aldı, dönə-dönə oxudu, ərinə baxdı və gördü ki, şahın rəngi dümağdır, əlləri əsir.
– Gələn kimi o dələduzun boynunu vurduracağam.
– Yox, qibleyi-aləm, əl saxla, yoxsa nahaq qan tökmüş olarsan. O adam hər kimsə, sənə pənah gətirib, insaf elə.
Kişi dəfələrlə ağıllı tədbiri ilə onu dardan qurtaran arvadının qayğılı səsini eşidib yumşaldı və gözünü xanımın ağıllı gözünə zillədi:
– Bəs nə eləyim?
– Onu adına layiq, şah oğlu şah kimi qarşıla.
Şəhərə car çəkdilər, xəbər verdilər ki, şahzadə uzun və uzaq səfərdən qayıdır, toy-bayramdır, hamı qırmızı geyinsin, al qumaşa bürünsün, əllərinə xına yaxsın, yollara çıxsın. Kasıblara, yetimlərə şirni paylansın, xələt verilsin. Eyvanlara gəbə salınsın, yollara, gələn əziz qonaqların ayaqları altına gül-çiçək səpələnsin. Şahın atlı qoşunu da, saray əyanları СКАЧАТЬ