Название: Azərbaycan səfəvilər dövləti
Автор: Октай Абдулкерим оглы Эфендиев
Издательство: JekaPrint
isbn: 978-9952-8052-1-4
isbn:
Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair üç ilk mənbəyə – “Fütuhat-i şahi”, “Həbib əs-siyəf” və bəhs etdiyimiz səlnaməyə malikdir. Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və həmhüdud ölkələrdə Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha tam, dəqiq və müfəssəl hekayədir.24
“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci imam Musa əl-Kazıma gedib çıxan şəcərəsinin şərhi ilə başlanır. Səfəvilərin əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn Bəzzazın “Səfvət əs-səfa” adlı agioqrafik əsərindən götürülmüşdür25.
Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca mövzusunun şərhinə başlayır. Tarixi hadisələr hicri 930-cu (1524) ilə qədər şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik. Anonim müəllifin əsərinin bir sıra üstünlükləri vardır. Əsər, Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin olan, əhəmiyyətli, bütöv yeni başlıqların mövcudluğu ilə qiymətlidir26.
Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi, naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir. Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov səhnələri və digər hadisələrlə əlaqədar yazırdı. Buna baxmayaraq, onun verdiyi məlumatlar çox maraqlıdır.
Naməlum salnaməçi Azərbaycanda və İranın Xəzərsahili vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox qiymətli material verir27. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah İsmayılın Bakını tutmasına həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları üçün böyük maraq kəsb edir28. Yeri gəlmişkən qeyd edək ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat nəzərə alınmamışdır. Azərbaycanda və İranda siyasi vəziyyətin səciyyəsi, feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri demək olar29. Hicri 911-ci (1506) il və 915-ci (1509) ildə qızılbaşların Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur30.
Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi, Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli şəkildə şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki, bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir. Salnaməçi Şah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i sahibqiran”31, yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq”32 hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.
Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o, müəyyən mənada obyektivliyi saxlamağa nail olur. Onun rəvayətində XV əsrin sonu–XVI əsrin əvvəlində Azərbaycanın və İranın sosial-iqtisadi vəziyyəti barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir33. Adı çəkilən “Səffat əs-səfa“ və “Həbib əs-siyəf”dən başqa, müəllifin həmçinin İbrahim Əmininin “Fütuhat-i Şah-i” əsərindən də istifadə etdiyini güman etmək olar. Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki, hər iki mənbədə İsmayılın Kaşana daxil olması və şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki təntənələr haqqındakı hekayələr eynidir34.
“Təzkirey-i Şah Təhmasib” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot, X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirə”nin müəllifliyini I Şah Təhmasibin adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə35 dair özünün tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış etmişdir36. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına əsaslanaraq37 sübut etməyə çalışırdı ki, bu əsər I Şah Təhmasibin “gündəliyi”, yaxud “memuarları” deyildir və şahın Osmanlı səfiri ilə müsahibəsinin protokoludur38. İ.P.Petruşevski39 və K.Q.Tabatadze40 də bu nöqteyi-nəzəri müdafiə edirlər.
Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. “Şah Təhmasibin təzkirəsi” adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi, yuxarıda adı çəkilən “Söhbətin” bir qədər dəyişilmiş variantıdır. Bu hekayədə hicri 930-938-ci (1524-1532) illərin hadisələri şərh edilir və mənbə Səfəvi–Osmanlı münasibətləri ilə əlaqədar deyildir.
Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy Təkəli41, Qazi xan Təkəli42, Əlqas Mirzə43, İsgəndər paşa44 və Sultan Bayazid45 haqqında) ibarətdir.
“Təzkirə” yaddaş qeydləri, memuar səciyyəsi daşıyır. Buna görə də xronoloji ardıcıllıq tez-tez pozulur, real hadisələr şahın röyaları və şəxsi mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan qiymətli ilkin mənbədir. “Təzkirə”nin I Şah İsmayılın vəfatından СКАЧАТЬ
24
“XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” kitabı yazıldığı vaxt bu əsərin mikrofilmləri əlimizdə yox idi.
25
Anonim tarix, vər. 2b-23b.
26
Yenə orada, vər. 53b.
27
Yenə orada, vər. 20b-50a.
28
Yenə orada, vər. 62a-64a.
29
Yenə orada, vər. 77b-78b.
30
Yenə orada, vər. ll9a, 152b-154b.
31
Bibliya çarı Solomon.
32
Saray münəccimlərinin nöqteyi-nəzərincə ulduzların üfüqdə “xoşbəxtlik” üzrə yerləşməsi nəzərdə tutulur.
33
Anonim tarix, vər. 73a, 89a, 113a, b, 119a, 221a və s.
34
Вax: Anonimdə vər. 94b-95a., Əminidə 99a və s.
35
Rəy Rusiya Arxeologiya Cəmiyyətinin Qərb-Şərq bölməsinin əsərlərində dərc olunmuşdur, с. VI, СПб, 1892, səh.377-383.
36
Die Denkwurdigkeiten des Shah Tahmasp I von Persien, Von P.Hom, ZDMG, Bd. 4, 1890.
37
M.Y.Saltıkov-Şedrin adına DKK-nın bizim də istifadə etdiyimiz əlyazması, B.Domun kataloqu, №302, tarixi hicri 1010-cu (1601-1602) ildir.
38
V.Jukovski, səh.382.
39
И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв., стр.26-27.
40
К.Г.Табатадзе. Тбилисская рукопись “Тезкире” шаха Тахмасиба I, Воет. сб. I, Тбилиси, 1960, стр. 169-182.
41
M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №302, vər. 22b.
42
Yenə orada, vər. 22b.
43
Yenə orada, vər. 30a.
44
Yenə orada, vər. 52a.
45
Yenə orada, vər. 71a.