Название: Pənahəli xan
Автор: Фарман Керимзаде
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245011
isbn:
Əvvəldən almaz görməyən Pənahəli bəy bu qədər qiymətli daş-qaşı bir yerdə görəndə heyrətə gəlmişdi. Üstəlik, fikirləşmişdi ki, bu var-dövləti qorumaq üçün gərək güclü qoşun saxlayasan. Ən qəribəsi isə o idi ki, bir belə sərvətə baxmayaraq Hindistan camaatı lüt-üryan və ac idi. Dilənçi əlindən tərpənmək mümkün deyildi.
Nadirin qoşunları bütxanalarda daş-qaşla bəzədilmiş heykəlləri də söküb çıxardırdılar. Çünki şaha torpaq tutmaq, yeni ölkələrə sahib olmaq yox, var-dövlət əldə eləmək lazım idi.
Göygöz kişi indi özünə lənət oxuyurdu. Axı o, Pənahəli bəyin Şəki xanına dediklərini eşitmiş, Nadirə çatdırmışdı. Şah da Pənahəliyə bəy rütbəsi verib onu Göygözdən də yuxarı vəzifəyə təyin eləmişdi. Bu isə Göygözün ürəyincə deyildi. Var-dövlətin əsas hissəsi Pənahəli bəyin əlində toplanmışdı. Halbuki həmin vəzifə Göygözə tapşırılsa, oradan özü üçün yaxşı pay götürərdi və bundan heç kimin xəbəri olmazdı.
Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırdılar ki, şəhərdə bir raca3 var. Onu da dedilər ki, həmin racadakı almazın qiymətini təyin etmək hələ heç kimə qismət olmayıb. Nadir bu almazı da ələ keçirmək qərarına gəldi. Pənahəli bəyə və yaxın adamlarına tapşırdı ki, racanın almazı harada saxladığını öyrənsinlər. Racanın sarayının keşiyini çəkən sinqlər idi. Onlar başında qırmızı çalma gəzdirir, gur saqqal saxlayırdılar. Əqidəcə müsəlman olduqlarına görə Nadir şahın əsgərləri ilə mehriban münasibətdə idilər. Pənahəli xeyli səy göstərdikdən sonra racanın saray rəisi ilə əlaqə yarada bildi. Uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.
Pənahəli bəy bu xəbəri Nadir şaha çatdıranda hökmdarın gözlərində yeni bir parıltı gördü. Ancaq bu dəfə qırmızı yox, sanki almazdan qopan və qövsi-qüzehə bənzər parıltı!
Nadir şah soruşdu:
– Pənahəli bəy, oğlum, o almazı racadan necə ala bilərik?
– Başı ilə birlikdə.
– Yox, bu, siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. Yaxşısı budur, sarayın zərgərini mənim yanıma çağırtdır.
Pənahəli bəy çıxıb zərgərlə bərabər qayıdanda taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında bir oğlan əyləşmişdi. Üst-başı zər-ziba içərisində idi. Bu, Nadir şahın oğlu idi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, taxtın gələcək sahibidir.
Nadir şah dedi:
– Zərgər, hökmdar tacının eynisini düzəl-dərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan. Sənə iki gün vaxt verirəm.
– Baş üstə. Amma niyə belə ucuz?
– Sənə nə deyirlər onu elə. Ancaq çalış əsl tacdan seçilməsin. Bacararsan?
– Bacararam.
Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.
– Zəhmət haqqını ikiqat artıq verəcəyəm.
Zərgər şahın dediklərindən heç nə başa düşməsə də, əlavə nəsə soruşmağa ürək eləmədi. Baş əyib getdi.
Pənahəli bəy də Nadirin ağlından keçənləri anlaya bilməmişdi.
– İndi başa düşdün siyasət deyərkən nəyi nəzərdə tuturdum? – şah üzünü Pənahəli bəyə tutub soruşdu.
– Hələ də bir şey anlaya bilməmişəm.
– Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar.
Dərhal racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.
Düzdür, racanın saysız-hesabsız nökər-naibləri vardı. Lakin onun kimi zadəganlar Hindistanda az deyildi. Odur ki Nadir şahın dəvətini eşidəndə çox sevindi: ölkəni tutan qüdrətli bir hökmdar bu qədər racanın arasından məhz onu qonaq çağırmışdı.
Özünü hədsiz xoşbəxt hiss edən raca almazı gizlətdiyi çalmasını başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi. Dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. Raca filin üstündəki kəcavəsində də gedə bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, üstəlik, çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan racanı müşayiət edirdi. Raca isə kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüblənirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də, səbəb onun işğalçı bir hökmdarın hörmətini qazanması idi?!
Raca üzünü çevirib pərdəni saldı.
Sarayın qapısında onu Nadir şah özü qarşıladı. Raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da qonağını hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü qoyulmuşdu. Nadir həmin kürsüdə racaya yer göstərdi. Qonaq təşəkkür edib oturdu, lakin əvvəlcə şahın əyləşməsini gözlədi.
Nadir şahın əyan-əşrəfi isə taxtın qarşısından iki cərgə ilə dayanmışdı.
Ziyafətdən öncə şah kiçik bir nitq söylədi.
– Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökm darı Hümayun4 taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməli idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir ki, o borclar yığılıb qalıb. Bizim ölkədə deyirlər ki, borclu borclunun sağlığını istər. Gəldik borclarımızı, xəracımızı aldıq, indi isə geri qayıtmaq istəyirik.
Raca şahı dinlədikcə gülümsəyirdi. СКАЧАТЬ
3
4
Zəhirəddin Baburun oğlu Hümayun, doğrudan da, kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı.