Название: Pənahəli xan
Автор: Фарман Керимзаде
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245011
isbn:
Nadir şah danışır, di gəl, gözünü bir an olsun belə almazdan ayıra bilmirdi.
– Bu almaz racaya yox, şaha layiqdir. Adı da qalsın «Şah almazı»5. Dəyəri həddən artıqdır. İranın bir neçə illik xərcidi. Səfərimiz başa çatdı. Qayıdırıq. Bizi İranın ac-yalavac əhalisi gözləyir. İranı üç il vergilərdən azad edirəm. Darül-İrşada nəzir demişəm. Qapısını qızıldan düzəldəcəyəm.
Nadir şah danışdıqca əyanların ürəklərindən qara qanlar axırdı. Göygöz fikirləşirdi: «Beş kəndim var. Onlardan vergi almasam, üç ildə gör nə qədər ziyan edəcəyəm. Anbarlarım boş qalacaq. Əyan-əşrəf İran kəndlisinin gününə düşəcək, rəiyyət əyan-əşrəfdən varlı olacaq. Nadiri şah seçməklə başımıza bəla açdıq. Bu çox getməz… Hələ bu Pənahəli bəyi başımıza çıxartmağını demirəm. Nadiri şah eləyən Əfşar tayfasıdır, ancaq o, gör kimlərə bel bağlayır?! Belə getsə, bu qiymətli almazı da ona verəcək. Yolda şahın başına bir iş gəlsə, o qədər var-dövlət də əlimizdən çıxacaq».
Göygöz bu cür düşünə-düşünə həm də gələcəklə bağlı tədbir tökməyə başlamışdı. Hətta İrana qayıdarkən yolda fürsət tapıb Nadir şahla söhbətə girişmişdi.
– Möhtərəm şahımız, mübarək qulaqlarınıza çatacaq bir neçə sözüm var.
– Buyur!
– Bizim Əfşar tayfamız indi başqa türk tayfalarından yuxarıda dayanır.
– Hə, sözünü de.
– Ona görə də Əfşar tayfasına gərək güzəştlər olsun.
– Nə güzəşt?
– Elə hər yerdə, hər işdə. Axı biz hökmdarın tayfasıyıq. Başqa tayfaları bizdən yuxarı tutmaq Əfşarların xətirinə dəyər.
Nadir şah onun hansı simə vurduğunu tutdu. Atının cilovunu çəkdi ki, Göygöz də onunla yanaşı gəlsin, dediklərini heç kim eşitməsin. Göygöz də cilovu çəkdi ki, ondan bir az geri qalsın.
– Yanaşı sür atını.
O, Nadir şahla bərabərləşdi.
– Hə, indi qulaq as. Qalaçayda şahı məhz Əfşar tayfasından seçmək kimin işi idi?
– Bilmirəm.
– Yox, bilirsən. Bütün tayfaların. Onlar razılıq verməsəydi, Nadirdən şah olmazdı.
– Axı həmin tayfalarda Nadir şahdan layiqli adam yox idi.
– Taxta oturandan sonra hamı ağıllı adam olur. Başına tac qoyan adamın dediklərini hər kəs «bəh-bəh»lə qarşılayır. Bir də ki, məni şah seçənlərin hamısı mənə sədaqətlə qulluq eləyir. Ona görə də indi Əfşar tayfası-nı başqalarından üstün tutsam, onda üç gündən sonra gərək hakimiyyəti verəm. Heç bir tayfa İranda hakimiyyəti təkbaşına idarə eləyə bilməz.
– Bəs Səfəvilər? Axı onlar ölkəni iki yüz yetmiş ildən çox idarə eləyiblər.
– Düzdür. Lakin xatırla: Hüseyn bəy Lələ hansı tayfadan idi? Yaxud Şamlı… Ya da Qara Piri bəy Qacar, Bayram bəy Qaramanlı kim idi, Məhəmməd bəy Ustaclı haradan gəlmişdi?
