Məni itirməyin. Исмаил Шихлы
Чтение книги онлайн.

Читать онлайн книгу Məni itirməyin - Исмаил Шихлы страница 6

Название: Məni itirməyin

Автор: Исмаил Шихлы

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-02-0

isbn:

СКАЧАТЬ heyranlıq bildirən bir pıçıltı keçdi. Oğlan arvadı ilə birlikdə qəti addımlarla pillələri çıxdı və şahın qabağında diz çökdü, onun əlini öpdü.

      – Xoş gördük, ata.

      – Xoş gəlmisən, bala. Sən də xoş gəlmisən, qızım, qədəmlərin yüngül olsun.

      Şah əvvəlcə “oğlunun”, sonra da al-qumaş içində su sonası kimi cilvələnən, incəbel gəlinin alnından öpdü. Xanım onların hər ikisini qucaqladı, önündə ədəblə diz çökən gəlinin başını sinəsinə sıxdı, onun müşk-ənbər qoxuyan saçından, alnından öpdü. Qulluqçular yenicə dil açan totuq bir oğlan uşağının qolundan tutub irəli gətirdilər. Uşaq qaz kimi yanlarını basaraq qaçdı və “baba” deyib şahın qucağına atıldı. Şah bu qanıqaynar uşağın üzündən öpüb dizinin üstünə aldı. Oğlan əldən-ələ gəzdi.

      Hökmdar o gün “oğlunun” şərəfinə gecəyarıyacan davam edən böyük bir ziyafət verdi.

      Qonaqlıqdan sonra oğlan arvad-uşağını yuxuya verib şahın hüzuruna gəldi və gördü ki, hökmdar arvadı ilə yanaşı oturub onun yolunu gözləyir. Heç nə demədən ikiqat əyilib təzim etdi və hökmdarın sorğu-sualını gözləmədən əlini qoynuna salıb qat kəsmiş bir kağız çıxartdı, sakitcə ona verdi. Şah kağızı aldı, ehmalca açdı, öz qolunu və möhürünü görəndə diksindi, xəttini də tanıdı. Oxudu və qaşlarını çatıb dördcə kəlmədən ibarət olan bu məktubu harada, nə şəraitdə, nə vaxt yazdığını yadına salmağa çalışdı.

      …Həmişəki kimi təğyir-libas olub gəzirdi. Əlində əsa vardı, ayağında çarıq. Saç-saqqalı uzanmışdı. Hava isti olduğundan tər içindəydi. Ciyəri yanırdı. Susuzluqdan dili, ağzı qurumuşdu. Şəhərin küçələrini, karvansaraları gəzməkdən yorulmuşdu. Bir içim su tapmaq məqsədilə yolunu bazardan saldı və elə girəcəkdə tığlanmış qarpızları görəndə ayaq saxladı, ürəyindən keçirtdi ki, elə yaxşı oldu, birini alıb kəsərəm. Həm susuzluğum dayanar, həm də nübar eləyərəm. Qarpızsatana yaxınlaşdı, pul üçün əlini cibinə saldı. Qarpızsatan yetişmiş iri bir qarpız seçdi.

      – Buyur, baba dərviş, nübardır.

      – Neçəyədir?

      – On dinara.

      Şah əlini cibindən çıxartdı. “Çox bahadır”, – dedi. Ağzının suyu axsa da, pula qıyıb qarpızı ala bilmədi.

      Elə bu vaxt başı papaqlı, çiyni yapıncılı, əli çomaqlı bir çoban yanlarını basa-basa gəlib özünü qarpız tağının üstünə saldı. Heç nə soruşmadan bir yekəsini seçib götürdü, pulunu verdi. Əlini cibinə salıb bıçaq axtardı, tapmadı. Oyan-buyana boylandı və birdən qarpızı yerə çırpıb paraladı. Dişinə çəkib iştaha ilə yedi. Şah udquna-udquna çobana baxdı. Qarpızın suyu onun ağzından, çənəsindən şoralanıb sinəsinə tökülürdü. Padşah fikirləşdi: “Şah olasan, ürək eləyib bir qarpız ala bilməyəsən, amma Allahın bir çobanı səndən cəsarətli çıxa”, – və kağız götürüb bir neçə söz yazdı. Kənara çəkilib gözlədi. Çoban yanından ötəndə kağızı onun ayağının altına atdı. Çoban tələssə də, kağızı gördü. Götürüb o üz-bu üzünə baxdı və birdən yüyürüb şaha yaxınlaşdı.

      – Baba dərviş, bu kağız mənlə danışmır, oxu görək nə yazılıb?

