Название: Azərbaycan səfəvilər dövləti
Автор: Октай Абдулкерим оглы Эфендиев
Издательство: JekaPrint
isbn: 978-9952-8052-1-4
isbn:
Əli Zeynalabdin miqyaslı siyasi hadisələrdən bəhs edərkən şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir, rəsmi əhval-ruhiyyəyə əməl edir. O, kiçik məmur işlədiyinə görə bürokratik aparata yaxşı bələd idi və buna görə də saray mühitində mümkün olan hər cür təyinatlar və yerdəyişmələr barədə onun məlumatları diqqətəlayiqdir. Xronikanın dili lakonikliyi ilə fərqlənir və dəbdəbəli ibarələrdən məhrumdur.
Hürşad ibn Qubad əl-Hüseyninin, uzun müddət Hindistanda yaşamış İraqi-Əcəm əhli olduğu ehtimal edilir. Orada o, Əhmədnaqar hakimlərindən, Nizamşahlar sülaləsindən olan Sultan Bürhanın yanında qulluğa girmişdi. Hürşah Bürhan (1508-1553) səfir kimi I Şah Təhmasibin sarayına göndərilmiş və hicri 952-ci ilin rəcəb ayında (1545-ci ilin sentyabrı) Reyə gəlmişdi. Bir ay keçdikdən sonra o, şahın qəbuluna düşməyə nail olmuş və öz hökmdarının min tümən dəyərində olan hədiyyələrini I Təhmasibə təqdim etmişdi47. Hürşahın məlumatına görə o, il yarım Səfəvi şahının sarayında qalmış və onun Gürcüstana və Şirvana yürüşlərində də iştirak etmişdi (1546-1547)48. Hürşahın sonrakı həyatı haqqında məlumat azdır. Hicri 971-ci (1563-1564) ilədək, yəni 19 il ərzində o, Səfəvi sarayında yaşamış və saray dairələrinə yaxın olmuşdur. Burada o, özünün “Tarix-i elçi-yi Nizamşah” (“Nizamşahlar elçisinin tarixi”) adlandırılmış tarixi xronikasının birinci variantını başa çatdırmışdır. Müəllifin məlumatına görə, I Təhmasib onun əsərinə böyük maraq göstərmiş, işlə tanış olduqdan sonra istifadə etmək üçün öz əsərinin surətini ona vermişdi; bu əsərində o, ”xilafətin pənahı əlahəzrət şahın Rum müharibəsindən indiyə kimi başına gəlmiş bəzi hadisələri bir yerə toplamış və onları bir neçə fəslə bölərək xoşagələn hekayələr yazmışdı… ” (Söhbət “I Şah Təhmasibin təzkirəsi”ndən gedir – O.Ə.)49. Gördüyümüz kimi, Hürşah Səfəvi şahının memuarının bəzi yerlərini demək olar ki, köçürmüşdür.
Bundan bir qədər sonra Hürşah Hindistana qayıtmış və 1656-ci ilin iyununda Holkonda vəfat etmişdir.
“Tarix-i elçi-yi Nizamşah” yeddi fəsildən (məqalədən) ibarət olan, hər biri öz növbəsində “söhbətlərə” (“göftar”) bölünən ümumtarix əsəridir.
Altıncı fəsil Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarına, Səfəvilərin ilk iki şahına, Xəzərsahili vilayətlərin hakimlərinə və Osmanlı sultanlarına həsr olunmuşdur. Hürşahın əsərinin bir neçə əlyazma nüsxəsi məlumdur. Lakin onlardan heç birinin mətni tam şəkildə, yəni əsərin bütün hissələrini əhatə etmir50. Keçmiş SSRİ-də bu əsərlər yox idi (yaxud da hələ aşkar edilməmişdi). Onun kiçik bir hissəsi – Şirvanın və digər Xəzəryanı vilayətlərin tarixinə aid parçası Ç.Şefer tərəfindən nəşr olunmuşdur51. Bu hissə məzmunca zəngindir. 1537-1538-ci illərdə Qələndərin (dərvişin) xalq üsyanı haqqında məlumatlarından başqa, burada sonuncu Şirvanşahlar və onların oğlanları barəsində, bu sülalənin nəsil şəcərəsindəki boşluğu doldurmağa imkan verən bəzi məlumatlar vardır.
Biz Britaniya muzeyinin, hələ mənbə müəllifinin sağlığında üzü köçürülmüş nadir nüsxəsindən istifadə etmişik. Bu əlyazması daha erkən yazılmışdır və səhihdir. I Şah İsmayıla və I Şah Təhmasibə həsr olunmuş, bizim üçün çox mühüm olan hissəsini (VI məqalədən 3-cü göftar) özündə əks etdirir. I Təhmasibin hakimiyyəti haqqında çox ətraflı hekayə şahın qardaşı Sam Mirzə hicri 969-cu (1561-1562) ildə Qəhqəhə qalasında zindana salınanadək olan dövrü əhatə edir və hakimiyyətdə olan monarxın mədh olunması ilə bitir. Səfəvilər tarixinin işıqlandırılmasında bu hissədən indiyə kimi istifadə olunmamışdır.
Hürşah Səfəvilər dövlətinin bir çox vilayətlərində – Şirvanda və Azərbaycanın digər hissələrində, Gilanda, Mazandaranda olmuşdur və bu vilayətlərin tarixinə dair onun məlumatlarının dolğunluğu, müfəssəlliyi də elə bununla izah edilə bilər. Hindistan Nizamşahlar dövlətinin səfiri və təbəəsi olan Hürşah Səfəvilərin və şiəliyin tərəfdarı kimi çıxış etsə də, onu fanatizm səviyyəsinə gətirib çıxarmır, öz təmkinli üslubunu və obyektivliyini saxlayır.
Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin “Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsəridir. Bu əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır52 və 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin dövrə qədər çatdırılmışdır).
B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi məlumat vermişlər53. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma “yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar”54.
Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir55.
O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən56 şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi-əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının СКАЧАТЬ
47
Tarix-i elçi-i Nizamşah. Britaniya muzeyinin əlyazması, vər. 58b, 59a; C.Rieu. The Catalogue of the Persian Manuscripts of the British Museum, London, 1879, vol.l, p.110a.
48
Yenə orada, vər. 59a.
49
Yenə orada, vər. 43b, 44a.
50
Əsərin əlyazma nüsxələri haqqında bax: Ч.А.Стори. Персидская литература, ч. I, стр.406-407.
51
C.Schefer. Chrestomatie Persane, t. II, Paris, 1885.
52
B.Dornun kataloqunda əlyazmasının №-si 288-dir.
53
И.П.Петрушевский. Иранские источники по истории Азербайджана XVI-XVIII вв. ССИА, вып. I, Баку, 1949, стр.303.
54
П.И.Петров. Об одном редком источнике по истории Сефевидов. “Сов. востоковед”, 1956, №1, стр. 111.
55
Cəvahir əl-əxbar, vər. 315a.
56
Beləliklə, о (930-14=916), təxminən hicri 916-cı (1510-151 l) ildə doğulmuşdur.