Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев страница 6

Название: Azərbaycan səfəvilər dövləti

Автор: Октай Абдулкерим оглы Эфендиев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8052-1-4

isbn:

СКАЧАТЬ göstərdi. Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq 68 yaşına yetməsinə baxmayaraq, yenə də, ”müsibətlər məngənəsindən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır57.

“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə – I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir58.

I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır59. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941-ci (1534-1535) ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir.

Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur.

“Cəvahir əl-əxbaf” hakimiyyətdə olan II Şah İsmayıla həsr olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.

“Əhsən ət-təvarix” – Azərbaycan salnaməçisi Həsən bəy Rumlunun çoxcildlik60 əsəridir. Əsərin sonuncu cildi hicri 900-985-ci (1494-1578)61 illər dövrünü əhatə edir. Hadisələrin şərhi Şah Məhəmməd Xudabəndənin taxta çıxmasına qədər verilir62. Hər il üçün ən mühüm hadisələr şərh edilir, habelə həmin ildə vəfat etmiş feodal hakimləri, din xadimləri, alimlər və şairlər barəsində tərcümeyi-hal məlumatları verilir.

I Təhmasibin yarıməsrlik hakimiyyəti dövründəki hadisələr heç bir başqa mənbədə Həsən bəy Rumlunun əsərində olduğu kimi təfsilatı ilə şərh edilmir. Əgər anonim tarixçinin əsəri I Şah İsmayılın tarixinə dair ən tam mənbədirsə, I Şah Təhmasibin dövrü üçün də “Əhsən ət-təvarix” belə əvəzedilməz mənbə olaraq qalır.

Həsən bəy Rumlu üçün Azərbaycan tarixi böyük maraq kəsb edir. Azərbaycandakı hadisələrə onun əsərində kifayət qədər bölmələr həsr edilmişdir. Onun əsərinin bir çox səhifələri gənc şah I Təhmasibin hakimiyyətinin ilk illərində qızılbaş əyanlarının dövlət aparatında yüksək və gəlirli vəzifələrini tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub vilayətlərinin hakimi Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və s. əks etdirir.

Əsərdə Azərbaycandakı xalq üsyanları, o cümlədən 1571-1573-cü illərdə Təbrizdə sənətkarların və şəhər yoxsullarının baş vermiş üsyanı haqqında qiymətli material vardır63.

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin “Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdır. Bu əsərin əlyazmaları olduqca nadirdir. Keçmiş SSRİ-də qədim əlyazmaların saxlandığı obyektlərdə bu nüsxələr yoxdur. Həmin əsər haqqında ilk dəfə 1935-ci ildə Valter Hins məlumat vermişdir. Müharibədən əvvəl Berlindəki Prussiya dövlət kitabxanasında saxlanılan əsərin əlyazmasının qısa təsviri də ona məxsusdur64.

“Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildir. “Məcmə əş-şüəra” ədəbi antologiyası65 və B.N.Zaxoderin rus dilinə tərcümədə nəşr etdirdiyi “Gülüstan-i hünər”66 əsəri də onun qələminin məhsuludur.

Bizə qədər gəlib çatmış “Xülasət ət-təvarix”in hissəsi, Qazi Əhmədin öz sözlərindən aydın olduğu kimi, hicri 999-cu (1590-1591) ilə qədər Səfəvilərin tarixini əhatə edən tarixi xronikanın yalnız sonuncu – beşinci cildini təşkil edir. Birinci dörd cild bizə qədər gəlib çatmamışdır; ehtimal etmək olar ki, onlar ümumiyyətlə yazılmamışdır. Qazi Əhməd əsərin altıncı cildini yazmaq niyyətini nə dərəcədə həyata keçirdiyini də iddia edə bilmərik.

Qazi Əhməd əsərlərindən istifadə etdiyi aşağıdakı Səfəvi salnaməçilərinin adlarını çəkir: Əmir Sultan İbrahimi Əmini Hərəvi (“Fütuhat-i Şah-i”nin müəllifi), Mir Mahmud ibn Xondəmir, Mövlana Həyati Təbrizi (?), Qazi Əhməd Qəffari (“Tarix-i Cahan-ara”nın müəllifi), Həsən bəy Rumlu (“Əhsən ət-təvarix”in müəllifi)67.

Müəllif göstərir ki, o, beş cildin hamısına ömrünün on iki ilini sərf etmişdir68. Buradan da onun salnaməni təqribən 1578-ci ildə tərtib etməyə başladığı aydın olur.

Əsər I Təhmasibin hakimiyyətinin son on ili, II İsmayıl, Məhəmməd Xudabəndənin hakimiyyət СКАЧАТЬ

57

Cəvahir əl-əxbar, vər. 315a-316a.

58

Yenə orada, vər. 284 b.

59

Yenə orada, vər. 296a-297a.

60

İndiyə kimi belə hesab edilirdi ki, Həsən bəy Rumlunun əsəri 12 cilddən ibarətdir, bizə qədər gəlib çatan ikisi isə 11 və 12-ci cildlərdir. Lakin “Əhsən ət-təvarix”ə xüsusi tədqiqat həsr etmiş Ş.F.Fərzəliyev sübut edir ki, əsər on cilddən ibarətdir və deməli, bizə gəlib çatanlar 9 və 10-cu cildlərdir. Bax: Ш.Ф.Фарзалиев. Относительно томов “Ахсан ат-таварих” Хасан-бека Румлу. “Уч. зап. АГУ им. С.М.Кирова, серия востоковед”, 1972, №1.

61

A Chronicle of the Early Safawis Being the Ahsan ut-tawarikh of Hasan-i Rumlu, vol. I-II, Persian text and Engl, transl. by C.N.Seddon. Baroda, 1931-1934.

62

Əhsən ət-təvarix, səh.496-505.

63

Yenə orada, səh.455-457.

64

W.Hinz. Eine neuendeckte Quelle zur Geschichte Irans im 16 Jahr hundert, ZDMG, Neue Folge, Bd. IV (Bd. 89), Ht. 3/4, Leipzig, 1935, s. 315-328.

65

Bu əsər hələ aşkar edilməmişdir.

66

Кази Ахмед. Трактат о каллиграфах и художниках. Введ., перев. и коммент. проф. Б.Н.Заходера. М.-Л., 1947.

67

Xülasət ət-təvarix, vər. 3a. Mehdi Bəyaninin kitabxanasında saxlanan əlyazmasının fotosurətlərini alman iranşünası Valter Hints lütfkarlıqla bizə təqdim etmişdir. Nüsxə 536 vərəqdən (1072 səhifə) ibarətdir. Burada olan kolofona görə, hicri 1050-ci (1640) ildə Əbu Əli əd-Damğani üzünü köçürmüşdür. Nömrələmə heç də hər yerdə aydın deyildir. Biz daha sonrakı redaksiyanı əks etdirən Berlin əlyazmasından da istifadə etmişik. Sonuncunun mikrofilmlərini lütfkarlıqla istifadəmizə vermiş O.F.Akimuşkinə dərin minnətdarlığımızı bildiririk. Əsərin digər nüsxələri haqqında bax: Ч.Стори. Персидская литература, ч. II, стр.864; ч. III, стр.1469 (bundan sonra: Tehran nüsxəsi – T. Berlin-В.).

68

Xülasət ət-təvarix (T), vər. 5a.