Название: Hekayələr
Автор: Редьярд Джозеф Киплинг
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242607
isbn:
– Natu! Ehey, Natu!
Qaranlıqda doqqazın ağzından bir qadın çağırırdı.
Uşaq narahat halda qımıldandı.
– Anamdır, – dedi.
– Get, balaca, – Qobind dilləndi, – amma dayan, bir saniyə ayaq saxla.
Sonra səxavətli əliylə yamaqlı örtüyündən iri bir tikə qoparıb Natunun çiyinlərinə saldı. Uşaq qaçıb getdi.
LİSPET
O, dağlı Sonu ilə arvadı Cadehin qızıydı. Bir il qarğıdalının məhsulu pis oldu; onların Kotqarx tərəfdə, Setlec vadisindən yuxarıda yerləşən yeganə xaşxaş tarlasında isə iki ayı gecələmişdi. Buna görə də qışda Sonu ilə arvadı xaçpərəst oldular və öz qızlarını xaç suyuna çəkmək üçün xaçpərəst missiyasına gətirdilər. Kotqarxın keşişi qızın adını Yelizaveta qoydu, ya da dağlı paxarilərin çağırdığı kimi – Lispet.
Bundan bir neçə il sonra Kotqarx vadisinə vəba baş çəkdi, Sonu ilə Cadehi apardı, Lispet isə Kotqarx keşişinin arvadı üçün yarıqulluqçu, yarıortaq kimi bir şey oldu. Bu, Moraviya missionerlərinin oralara sahiblənməsindən sonra, amma Kotqarxın “Şimal dağlarının sahibi” şöhrətini itirməsinədək baş verdi.
Bilmirəm Lispeti xristianlıqmı belə təkmilləşdirmişdi, yoxsa ölkəsinin ilahiləri ona elə xarakter bəxş etmişdilər ki, böyüyüb qəşəng bir qıza çevrilən kimi istənilən şəraitdə özünü büruzə verirdi. Əgər dağlı qızı gözəldirsə, ona baxmaq üçün əlli mil daş-kəsəkli yoldan ötməyə dəyər. Lispetin klassik yunan sifəti vardı – insanların tez-tez çəkdiyi, amma gec-gec gördüyü sifətlərdən biri. Üzünün rəngi fil dişi kimi solğun idi və qız öz qəbiləsi üçün qeyri-adi, çox uca qamətə malikiydi. Onun gözləri də ecazkar idi və əgər missionerlərin sevdiyi sarsaq çit paltarlardan geyməsəydi, siz onunla qəflətən dağda qarşılaşanda romalıların ova çıxmış Dianası sanardınız.
Lispet yaxşı xristian idi və böyüyəndən sonra bir çox dağlı qızların etdiyi kimi, xristianlıqdan dönmədi. Yerlilərinin onu görməyə gözü yox idi, çünki özlərinin diliylə desək, “ağdərili qadın” olmuşdu və hər gün çimirdi. Kapellanın arvadı isə bilmirdi ki, onunla nə etsin. Beş fut on düym boyu olan mükəmməl ilahəyə qab-qaşıq yudurda bilməzsən axı. Lispet kapellanın uşaqlarıyla oynayır və bazar günləri məktəbində təhsil alırdı; evdə nə qədər kitab varsa, hamısını dəfələrlə oxumuşdu və günbəgün nağıllardakı şah qızları kimi gözəlləşirdi. Kapellanın arvadı deyirdi ki, Lispeti Simlada dayə kimi, ya da başqa “səviyyəli” yerdə işə düzəltmək lazımdır. Lakin Lispet kiməsə qulluq etmək istəmirdi. O elə indi yaşadığı yerdə də xoşbəxt idi.
Səyyahlar – həmin vaxt onların sayı elə də çox deyildi – Kotqarxa gələndə o, adətən, öz otağına qapanırdı – qorxurdu ki, onu Simlaya, yad adamların yanına apararlar.
Bir dəfə, artıq on yeddi yaşı olanda Lispet gəzməyə çıxmışdı. O, evdən ingilis xanımları kimi bir mil, mil yarım uzaqlaşıb sonra da geriyə faytonda, ya da at belində qayıtmırdı. Lispetin başmaqseyri Kotqarxla Narxund arasındakı iyirmi-otuz mil məsafə idi – gəzəndə belə gəzirdi. Bu dəfə o artıq qaş qaralanda qayıtdı – əlində nəsə ağır bir şey, dik yamacdan enirdi. Yükün ağırlığından əldən düşən Lispet nəfəsini zorla dərərək ayaqlarından daş asılıbmış kimi içəri girəndə keşişin arvadı qonaq otağında mürgü döyürdü. O, yükünü mizin üstünə qoyub sakitcə dedi:
– Bu mənim ərimdir. Onu Baqi yolunun üstündə tapdım. Əzilib. Sağaldarıq onu, düzələndə sizin əriniz kəbinimizi kəsər.
İlk dəfəydi Lispet evlilik haqda fikirlərini bölüşürdü və kapellanın arvadı dəhşətdən çığırdı da. Lakin hər şeydən əvvəl divanın üstündə uzanmış insanla məşğul olmaq lazım idi. Bu, cavan bir ingilis idi – onun başında açıq yara vardı, Lispet dedi ki, onu yamacda taparaq evə gətirib. O, çətin nəfəs alırdı, huşu üstündə deyildi.
Oğlanı yatağa uzatdılar və təbabətdən bir balaca başı çıxan keşiş yarasını sarıdı, Lispet isə qapının arxasında durmuşdu ki, köməyinə ehtiyac yaransa, özünü yetirsin. O, keşişə izah etdi ki, bu şəxsə ərə getmək niyyətindədir, keşişlə arvadı isə qıza belə ədəbsiz davranışla bağlı moizə də söylədilər. Lispet onları sakitcə dinləyib fikrinin qəti olduğunu söylədi. Bu cür, məsələn, ilk baxışdan vurulmaq kimi vəhşi şərqli instinktlərinı üstələmək üçün çox böyük miqdarda xristian hissiyyatı lazımdır. Lispet onun sitayişinə layiq bir adam tapmışdı və indi anlamırdı ki, öz seçimini nədən gizlətməlidir. O həm də Kotqarxdan getmək istəmirdi. Bu ingilisə sağalanadək, onunla evlənmək halına çatanadək qulluq etmək istəyirdi. Onun proqramı belə idi.
Yarasının iltihabıyla bağlı ikihəftəlik yüngül qızdırmadan sonra ingilisin huşu başına qayıtdı və o göstərdikləri mərhəmətə görə kapellana, onun arvadına və Lispetə minnətdarlığını bildirdi. Danışdı ki, Şərqə səyahətə çıxıbmış – o vaxtlar “Şərq gəmiçilik şirkəti” hələ təzə yaranmışdı, gəmisi az idi və “qlobetrotter4” termini kimsəyə tanış deyildi – və Dera Denadan Simla dağlarına bitki və kəpənək nümunələri yığmağa gəlibmiş. Ona elə gəlirdi ki, çürük ağacın gövdəsində bitən, qıjıkimilər fəsiləsindən qəribə bir nümunəyə əlini çatdırmaq istəyəndə qayadan düşüb, yükünü daşıyan nökərlər isə onun baqajını da özləriylə götürərək aradan çıxıblar. Bir az sağalandan sonra təzədən Simlaya qayıtmaq niyyətindəydi, amma daha dağlarda dolaşmaq istəmirdi.
İngilis getməyə tələsmir və çox gec sağalırdı. Lispet keşişlə arvadının nəsihətlərinə qulaq asmaq istəmirdi deyə arvad ingilislə danışıb Lispetin qəlbindəkiləri ona açdı. O, bir xeyli güldü. Deyirdi ki, bu, çox şirin, romantik bir hisdir, amma onun evdə artıq nişanlısı var və ümid edir ki, hər şey yaxşı qurtaracaq və təbii ki, o özünü son dərəcə ləyaqətli aparacaq. Oğlan bu vədini yerinə yetirdi. Lakin Lispetlə söhbətlər onu əyləndirirdi: tam sağalacağı vaxtın intizarında qulaqlarına gözəl sözlər pıçıldaya-pıçıldaya, ona cürbəcür nəvazişli adlar qoya-qoya bu qızla gəzməkdən zövq alırdı. Onun üçün bunun heç bir əhəmiyyəti yox idi, Lispet isə bunu əsl həyat sayırdı. Həmin o iki həftə ərzində qız özünü nəhayətsiz dərəcədə bəxtiyar sayırdı, çünki sevə bildiyi bir insana rast gəlmişdi.
Anadan vəhşi doğulan bu qız öz hislərini gizlətməyə çalışmırdı, bu isə ingilisi əyləndirirdi. Missiyanı tərk edəndə Lispet onu Narxund dağlarından ötürməyə getdi; o, kədərli görünürdü. Keşişin arvadı mərhəmətli bir xristian, qalmaqalın qoxusu belə gələn yerdən uzaq olmağa çalışan adam kimi – Lispet artıq onun nəzarətindən tamam çıxmışdı – ingilisdən xahiş etdi ki, qıza evlənmək üçün qayıdacagını СКАЧАТЬ
4