Название: Hekayələr
Автор: Редьярд Джозеф Киплинг
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242607
isbn:
Sonra o öldü. Holden sakit oturmuşdu; düşünmək bacarığını tam itirmişdi. Əmirənin anası pərdələri qaldırıb otağa girəndə özünə gəldi.
– Sahib, o öldü?
– Öldü.
– Onda ağlayım onun üçün. Sonra bu evin əşyalarının siyahısını tutacağam. Axı ev mənim olacaq. Yəqin, sahib evi məndən almaz, elə deyil? Çox balaca evdir, lap balaca. Mən də qoca arvadam. Yumşaq yerdə yatmaq istəyirəm.
– Sən Allahın, sus bir az. Get, elə yerdə ağla ki, səsin qulaqlarıma dəyməsin.
– Sahib, onu dörd saatdan sonra basdıracaqlar.
– Adətləri bilirəm. Onu aparmamışdan gedəcəyəm. Bu işlər sənin öhdənə düşür. Diqqət yetir ki, çarpayı… onun uzandığı çarpayı…
– Hə! Əla çarpayıdır. Çoxdan istəyirdim.
– Bu çarpayı elə yerindəcə, əl vurulmamış qalacaq – mənə qalacaq. Evdəki qalan şeylər isə sənindir. Araba tut, hər şeyi götür, buradan get. Dan yeri sökülənədək bu evdə əl vurmağı qadağan etdiyim şeydən başqa heç nə qalmamalıdır.
– Mən qoca qarıyam. İstərdim ki, heç olmasa, yas müddətində burada qalım. Yağışlar da təzə başlayıb. Hara gedəcəyəm?
– Bunun mənə dəxli var? Sənə əmr edirəm ki, buradan gedəsən. Evin əşyaları min rupi edir, axşam isə köməkçim sənə daha yüz rupi gətirəcək.
– Bu çox azdır. Elə araba kirayələmək bir aləm pul aparacaq.
– Buradan təcili getməsən, heç bunu da almayacaqsan. Ay arvad, rədd ol və imkan ver mərhumla qalım.
Ana ayaqlarını sürüyə-sürüyə pillələri endi və fikri-zikri bütün əşyaları toplamaqda qaldığından qızını ağlamağı da unutdu. Holden Əmirənin yatağı yanında qaldı, yağış isə damın tənəkəsini döyəcləyirdi. Bu səsin ucbatından o, fikirlərini bir sapa düzə bilmirdi, baxmayaraq ki onlarda bir sahman yaratmağa yaman çalışırdı. Sonra yaş çarşaba bürünmüş dörd kabus sivişib otağa girdi və örtüklərin altından ona dörd cüt göz zilləndi. Onlar mərhuməni yumağa gəlmişdilər. Holden otaqdan çıxıb atına sarı yönəldi. O bu ölü, boğucu sükuta topuğuna çıxan tozun içiylə gəlmişdi. İndi isə tozlu həyətin yerinə üzərinə yağış yağan, qurbağalarla dolu gölməçə görürdü; sapsarı sel darvazanın altından axırdı, dəli külək isə ağır damcıları gil divarlara taran kimi çırpırdı. Pirxan darvazanın ağzındakı kiçik daxmasında tir-tir əsir, at isə suyun içində narahat şəkildə ayağının birini götürür, o birisini qoyurdu.
– Mənə sahibin əmrini yetirdilər, – Pirxan dilləndi. – Yaxşı oldu. İndi bu ev boşalacaq. Mən də gedirəm, çünki meymun sifətim hamıya keçmişi xatırladacaq. O ki qaldı çarpayıya, sabah səhər onu evinizə gətirəcəyəm; amma sahib, unutma ki, bu sənin üçün təzə yaranın içində burulan bıçaq olacaq. Mən ziyarətə yollanıram, sizdən pul almayacağam. Cənabınızın himayəsi altında yaman kökəlmişəm. Atının üzəngisini sonuncu dəfə tuturam…
O, iki əliylə Holdenin ayaqlarına toxundu və at cırıldayan bambuk gövdələrinin səmaya çırpıldığı, qurbağalarınsa şən-şən quruldadığı yola sıçradı. Yağış Holdenin sifətinə elə çırpılırdı ki, heç nə görə bilmirdi. Əlləriylə üzünü tutub donquldandı:
– Ay heyvandır ha! Əsl heyvan!