Göygözə öz xeyri lazım idi. O, şah kimi düşünə bilməzdi. Ona görə də bu barədə bir daha Nadir şahla danışmamağı qərara aldı. Qoy bildiyi özünə qalsın. Bir də bu barədə danışsa, onda öz kəlləsini itirə bilər…
Əslində, həmin söhbətdən Nadir şah da çox şey götürdü. Başa düşdü ki, Əfşar tayfasından olanların çoxu Göygöz kimi düşünür. Onların fikrinə qalsa, şah tayfabazlıq eləməli, digər tayfaları əfşarların ayağına verməli, bütün ölkənin açar-kilidini yalnız Əfşar tayfasına bağışlamalı, qalanlarımı isə özündən narazı salmalıdır. Halbuki belədə ölkənin hər tərəfində narazılıqlar baş qaldırar, üsyanlar ola bilərdi. Göygöz və onu kimi düşünənlərin sözünə qulaq assa, Hindistandan gətirdiyi və indiyədək İran şahlarının heç birinə nəsib olmayan xəzinəni də yalnız əfşarlar arasında bölməlidir. Yox, belə olmayacaq! Əfşar tayfası böyük və güclüdür. Ancaq o tək deyil və göydən də düşməyib. «Mən kiçik Saraclı tayfasından Pənahəli bəyi Göygözün ayağına necə verə bilərəm? Axı o, daha fərasətli, daha açıq fikirli, sədaqətlidir. Hər kəsi öz qabiliyyətinə görə qiymətləndirmək lazımdır» – Nadir şah belə düşünürdü. Eyni zamanda onu da yaxşı başa düşürdü ki, təkcə öz tayfasına arxalansa, hakimiyyəti uzun sürməyəcək, hətta elə əfşarların özləri onun qəbrini qazacaqlar. Axı bir tayfanın içində də çoxlu nəsil, saysız-hesabsız qol var.
Axırda Nadir şah belə qərara gəldi ki, Göygözün dedikləri çox qorxulu məsələdir, bu məsələdən yaxa qurtarmaq üçün isə indidən tədbir görməlidir.
O nəinki tayfaları birləşdirmək istəyirdi. Bu işə Şah İsmayıl Xətai başlamışdı. Nadir şah, eyni zamanda, Şah İsmayılın vaxtı ilə dövlətin məqsədləri üçün atdığı, indi səhv olan addımını da düzəltmək istəyirdi. Bu da sünni-şiə münasibətlərini yumşaltmaq, din içərisində barışıq yaratmaq idi. Hindistanın var-dövlətini ələ keçirəndən sonra Nadir şah başa düşmüşdü ki, bundan sonra nəzərdə tutduğu işləri görmək onun üçün çətinlik törədəcək. Çünki əhali nə qədər ki kasıb idi, çörək dərdi bütün dərdlərdən üstün idi, onda həmin işləri daha asan görə bilərdi. Adamlar tox olandan sonra isə onlara söz az təsir eləyir.
Nəhayət, şah öz-özlüyündə qərar verdi ki, Əfşar tayfasını bütün ölkə boyu dağıtsın. Hər elatda bir-iki Əfşar kəndi saldırsın. Tayfanın bir yerdə qalmağı ölkə üçün də, Nadir şahın özü üçün də təhlükəli ola bilərdi. Bu qərara gəldikdən sonra şah öz niyyətini həyata keçirmək üçün bəhanə axtarışına başladı. Axırda isə, həmişə olduğu kimi, yenə də ağıllı bir çıxış yolu tapdı: Əfşar tayfasının başçılarını çağırıb onlara deyəcəkdi ki, ölkənin hər tərəfində sizin olmağınız vacibdi, bu, əfşarların hakimiyyətini daha da möhkəmləndirər. Tayfa başçıları isə, şübhəsiz ki, buna həvəslə razılaşacaqdılar. Beləliklə, həm əfşarlar bir yerdə cəmləşməz, həm də tayfalar bir-birinin içərisində yaşayar, qız verib qız alar, qaynayıb-qarışar. Nəticədə birləşərlər.
5
Nadir şahın ordusu Xorasana çatdı. Qoşunlar burada bir neçə gün dayanıb dincələcəkdilər. СКАЧАТЬ
5
«