Pənahəli xan. Фарман Керимзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Pənahəli xan - Фарман Керимзаде страница 1

Название: Pənahəli xan

Автор: Фарман Керимзаде

Издательство: Altun Kitab

Жанр:

Серия: Azərbaycan ədəbiyyatı

isbn: 9789952245011

isbn:

СКАЧАТЬ >

      1

      Qartal qocalmışdı. Yaman qocalmışdı. Ona elə gəlirdi ki, yumurtadan çıxıb üç yüz ilə yaxın bir müddətdə yaşadığı yuva həmin yuva deyil. Bir vaxtlar üzərindən uçduğu dərələr, düzlər, kəndlər, sonradan əmələ gələn şəhərlər daha görünmürdü. Çünki qoca qartalın gözlərinin işığı azalmışdı. Boynunun tükü tamam getmiş, lələkləri də seyrəlmişdi. Amma caynaqları iti idi, dimdiyi sanki poladdan tökülmüşdü. Gözlərinin işığı azalsa da, o yumulu bəbəklərdəki heybət, özünə inam azalmamışdı. Bütün ətraf zirvələrdəki qartallar onu özlərinə böyük, ağsaqqal bilir, onun üstünə məsləhətə gəlir, yaxud təzə xəbərlər gətirirdilər. Ancaq nədənsə qoca qartal son vaxtlar bu xəbərlərə inanmaq istəmirdi.

      İndi də yeni xəbər gəlmişdi. Demişdilər ki, düz altı yerdən çıxan qoşunlar biri-birinin üstünə gedir. Dünyadan qan iyi gəlir.

      İnsanların atıb getdiyi qalanın dibində yuva qurandan qoca qartal çox qırğınlar, çox müharibələr görmüşdü. Onun bütün nəsilləri bu qırğınlar hesabına yaşayıb artmış, heç nədən korluq çəkməmişdi. Odur ki yeni qan-qada gözlənildiyini eşidəndə qoca qartal hiss elədi ki, bu onun sonuncu şikarı ola bilər…

      Qartallar yuvalarında ölmürlər. Hələ indiyə qədər bir insan yuvada ölən qartal görməyibdir. Bu, qartal sirridir.

      Qoca qartal ilk döyüşü lap cavan yaşlarında görmüşdü. Böyük bir düzdə qırmızıpapaq döyüşçülərlə silahlarından od püskürən ordu üz-üzə dayanmışdı. Amma orada qartalın caynağına heç nə keçmədi. Döyüş qurtaran kimi ölənləri yığıb kəmali-ədəblə dəfn elədilər. O vaxt qartalların öncülü demişdi:

      «Bu, iki qardaşın müharibəsidir. Sağlıqlarında düşmən olurlar, öləndə qardaş».

      Sonuncu xəbəri gətirən zaman isə qoca qartal soruşdu:

      – Bu gələnlər kimlərdir?

      – Bilmirik. Altı ləşkərdi. Qırğız dağları ilə Ağrı arasında bir-biriləri ilə üz-üzə gəlmək üçün yol keçirlər.

      Qoca qartal fikrə getdi. Aşağı sallanan sağ qanadını yığdı, öz-özünə pıçıldadı: «Bu dağların arasında mən indiyə qədər bir-birinə düşmən olanları görməmişəm. Yəqin ki, onlar da qardaşdırlar…»

      2

      Əsgəran qalasının qapıları açıldı. Qara zurnanın çaldığı cənginin sədası atları da, at belindəki igidləri də cuşa gətirmişdi. Bürclərdə görünən qız-gəlin səhəng-səhəng suyu daşıyıb buraya çıxarmışdılar və üstü Quran ayəli mis camlardakı suyu onların arxasınca atır, onlara uğurlu səfər arzulayırdılar.

      Qabaqda Pənahəli xanın Bəhmənli-Sarıcalı igidləri köhlən belində gedir, günəş onların çiyinlərindən asdıqları gümüşə və sədəfə tutulmuş tüfənglərində, bellərindəki gümüş xəncər və kəmərlərdə bərq vururdu. Onların aralığa aldığı Pənahəli xanın xəncəri də, kəməri də qızıla tutulmuşdu. O, başına xurmayı qaragül dərisindən tikilmiş Qarabaği papaq qoymuşdu. Papağın arxasından topqara birçəkləri əyilib-qalxmışdı. Ağ Qarabağ atı oyum-oyum oynayırdı.

      Xanın arxasınca onun məiyyəti, sonra isə atlı və piyada qoşunlar gəlirdi. Ordunun qarşısında ələmlər və tuğlar, Qarabağ xanlığının bayrağı aparılırdı.

      Qarabağda indiyə qədər çox bayraqlar dalğalanmışdı. İndi isə onun öz bayrağı vardı. Yaşıl bayrağın üstündə toqquşan iki qılıncın şəkli qızıl saplarla işlənmişdi. Bunun da öz mənası vardı. Əvvəla, islam dünyasına bağlılıq və həmişəyaşarlığına görə əbədiyyət rəmzi idi. İkincisi də, Qarabağın rəngini həmişə yaşıl görmüşdülər. Qılıncların toqquşmasının da səbəbi vardı. Burada dünyanın ən böyük cahangir və sərkərdələri qılınc çalmışdı. Teymurləng Qarabağı çox sevirmiş. Bu elə-obaya məhəbbətindən burada qan tökməmiş, Qarabağda müharibə aparmamışdı.