Kədərli xəbər artıq onun bunqalosuna da yetişmişdi. O bunu eşikağası Əhmədxanın üzündən oxudu – şam yeməyini gətirəndə; kişi ilk və sonuncu dəfə əlini ağasının çiyninə qoyaraq dedi:
– Ye, sahib, ye. Ət kədərin ən yaxşı dərmanıdır. Mən də yaşamışam bunu. Bir də ki kölgələr gəlir-gedir, sahib; kölgələr gəlir-gedir. Bax bu da paxla sousuyla yumurtadır, ye.
Holden nə yeyə bilirdi, nə də yata bilirdi. Göylər gecəyə yağış göndərmişdi – yer üzünü səkkiz düym qalınlığında suyla örtən, hər tərəfi tərtəmiz yuyan yağış. Sellər divarları yıxdı, yolları apardı və müsəlman qəbiristanındakı dayaz məzarları açdı. Yağış ertəsi günün axşamınadək yağdı və Holden qüssə içində evində oturmuşdu. Üçüncü günün səhəri bir teleqram aldı. Teleqramda deyilirdi: “Rikkets, Mindoni. Ölür. Holden əvəz edir. Təcili”. Onda yola düşməmişdən sahibi və ağası olduğu evinə bir də nəzər salmaq istədi. Hava bir az açılmışdı; yaş torpaqdan buxar qalxırdı.
Gördü ki, leysan darvazanın gil dirəklərini uçurub, bir zamanlar onun həyatı sayılan nəsnəni qorumuş ağır ağac doqqaz isə tək rəzədən tənbəl-tənbəl sallanır. Həyətin otu üç düym qalxmışdı; Pirxanın daxması boş idi və yaş saman tirlərin arasından sallanırdı. Boz dələ eyvanı işğal etmişdi, elə bil bu ev üç gün yox, otuz il idi yiyəsiz qalmışdı. Əmirənin anası köhnə həsirlərdən savayı hər şeyi aparmışdı. Döşəmədə qaçışan xırda əqrəblərin tık-tıkı evdəki yeganə səs idi. Əmirənin otağı və Totanın yaşadığı otaq nəm iyi verirdi, dama aparan ensiz pilləkən isə palçıq içindəydi. Holden bütün bunlara nəzər salıb evdən çıxdı; küçədə evin sahibi Durqa Dass ilə rastlaşdı. Şişman, nəzakətli, ağ parçaya bürünmüş kişi ressorlu kabrioletdə idi.
– Eşitdim ki, sizin artıq bu evə ehtiyacınız yoxdur, sahib?
– Nə etmək istəyirsiniz?
– Bəlkə, yenə kirayəyə verdim.
– Onda burada olmadığım müddətdə qoy ev mənim ixtiyarımda qalsın.
Durqa Dass bir müddət susdu.
– Hər şeyi ürəyinizə belə salmayın, sahib, – dedi. – Cavan olanda mən də… İndi isə bələdiyyə üzvüyəm. Quşlar uçub gedəndən sonra yuvalarını saxlamağın nə mənası… Əmr edəcəyəm söksünlər onu – taxtası yaxşı pula gedər. Ev söküləcək və bələdiyyə buradan çoxdan arzuladığı kimi şəhərə yolu elə çəkəcək ki, kimsə bu evin yerini belə tapa bilməyəcək.
TANRILARIN PULU
Çubara Dhuini Bhaqatada2 şam yeməyi bitdi və qoca kahinlər indi ya tənbəki çəkir, ya da təsbeh çevirirdilər. СКАЧАТЬ
2