      Şah oxudu: “Bu dünya quyruqdur, bacarıb yeyənə. Şah oğlu Şah Abbas”.

      – Kim?

      – Şah Abbas.

      Çobanın qaşları çatıldı, ani fikrə getdi və birdən gözləri qığılcımlanıb alovlandı. Kağızı şahdan alıb yola düşdü.

      İndi şah həmin kağızı əlində tutub oğlanın üzünə baxırdı.

      – O çoban mənəm, – deyə oğlan şahın qabağında diz çökdü. Bu kağızı tapandan sonra ağamın sürüsünü bir baş bazara haylayıb satdım. Özümə yeddi yoldaş tapdım, yeddi yəhərli-yüyənli at aldım, oğlanları dərziyə aparıb paltar tikdirdim, geyindiribkecindirdim, özümə də şahzadə libası tikdirdim. Bəzəndik, yaraqlandıq və yola düşdük. Ölkələr basa-basa gəlib Misir padşahının torpağına çıxdıq. Özümü sənin oğlun kimi qələmə verdim. İnandılar. Boy-buxunumuz, bər-bəzəyimiz onları çaşdırdı. Xəbər padşaha çatan kimi dalımızca çapar göndərdi, bizi sarayına apardı. Eşidəndə ki, sizin oğlunuzam, az qaldı düşüb taxtını mənə versin. Bizi buraxmadı. Bir gün qırx qaravaşı ilə bağda gəzən şah qızını gördüm və o gündən yorğan-döşəyə düşdüm. Misir padşahı arif imiş, dərdimi bildi və qızını mənə təklif elədi. Sən demə, qız da mən dərddə imiş. Cah-cəlalla toyumuz oldu. Evləndik, oğlumuz da oldu. İndi, qibleyi-aləm, öz ayağımla gəlmişəm. Başım sizin hüzurunuzdadır, nə fərman versəniz, tabeyəm.

      Şah dinmədi. Saqqalını qaşıya-qaşıya fikrə getdi. Xeyli sükutdan sonra dönüb arvadının üzünə baxdı. Xanım yavaşca yerindən durdu. Əli sinəsində padşahın qabağında diz çöküb fərman gözləyən oğlanın qolundan tutub qaldırdı.

      – Yaxşı eləmisən, bala, halal xoşun olsun.

      İlğım

      O, dayandı. Əlini gözünün üstünə qoyub, üfüqlərə qədər uzanan sonsuzluqlara baxdı. Su kimi qırçınlanıb axan sarı, narın qum ləpələrindən başqa, heç nə görmədi. Bu ləpələr balaca bir titrəyişdən hərəkətə gələrək yeriyir, tozlana-tozlana irəliləyir və mavi səmanın qurtaracağına doğru yüyürürdü. Göydən od ələnirdi. Adamın düz başının ortasında dayanan günəş kəhrəba kimi sarı səhra qumlarını qovurub qıpqırmızı edirdi. Nəfəs aldıqca boğaz quruyur, tüpürcək adamın dilinə yapışırdı.

      Kainatın bu sonsuz sakinsiz diyarında təkcə dayanan insan övladı dincəlmək istədi. Onun qarşısında hələ uzun yol vardı. Nəfəsini dərib yorğunluğunu almalı idi. Ətrafa boylandı. Kölgəlik axtardı. Yastıyapalaq saksaul kolundan başqa, gözünə heç nə dəymədi. Topuğa qədər isti quma bata-bata ora yaxınlaşdı. Əsasını, torbasını atıb oturmaq istərkən fışıltı eşidərək, geri sıçradı. Gördü ki, bir ilan quyruğu üstə qalxmışdı. Göz-gözə dayandılar. Hər ikisinin gözü qonur idi, hər ikisi döyüşü udmaq istəyirdi. Kim bir balaca qorxsa, geri çəkilsə, basılmış olacaqdı. İnsan övladının geri çəkilmək fikri yox idi. Əksinə, hazır dayanmışdı ki, ilan üstünə atılsa, boğazından yapışsın. Deyəsən, bunu ilan da duydu, asta-asta aşağı yatdı və sürünüb uzaqlaşdı.

      O, gözünü ilanın əyri-üyrü izindən çəkmədən oturdu. Ayaqlarına baxdı. Cadar-cadar idi. Yolların isti qumu dərisini yandırmışdı. Çınqıl daşlar pəncəsini doğramış, dabanını çatlaq-çatlaq eləmişdi. Ayağının altı qalınlayıb gönə dönmüşdü. Bədəni qovrulub yanırdı. Əynindəki paltarları cırıq-cırıq idi. Uzandı. Bir azca sərinləmək СКАЧАТЬ