− Bir əskik var.
− Onbaşı Pars!
− Buyur.
− Ərlərin hamısı burdamı?
− Hamısı.
− Onbaşı Göy Börü!
− Buyur.
− Ərlərin hamısı burdamı?
− Beşi əskikdir.
− Onbaşı Buğra!
12
Yüzbaşı İşbara Alp bu suala cavab almadı. Yenidən bağırdı:
− Onbaşı Buğra!
Qalın bir səs cavab verdi:
− Onbaşı Buğra cənnətlik olub.
− Ərlərinin hamısı burdadımı?
− Burdadır.
− Onbaşı Qara Budaq!
− Buyur!
− Ərlərinin hamısı burdadımı?
− Üçü yoxdur.
− Onbaşı Üç Oğul!
− Buyur!
− Ərlərinin hamısı burdadımı?
− Biri əskikdir.
İşbara Alp, onbaşıları sorğu-sual edərkən çatışmayan ərlərin sayını bilmək üçün bıçağı ilə ağac parçasının üstə xətt cızırdı. Sorğu bitincə çəkdiyi cızıqları saydı. On iki əsgər və onbaşı Buğra ölmüşdülər.
Günəş ətrafı isidirdi. Göydə qoyun yununa oxşar buludlar vardı. Gecə vaxtı təpədən-dırnağa qədər yaş olub üşüyən əsgərlər indi yavaş-yavaş quruyub isinirdilər. Hələ bir az öncə, atlıların toplandığı enişdə kökslərinə qədər qalxan, önünə gələni aparan, Göy Türk ordusunun on üç igidini udan su indi hardaydı? Hər şeyi bağrında əridən, yüz illərcə durmadan qanla bəslənən türk elinin bozqırlarının torpağı bu suları sanki bir anda içmişdi. İri quşlar uçuşur, incə bir buğ torpaqdan yüksəldikcə
yüksəlirdi.
İşbara Alp yeni bir göstərişlə əsgərlərini dünən gecə qaldıqları yerə aparmağa başladı. Yenicə
düzənliyə çıxmışdılar ki, qarşıdan bir atlının böyük sürətlə onlara doğru çapdığını gördülər. Kürən ata minmiş bir əsgər onlara çatmağa otuz addım qalmış atının başını çəkib bağırdı:
− Yüzbaşı İşbara Alp kimdir?
İşbara Alp atını irəli sürüb cavab verdi:
− Mənəm! Sən kimsən? Nə istəyirsən?
Atlı atından yerə atılıb yüzbaşını salamladı:
− Mən Bağatur Şadın at uşağıyam, Bağatur Şad tez geriyə, onun ordusuna dönməyinizi tapşırdı.
Çinə hücum olmayacaq. Çuluq Kağan zəhərlənib cənnətlik olub.
Atlı bir sıçrayışla yenidən atına mindi. Dumanlı bozqırda atını ildırım kimi sürməyə başladı.
Düzənlikdə çaparaq uzaqlaşan atın nal səslərindən başqa bir şey eşidilmirdi. İşbara Alpın əsgərləri arasında bir ölüm səssizliyi vardı. Donub qalmışdılar. Kimsə bir söz söyləmir, nəfəs almaqdan belə
çəkinirdi. İşbara Alp başını göyə qaldırdı. Keçən gecəki o uğursuz buludu axtardı. Boşuna atdığı oxu düşündü. Gecəki boranı, fırtınanı, dolunu göz önündən keçirdi; “Tanrı ulu kağanımızı əlimizdən almaqla bizdən üz döndərdi”, − dedi. Sonra rəngi saralan, amma səssiz-səssiz ona baxan əsgərlərinə
göstəriş verdi:
− Ardımca gəlin! Erkən çatmalıyıq!
Sonsuz düzənlikdə səksən yeddi atlı uçurdu. Çuluq Kağanın kiçik qardaşı Bağatur Şadın tabeliyində olan yüzbaşı İşbara Alp onun ardınca gedirdi. Dəqiqələr keçdikcə atların sürəti artırdı.
Atların quyruqları, əsgərlərin qumral saçları havada dalğalanırdı.
13
BAĞATUR ŞAD
Dörd yana xəbərçi göndərmişdilər, ətrafdakı bütün əsgərlər Bağatur Şadın ordusuna toplaşmışdı.
Artıq geriyə dönürdülər. Əvvəlcə Çuluq Kağanın öz ordusuna, oradan da Yurda köç edəcəkdilər.
İyrimi min atlı quzeyə doğru ağır-ağır gedirdi. Yüzbaşı İşbara Alp səksənaltı əsgəri ilə birlikdə bu dəstənin ortasında idi. Bütün ordu ağzına su almışdı. Çünki Çuluq Kağanın İçinq Katun tərəfindən zəhərlənib öldürüldüyünü öyrənmişdilər.
Onbaşı Yamtarla onbaşı Pars sıranın arxasında idilər. Yavaş-yavaş danışırdılar. Pars deyirdi:
− Çinli Katunun etdiyini gördünmü? Çinin altını-üstünə çevirəcəyimizi anlayınca kağanı zəhərlədi.
Yamtar belə cavab verdi:
− Bir şey anlamıram. Katun öz ailəsinin yenidən Çinə kağan olmasını istəmirdimi? Çuluq Kağan çinliləri məğlub edərək onun istəyini yerinə yetirəcəkdi. Elə isə hansı səbəbə görə Katun Kağanı zəhərlədi? Mənə elə gəlir ki, nəsə başqa bir səbəb var.
− Başqa nə səbəb ola bilər?
− Nə olacağını bilmirəm. Yəqin ki, bu qadın sorğu-suala çəkiləcək. O zaman səbəbi nə olduğunu biz də öyrənəcəyik.
− Bu qadının mütləq ölməsi gərəkdir. Heç şübhəsiz yay kirişi ilə onun nəfəsini kəsəcəklər.
− Kağanı zəhərləyən kim olursa-olsun, yay kirişi ilə öldürülə bilməz. Onun qılıncla başını vurmaq, ya da oxla köksünü dəlmək lazımdır.
− Bağatur Şadın otağına baxan çinli xidmətçiləri gördünmü? Bəlli etmək istəmirdilər amma sevincdən içləri içlərinə sığmırdı.
− Bağatur Şad, ağası Çuluq Kağanı zəhərləyən bu qadını sağ buraxmaz. Bu çinli qadınlar çox zaman qısır olurlar. Yalnız ən nəcabətlisi beş uşaq doğa bilər. İnəklər buzovlayar, СКАЧАТЬ