Birdən meşənin dərinliyindən indiyə qədər qoca palıdın eşitmədiyi qəribə bir səs gəldi. Bu səs boğuq idi. Nə insan səsinə bənzəyirdi, nə də heyvan. Qoca palıd təşvişə düşdü. Nəfəsini içinə salıb dinlədi ki, görsün taqqıltı haradan gəlir və səhər-səhər meşənin zümzüməsini pozan bu səs nə səsidir? Hər şey susmuşdu. Nə yarpaqlar pıçıldaşırdı, nə də otlar, çiçəklər. Quşlar cəh-cəhini kəsmişdi. Heç nə görünmürdü. Elə bil otlar aşağı sinmiş, quşlar haradasa büzüşüb gizlənmişdilər ki, yerlərini bilən olmasın. Lap uzaqdan meşənin dərinliyindən gələn taqqıltı indi daha aydın eşidilirdi. Azacıq sonra taqqıltını iniltili bir xırıltı əvəz etdi. Tufanlı-şimşəkli günlərdə kökündən qopub yıxılan, ya da ortasından qırılan ağac xırıltısına bənzər bir xırıltı. Bu xırıltıdan yer titrədi. Qoca palıdın qaşları çatıldı. Ona elə gəldi ki, yer ayağının altından qaçdı və beynində dolaşan müdhiş fikirdən vahimələndi. Ətrafa boylandı və gördü ki, hamı gözünü ona zilləyib, hamı bu müdrik qocadan kömək istəyirdi. Özünü ələ aldı. Səs gələn tərəfə çaparlar göndərdi və tapşırdı ki, meşəni lərzəyə salan bu səsin nə olduğunu dərhal öyrənsinlər.
Çaparlar yola düşdülər. Gecəli-gündüzlü üç gün yol getdilər və həftənin axırında geri döndülər. Qoca palıd onların sir-sifətindən başa düşdü ki, pis xəbərlə gəliblər, yoxsa belə məlul-məhzun olmazdılar. Çaparlardan biri cəsarətlə gəldi:
‒ Baba palıd, meşəni qırırlar.
‒ Kim?
‒ Balta.
‒ Balta nədir?
‒ Əl boyda bir dəmir parçasıdır. Par-par parıldayan almaz kimi iti ağzı var. Qabağına nə keçirsə, doğrayıb tökür.
Qoca palıd fikrə getdi. Qayğılı-qayğılı saqqalını qaşıdı:
‒ Bu əl boyda dəmir parçası ağacı necə kəsir axı?
Çaparlardan o biri sözə qarışdı:
‒ Düz deyirsiniz, baba palıd, onun uzun sapı var. Həmin sapdan yapışıb baltanın iti ağzı ilə ağacları doğrayırlar. Sap olmasa, bizə heç nə edə bilməzlər.
Qoca palıdın səsi titrədi və təşvişlə soruşdu:
‒ Baltanın sapı nədəndir?
‒ Ağacdan.
‒ Onda bizi qıracaqlar.
‒ Niyə?
‒ Çünki sapı özümüzdəndir.
Sənə “aslanım” deyən
Adı dünyaya yayılmış Diziaynalı pəhləvan bu gün şahın hüzuruna gələndə baş əymədi. Vəzir-vəkili də saymayıb dərhal yuxarı keçdi. İçəridəkilər onu gözaltı süzsələr də, qorxularından heç nə demədilər. Bilirdilər ki, şah istəkli pəhləvanına söz deyənin boynunu vurdurur.
Diziaynalı adəti üzrə şahın sağ tərəfində əyləşdi, dəstəyi naxışlı, uzun, enli qılıncını dizinin üstünə qoyub şəstlə içəridəkiləri süzdü. Şah da dinmədi. Həmişə başını tumarlayıb kürəyinə döydüyü sevimli pəhləvanının axır vaxtlar heç kəsi saymadığını, bu gün isə onun özünə belə məhəl qoymadığını görsə də, susdu. Ancaq hiss etdi ki, barmaqları şahlıq taxtının dirsəkliyini sıxdı.
– Necəsən, oğlum?
– Keyfin yaxşı olsun.
– Güləşməyə hazırsanmı?
– Güləşməyə yox, dünyanı çiynimə qaldırıb yerə çırpmağa da hazıram. Bu saat qollarımda elə güc var ki, heç kim, heç kəs qabağımda dayana bilməz!
– Yəni deyirsən, dizini yerə gətirən olmaz?
– Elə oğulu hələ anası doğmayıb.
Pəhləvan ayağa durdu. Sinəsini qaldırıb şahın önündə dayandı. Onun enli kürəyi otağın yarısını tutdu. Şah pəhləvanın iri, cod əllərinə, tüklü qollarının şişmiş əzələlərinə, şüşənin altından aydın görünən diz kündələrinə, köks qəfəsinin aşağısına, qabırğalara doğru uzanan və paltarın üstündən belə aydınca hiss edilən girdə əzələlərinə, nəhayət, boynuna bitişmiş çiyinlərinə baxdı. Onun çiyni və sinəsi o qədər qabarıq idi ki, bunların müqabilində başı olduqca balaca görünürdü.
– İstəyirsən, bu saat buradakıların hamısını bürüb-büküb alım dizimin altına!
Şahın qaşları çatıldı. Sifətindən qəzəb qarışıq acı bir təəssüf keçdi:
– Lazım deyil. – Şah qəzəbini boğub zorla gülümsündü. Diziaynalı bu gülüşdəki məzəmməti duymadı. – Sabahkı döyüşdən qabaq səni bir yerə göndərəcəyəm.
– Hara?
– Qəbiristanlığa.
– Nə?
Şah pəhləvanın təəccübünə əhəmiyyət vermədi. Sakitcə sözünə davam etdi:
– Gedərsən qəbiristanlığa, Rüstəm Zalı çağırarsan.
– Ölü mənim nəyimə lazımdır?
– Gərək olar.
Pəhləvan gəldiyi kimi, gedəndə də heç kəsi saymadı.
O, şəhərin kənarlarındakı qədim qəbiristanlığın girəcəyində ayaq saxladı. Xəfif külək yovşan qoxulu havanı onun üzünə çırpdı. Qəbiristanlıq böyük idi. Üstü naxışlı, uca, iri başdaşları qibləyə üz tutaraq qatarlaşmışdı. Daşların üstünə qəbirdə yatanların sənətini bildirən şəkillər çəkilmişdi.
Pəhləvan asta və ləngərli addımlarla lal sükuta qərq olmuş qəbirlərin arası ilə ortadakı təpəyə doğru addımladı. Otlar saralmışdı. Çökmüş qəbirlərin ətrafında böcəklər dolaşırdı. O, qurumuş otların, yovşanların arası СКАЧАТЬ