Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi
Автор: Карл Генрих Маркс
Издательство: JekaPrint
isbn: 978-9952-8245-3-8
isbn:
Qiymət formasını nəzərdən keçirməyə qayıdaq.
Çəkisi müəyyən olan metal miqdarlarının pul adları bir sıra müxtəlif səbəblər üzündən öz ilkin çəki adlarından tədricən fərqlənməyə başlayır. Bu səbəblərdən tarixən həlledici səbəblər aşağıdakılar olmuşdur. 1) Nisbətən aşağı inkişaf pillələrində olan xalqlar arasında xarici pulların işlədilməsi. Məsələn, Qədim Romada qızıl və gümüş sikkələr əvvəlcə xarici əmtəə olaraq tədavül etmişdir. Əlbəttə, bu xarici pulların adları yerli çəki vahidlərinin adlarından fərqlidir. 2) Sərvət artdıqca, çox nəcib metal az nəcib metalı dəyər ölçüsü funksiyasından sıxışdırıb aradan çıxarır: gümüş misi, qızıl gümüşü sıxışdırıb aradan çıxarır, hərçənd bu sıra qaydası qızıl və gümüş dövrlərinin şairanə xronologiyasına ziddir, Məsələn, funt sterlinq həqiqətən bir funt gümüşün pul adı olmuşdur. Lakin qızıl gümüşü dəyər ölçüsü vəzifəsindən sıxışdırıb aradan çıxardıqda bu ad, qızılla gümüşün dəyəri arasındakı nisbətdən asılı olaraq bəlkə də 1/15 funt və i. a. miqdar qızıla verilir. Pul adı olan funt ilə müəyyən miqdar qızılın adi çəki adı olan funt indi bir-birindən ayrılmış olur54. 3) Tam bir sıra əsrlər boyu hökmdarlar sikkəni arasıkəsilmədən saxtalaşdırmaqla məşğul olmuşlar, bunun da nəticəsində sikkələrin ilkin çəkisinin həqiqətdə ancaq adı qalmışdır55
Bu tarixi proseslər sayəsində metalın çəki miqdarlarının pul adının öz adi çəki adından ayrılması xalqlar arasında bir adət şəklini alır. Pul miqyası, bir tərəfdən, tamamilə şərti olduğuna görə, digər tərəfdən isə, hamı tərəfindən qəbul edilməli olduğuna görə, ən nəhayət, qanunla tənzim edilir. Nəcib metalın müəyyən çəki miqdarı, məsələn bir unsiya qızıl, rəsmən müəyyən hissələrə bölünür və bunlara rəsmi surətdə müyyən adlar qoyulur, məsələn: funt, taler və i. a. Əslində pul ölçü vahidi olan belə bir hissə özü də yeni hissələrə bölünür və qanun əsasında bunlara öz adları verilir: şillinq, penni və i. a. Hər halda metalın müəyyən çəki miqdarları əvvəlki kimi yenə də metal pulun miqyası olaraq qalır. Ancaq hissələrə bölmək üsulu və bunların adları dəyişilir.
Beləliklə, qiymətlər, yaxud əmtəə dəyərlərinin ideal surətdə çevrildiyi qızıl miqdarları indi pul adlarında, yaxud qızıl miqyasının qanunvericilik yolu ilə qoyulan hesab adlarında ifadə olunur. Bir kvarter buğdanın bir unsiya qızıla bərabər olduğunu demək əvəzinə ingilis deyəcəkdir ki, bir kvarter buğda 3 funt sterlinq 17 şillinq 10 1/2 pensə bərabərdir. Beləliklə, əmtəələr öz pul adları vasitəsi ilə nə dəyərində olduqlarını göstərir və hər hansı bir şeyi dəyər kimi, yəni pul formasında təsbit etmək lazım gəldikdə, pul hər dəfə hesab pulu olur.
Hər hansı bir şeyin adı onun təbiəti ilə əsla əlaqədar deyildir. Əgər mən bir adamın ancaq adının Yakov olduğunu bilirəmsə, onun haqqında heç bir şey bilmirəm. Eynilə də funt, taler, frank, dukat və i. a. pul adlarında da dəyərlər nisbətinin hər bir izi silinib gedir. Bu ecazkar nişanların gizli mənası barəsində dolaşıqlıq xüsusən ona görə böyük olur ki, pul adları eyni zamanda həm əmtəələrin dəyərini, həm də müəyyən çəkidə olan metalın, pul miqyasının müəyyən hissəsini ifadə edir56, digər tərəfdən, lazımdır ki, əmtəə aləminin öz rəngarəng və ala-bəzək cisimlərindən fərqli olaraq dəyər inkişaf edib bu irrasional şey forması və eyni zamanda xalis ictimai forma alsın57.