      Bir dəfə yaz çağı Teymurləng köç əmri verir. Amma vəziri ona pıçıldayır:

      – Əmir Teymur, çadırın üstündə qaranquş yuva qurub. O yuvanı dağıdaq?

      – Yox. Çadır qalsın biz köçək.

      Teymurləng köçür. Amma çadır qalır. Qızıl dirəkləri olan çadırı elə-belə atıb getmək olmazdı. Odur ki Teymurləngin çıxdığı Bərəs tayfasından olan candarlar çadırın keşiyini çəkməyə davam edirlər. Bu keşikçilər Teymur ölənə qədər çadıra, onun sahibi-ixtiyarına sədaqətli olurlar. Həmin Bərəs tayfasından qalan igidlər sonradan kənd salır, həmişəlik Qarabağda, Sultanbud meşəsində qalır, böyüyüb elat olurlar. Onlara bir dəfə Səmərqənddən xəbər gəlir ki, niyə dünya malından1 ötəri vətəndən didərgin düşüb Qarabağda qalırlar. Onlar da cavab göndərirlər ki, biz hələ də Əmir Teymurun əmrini yerinə yetiririk. Dünya malında da gözümüz yoxdur. Gəlib çadırı apara bilərsiniz.

      Çadır qədim, tökmə təpənin üstündə qurulubmuş. Adına da həmin çadıra görə Saray təpəsi2 deyirmişlər.

      Amma Teymurləngdən əvvəl Qarabağı monqollar xarabazara çevirmiş, gözəl Beyləqanı dağıdıb yerində arpa səpmişdilər.

      Qarabağ xanlığının bayrağı üstündəki qılınclar həm də Pənahəli xanın Qarabağı qılınc gücünə xanlıq etməsinə bir işarə idi.

      Qarabağdakı elatların hamısı kimi Pənahəlinin da elatı yayda yaylağa, qışda arana qayıdırdı. Yaylaqları Turşsuda, qışlağı Araz kənarındakı Bəhmənlidə idi.

      Bir gün tale onu Əfşar tayfasının başbiləni Nadirlə görüşdürdü. İran mülkü şahsız qalmışdı. Çünki Səfəvilərin sülaləsi bitmişdi. Hakimiyyətə yeni bir sülalə gəlməli idi. Qılınc gücünə, qan hesabına taxta şah çıxartmaq hamını yormuşdu. Odur ki bütün böyük tayfalar sözü bir yerə qoydular: seçki ilə şah seçsinlər. Tayfaların başbilənləri Suqovuşanda, Kürlə Arazın qovuşduğu yerdəki Qalaçayı kəndinə yığışmağı məsləhət görmüşdülər. Sarıcalı-Bəhmənli elinin də ağsaqqalları Qalaçayına yollanmışdı. Tayfanın sayıb-seçilən igidi Pənahəli da onların arasında idi.

      Qalaçayına gələnlər arasında Əfşar, Qacar, Ustaclı və digər tayfaların sayı daha çox idi. Hər tayfa ağsaqqalının yanında silahlı adamlar var idi. Amma əvvəldən belə razılığa gəlmişdilər ki, bu silahlardan yalnız ağsaqqalı qorumaq üçün istifadə olunacaq. Tayfa tayfaya qarşı silah qaldırmayacaq. Hər şey məsləhətlə həll ediləcək.

      Pənahəli xoş bir yaz günündə yaxın dostları ilə Kürlə Arazın qovuşduğu yerə getdi.

      Lilli Araz nisbətən duru Kürlə qovuşur, amma uzun müddət onlar bir-birinə qarışmadan iki rəngdə axırdı.

      Onlar atlarını bağlayıb çayın kənarına endilər. O sahildən üzüb gələn bərə suları yara-yara onlara yaxınlaşırdı. Sahildə isə başqa bir dəstə də ayaq saxlamışdı. Pənahəli onlara salam verdi. Salamı alanda ləhcəsindən onların şəkili olduqlarını bildi. O, Şəki barəsində çox eşitmiş, bu şəhərin tacirləri ilə sövdələşmişdi də.

      Pənahəli digər dəstədəkilərlə söhbətə başladı:

      – Hacı Çələbi yığıncaqda öz fikrini niyə indiyə qədər deməyib?

      – Hacı Çələbi nə desin? Onun fikri Kür kimi aydındı. Görürsən də Arazın suyu onu bulandırmaq istəyir.

      – Qarabağ elatı Nadirin fikirlərinə tərəfdardır.

СКАЧАТЬ



<p>1</p>

Bərəs tayfasının yaşadığı Dünyamalılar kəndi indi ən abad və gözəl kəndlərdən biridir.

<p>2</p>

Saray təpəsi indi də durur.