Название: Hekayələr
Автор: Редьярд Джозеф Киплинг
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242607
isbn:
İki ay keçəndə Lispet nigaran qalmağa başladı, ona söylədilər ki, ingilis artıq dənizlərin o üzünə – İngiltərəyə yola düşüb.
Qız İngiltərənin harada olduğunu bilirdi, çünki coğrafiya üzrə ibtidai kurs keçmişdi, lakin əsl dağlar qızı kimi dənizin nə olduğunu təsəvvürünə gətirə bilmirdi. Evdən yarımkürələrin köhnə xəritəsi tapıldı. Lispet hələ uşaq ikən bu xəritəylə oynamağı çox sevirdi. İndi isə həmin xəritəyə yenə baxır, axşamlar qarşısında açaraq ağlayır, sevgili ingilisinin harada olduğunu təsəvvüründə canlandırmağa çalışırdı. Lakin bu boyda məsafələr və gəmilər haqda heç bir anlayışı olmadığından təsəvvürü son dərəcə qarışıq bir şeyə çevrilirdi. Ancaq bu təsəvvür lap dəqiq olsaydı belə, böyük fərq etməzdi, çünki ingilisin qayıdıb bu dağlar qızıyla evlənmək fikri qətiyyən yox idi. O, Assamda kəpənək qovaraq qızı tamamilə unutmuşdu. Sonralar həmin oğlan Şərq səyahəti haqda kitab da yazdı, amma orada Lispetin adına rast gəlmək mümkün deyil.
Üç ay keçəndən sonra Lispet hər gün Narxunda getməyə başladı – baxırdı ki, bəlkə, onun ingilisi yolda göründü. Bu onu sakitləşdirirdi, keşişin arvadı isə qızın keyfi açıldığını görəndə fikirləşirdi ki, yəqin, “bu vəhşi və qeyri-etik sarsaqlığı” artıq beynindən silinib. Lakin artıq az sonra bu gəzintilər belə Lispetə rahatlıq gətirə bilmirdi və qız əsəbiləşir, özündən çox tez çıxırdı. Keşişin arvadı əlverişli bir məqam tapıb ona əsl həqiqəti açmaq istəyirdi: ingilis yalnız qızın qəlbini qırmamaq üçün onu sevəcəyini söyləmişdi və beynində başqa heç nə yox idi. O ki qaldı Lispetin yüksək irqin nümayəndəsinə, üstəlik də özünə bab birisiylə artıq nişanlı olan bir adama ərə getmək kimi sarsaq, hətta tərbiyəsiz fikrinə – bu barədə heç danışmağa dəyməzdi. Qadının bu sözlərinə Lispet yalnız onu dedi ki, bu ola bilməz, çünki ingilis təzə gedəndə onun özü qızı inandırdı ki, oğlan mütləq qayıdacaq.
– Sizin və onun dedikləri necə yalan ola bilər? – Lispet soruşurdu.
– Biz bunu yalnız səni sakitləşdirmək üçün dedik, – keşişin arvadı cavab verirdi.
– Deməli, yalan söyləyirdiniz, – Lispet yekunlaşdırdı, – hər ikiniz?
Keşişin arvadı başını aşağı salaraq daha heç nə demədi. Lispet bir müddət susdu, sonra vadiyə yollandı. Qayıdanda əynində ağlasığmaz dərəcədə kirli dağlı paltarı vardı, lakin nə burnunda, nə də qulaqlarında üzük gözə dəymirdi. Saçını qara iplə bağladığı bir neçə hörüyə düzmüşdü – eynən dağlı qızlar kimi.
– Mən öz xalqımın içinə dönəcəyəm, – dedi. – Siz Lispeti öldürdünüz. İndi qalan yalnız Cadehin keçmiş qızıdır – paxari və Tarka Deviyə iman gətirən biri. Siz ingilislərin hamısı yalançıdır.
Lispetin öz anasının inancına dönməsi haqda bəyanatından sarsılan kapellan arvadı özünə gələndə artıq qızın izi-tozu belə qalmamışdı və onu bir daha onların ailəsində görən olmadı.
O, natəmiz xalqını ehtirasla sevdi, sanki ondan ayrı yaşadığı itirilmiş illərinin əvəzini çıxmaq istəyirdi və bir müddətdən sonra bir odunçuya ərə getdi. Həmin odunçu isə onu paxarilərin adət-ənənəsinə uyğun olaraq tez-tez döyürdü deyə qadının bənzərsiz gözəlliyi də az sonra soldu…
– Elə bir qanun yoxdur ki, bu bütpərəstlərin bütün divanəliyini qabaqcadan söyləməyə imkan yaratsın, – keşişin arvadı deyirdi, – və mən əminəm ki, Lispet qəlbən həmişə bütpərəst olub.