Qiymət əmtəədə maddiləşmiş əməyin pul adıdır. Deməli, əmtəə ilə adı əmtəə üçün qiymət olan pul miqdarı arasındakı ekvivalentlik sadəcə tavtologiyadır, həm də ümumiyyətlə əmtəə dəyərinin nisbi ifadəsi eyni zamanda iki əmtəənin ekvivalentliyi ifadəsidir58. Lakin əmtəə dəyəri kəmiyyətinin göstəricisi olmaq etibarı ilə qiymət eyni zamanda əmtəənin pula olan mübadilə nisbətinin göstəricisidirsə, buradan heç də belə bir əks nəticə çıxmır ki, əmtəənin pula mübadilə nisbətinin göstəricisi olan qiymət hökmən dəyər kəmiyyətinin göstəricisi olmalıdır. Tutaq ki, bərabər kəmiyyətli ictimai zəruri əmək 1 kvarter buğdada və 2 funt sterlinqdə (1/2 unsiyaya qədər qızılda) ifadə olunur. 2 funt sterlinq bir kvarter buğdanın dəyər kəmiyyətinin pul ifadəsidir, yaxud onun qiymətidir. Lakin şərait bu bir kvarter buğdanın qiymətini 3 funt sterlinq təyin etməyə imkan verirsə və ya onu 1 funt sterlinqə endirməyə məcbur edirsə, onda aydındır ki, 1 funt sterlinq buğdanın dəyər kəmiyyətinin çox kiçik, 3 funt sterlinq isə çox böyük ifadəsidir, – bununla belə, istər 1 funt sterlinq, istərsə 3 funt sterlinq buğdanın qiymətləridir, ona görə ki, əvvələn, bunlar onun dəyər formasıdır, puldur, ikincisi isə, buğdanın pula olan mübadilə nisbətinin göstəricisidir. İstehsal şəraiti dəyişilmədikdə və ya əməyin məhsuldar qüvvəsi dəyişilmədikdə, bir kvarter buğdanın təkrar istehsalına bütün hallarda eyni miqdar ictimai iş vaxtı sərf olunmalıdır. Bu vəziyyət nə buğda istehsalçılarının, nə də başqa əmtəə sahiblərinin iradəsindən asılı deyildir. Beləliklə, əmtəənin dəyər kəmiyyəti ictimai iş vaxtına əmtəənin zəruri münasibətini, əmtəənin yaradılması prosesinin özünə immanent olan bir münasibəti ifadə edir. Dəyər kəmiyyəti qiymətə çevrildikdə, bu zəruri münasibət məlum əmtəənin ondan kənarda olan pul əmtəəsinə mübadilə nisbəti kimi təzahür edir. Lakin bu mübadilə nisbətində həm əmtəənin dəyər kəmiyyəti, həm də mövcud şəraitdə əmtəə özgəninkiləşdirilərkən bu dəyər kəmiyyətinə nisbətən meydana çıxan plyus və ya minus ifadə oluna bilər. Deməli, qiymətlə dəyər kəmiyyətinin bir-birinə miqdarca uyğun olmaması imkanı, yaxud qiymətin dəyər kəmiyyətinə uyğun gəlməməsi imkanı artıq qiymət formasının özündə vardır. Bu da həmin formanın nöqsanı deyildir, – əksinə, məhz bu fərqləndirici əlamət sayəsində həmin forma elə bir istehsal üsulunun adekvat forması olur ki, bu istehsal üsulu şəraitində qayda nizamsız hərc-mərclik içərisindən özünə ancaq kor-koranə fəaliyyət göstərən orta rəqəmlər qanunu kimi yol aça bilir.
Lakin qiymət forması nəinki dəyər kəmiyyəti ilə qiymət arasında, yəni dəyər kəmiyyəti ilə onun öz pul ifadəsi arasında miqdarca uyğunsuzluq olmasına imkan verir, – həmin formada gizli keyfiyyət ziddiyyəti də ola bilər, bunun da nəticəsində qiymət ümumiyyətlə dəyərin ifadəsi olmaqdan çıxır, hərçənd pul əmtəələrin ancaq dəyər formasıdır. Özlüyündə əmtəə olmayan şeylər, məsələn vicdan, namus və i. a. öz sahibləri üçün satlıq şey ola bilər və СКАЧАТЬ
54
Məsələn ingilis funtu öz ilkin çəkisindən 1/3-dən az hissəsinə bərabərdir, Şotlandiya funtu birləşmə ərəfəsində öz ilkin çəkisinin ancaq 1/36 hissəsinə, fransız livri 1/74 hissəsinə, İspan maravedisi 1/1000 hissəsinə, Portuqaliya reysi isə daha kiçik bir hissəsinə bərabərdir.
55
2-ci nəşrə qeyd. „İndi adı ancaq ideal olaraq qalan sikkələr hər bir millətin ən qədim sikkələridir; bir zamanlar bunların hamısı real sikkə idi və bunlar real sikkə olduğuna görə, hesab da bu sikkələrlə aparılırdı”. (
56
2-ci nəşrə qeyd. „Qiymət miqyası olmaq etibarı ilə qızıl da əmtəə qiymətləri kimi eyni hesab adları daşıdığına görə, məsələn, bir unsiya qızıl da bır ton dəmirin dəyəri kimi 3 funt sterlinq 17 şillinq 10 1/2 pensdə ifadə olunur, – qızılın bu hesab adlarını onun sikkə qiyməti adlandırmışlar. Buradan isə belə bir qəribə təsəvvür meydana gəlmişdir ki, guya qızıl (və ya gümüş) öz materialı ilə qiymətləndirilir və bütün başqa əmtəələrdən fərqli olaraq, qiymətini dövlət təyin elnr. Qızılın müəyyən çəki miqdarları üçün hesab adlarının təyin edilməsini səhv olaraq, həmin çəki miqdarlarının dəyərinin təyin olunması hesab edirlər” (Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“, səh. 52 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 59]).
57
Müqayisə et: „Pul ölçü vahidi nəzəriyyələri“. „Siyasi iqtisadın tənqidinə dair". səh. 53 və sonrakılar [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşrı, 13-cü cild, səh. 60 və sonrakılar]. „Sikkə qiymətinin qaldırılması və ya aşağı salınması haqqındakı bütün xəyallardan məqsəd budur ki, qızılın və ya gümüşün qanunla müəyyən edilmiş çəki miqdarlarına qanunla verilən pul adları dövlət hakimiyyətinin hökmü ilə daha böyük və ya daha kiçik çəki hissələrinə keçirilsin, belə ki, məsələn, gələcəkdə 74 unsiya qızıldan 20 şillinq əvəzinə 40 şillinq kəsilsin. Bütün bu xəyallar xüsusi kreditorlara və dövlət kreditorlarına qarşı sadəcə maliyyə fırıldaqları olmayıb "hər şeyə əlac edən iqtisadi vasitə" axtarıb tapmaq məqsədi güddüyünə görə, artıq Petti özünün "Quantulumcunque concerning Money. Tot he Lord Marquis of Halifax. 1682" adlı əsərində bu xəyalları çox gözəl təsvir etmişdir. Pettinin verdiyi təhlil bu məsələni o qədər mükəmməl əhatə edir ki, onun daha sonrakı xələfləri bir yana dursun, hətta bilavasitə xələfləri olan ser Dadli Nors və Con Lokk onun fikirlərini ancaq bayağılaşdıra bilmişdilər. O o cümlədən deyir: „Dekret vasitəsi ilə ölkənin sərvəti on qat artırıla bilsəydi, təəccüblü olardı ki, nəyə görə hökmdarlarımız artıq çoxdan bu cür dekretlər verməmişlər". (indicə adı çəkilən əsərdə, səh. 36).
58
"Ya da etiraf etmək lazım gələcəkdir ki, pulla götürülən bir milyonun bahası əmtəə ilə götürülən bərabər dəyərdən artıqdır”. (Le Trosne, sitat gətirilən əsər, səh. 919), deməli, „bir dəyərin bahası ona bərabər olan başqa dəyərdən artıqdır“.