Lispetin anqlikan kilsəsinin qoynuna beşhəftəlik ikən qəbul olunduğunu nəzərə alsaq, elə bilirəm belə bəyanat ruhani arvadına heç də başucalığı gətirmirdi.
Lispet qocalıb qarıyandan sonra dünyasını dəyişdi. O, ingiliscə həmişə əla danışırdı və bir az vurandan sonra bəzən özünün ilk məhəbbət tarixçəsindən danışmağa razılıq verirdi.
Onda adam heç cür təsəvvürünə də gətirə bilmirdi ki, bu ikiqat olmuş, üzü qırış-qırış, nimdaş əsgini xatırladan məxluq həmin o “Kotqarx missiyasından olan Lispet”dir.
MİKROB QIRICISI
Ümumi qaydalara əsasən, məmurların sizin əvəzinizə dövlət işləriylə məşğul olduğu üçün yüksək maaş aldığı bir ölkədə bu işlərə qarışmaq qətiyyən olmaz.
Bu hekayə həmin ümumi qaydalara bir istisnadır ki, axtarsan, onun izahını da taparsan.
Məlum olduğu kimi, biz hər beş ildən bir yeni vitse-kralın gəlişini gözləyirik, hər vitse-kral isə özünün çoxsaylı yükləri arasında şəxsi katibini də gətirir.
Biri vardı-biri yoxdu, bir vitse-kral vardı ki, özüylə çox narahat bir katib gətirmişdi – sərt, eyni zamanda olduqca yumşaq xasiyyəti, işə hədsiz dərəcədə həvəsi olan birisini. Bu katibin adı Uonder, Con Uonder idi. Vitse-kralın isə adı yoxdu, əvəzində bir düjün rütbəsi, qraflığı vardı. Məhrəm söhbətlərində deyirdi ki, özünü qızıl administrasiyanın qızıl suyuna çəkilmiş başı sayır və Uonderin qətiyyən aidiyyəti olmayan işləri öz əlinə necə almaq istədiyinə altdan-altdan göz qoyub əylənir.
– Əgər biz hamımız məlaikə olsaq, – bir dəfə zati-aliləri sözə başladı, – və dostum Uonder baş mələk Cəbrayılın lələklərini yolmaq, müqəddəs Pyotrun açarını oğurlamaq məqsədilə yaranmış işbirliyinin başında dursa, onu sataram.
Baxmayaraq ki vitse-kral öz katibinin qızğınlığını cilovlamaq üçün heç bir şey etmirdi, başqaları onun barəsində yaman xoşagəlməz şeylər danışırdılar. Bəlkə də, ilk danışanlar şura üzvləri idi, amma hər necə olsa, bütün Simlanın yekdil rəyi belə idi ki, bu idarəçilikdə Uonderin payı həddindən artıq, vitse-kralınkı isə həddindən azdır. “Zati-aliləri” ifadəsi Uonderin elə bil dilində bitmişdi. Zati-aliləri oradan gəldi, zati-aliləri buradan getdi, zati-aliləri dedi və sairə və ilaxır. Vitse-kral isə elə hey gülümsünür, amma bir söz demirdi.
Həmin il Simlaya başında yalnız bir fikir olan cansıxıcı adamlardan biri gəlmişdi. Bu qəbildən olan insanlar dünyanı irəli aparırlar, amma onlarla söhbət həmişə xoşagələn olmur. Bu şəxsin adı Melliş idi. O, düz on beş ilini özünün Aşağı Benqaliyadakı torpaqlarında yaşayaraq vəba xəstəliyini araşdırmağa sərf etmişdi. Belə hesab edirdi ki, vəba rütubətli havada embrionlarını hər tərəfə yayır və bu embrionlar ağac budaqlarına lap mamır kimi yapışır.
– Embrionun inkişafını dayandırmaq olar, – deyirdi, – bunun üçün ən yaxşısı mənim icad etdiyim tünd-bənövşəyi tozun tüstüsüdür. Bu elə-belə şey deyil, on beş illik zəhmətimin bəhrəsidir, ser!
Bu ixtiraçıların, əslində, hamısı bir-birinə bənzəyir. Onlar mütləq ucadan danışır СКАЧАТЬ