Название: Uşaqlığın son gecəsi
Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
isbn: 978-9952-532-68-5
isbn:
Əlbəttə, Bayquşbaş o dəqiqə pərt oldu. Kəkələməyə başladı:
– Ay, sən Allah, bağışla! Sizin ailə vəziyyətinizdən, kasıb olduğunuzdan xəbərsizəm.
Birdən kimsə yerindən səsini qaldırdı:
– Ayıb olsun sənə! Sənsən kasıb? Sənin corabın yoxdur?
Bu, tarix müəllimimiz Vahid İbadovun səsidir. Biz öz aramızda ona “Vaqonov” deyirik. Makedon Bayquşbaşa yalan bəhanə uyduranda nəyəsə görə bizim sinfə gəlibmiş və onun dediklərini eşidib. Vaqonovu aldada bilməzsən, bu sənin üçün Bayquşbaş deyil. Elə corab söhbətində də Vaqonov Makedonun yalanının üstünə çıxdı!
– De görüm, neçə cüt corabın var? Hə!
Makedon qızardı, gözlərini partaya dikib qaldı. O bilirdi ki, Vaqonova kələk gəlmək mənasızdır. Bu adam tənbəllik eləməz, gedib hər şeyi özü yoxlayar. Makedon isə başqasının onun yalanının üstünü açmağını istəməz.
– Altı cüt.
– Altı cüt? Heç utanırsan?
Əslinə qalsa, Vaqonov rəhmdil adamdır. Bəlkə də, rayon təhsil şöbəsindəki iclasdan qayıtdığı üçün belə hirslidir. Həmin iclasda ehtiyacı olan uşaqların qış paltarları məsələsi müzakirə olunub. Sən demə, üçüncü sinifdə oxuyan oğlanlardan biri sentyabr ayında məktəbə anasının çimərlik paltarında gəlib. Qadının beş uşağı var və hamısına əyin-baş alıb çatdıra bilmir. Ona görə də üçüncü sinifdə oxuyan oğlu məktəbə qadın çimərlik paltarında gedib. Sonra həmin uşağa rayon təhsil şöbəsində isti gödəkcə və şalvar veriblər. Amma hamı onu ələ salıb gülürmüş.
Makedonla Namiq dərsdən sonra evə bir yerdə qayıdırdı və yolda Makedon bəxtindən şikayətlənirdi: heç Vaqonovun elə həmin vaxt sinfə girməyinin yeri idi?! İlk dəfə Vaqonov başqa dərs gedən vaxt sinfə girirdi.
Namiq Makedonu sakitləşdirməyə çalışırdı, məsləhət görürdü ki, səhərlər tələsməsin, corabları taydəyişik salmasın.
Elə indi də Makedon tində dayanıb bulka yeyə-yeyə Namiqlə danışırdı:
– Bilirsən, nə var, bax biz burada dayanıb, bulka tıxırıq, müharibədə isə əsgərlər qara çörəklə siyənəkdən başqa heç nə görmürlər.
– Yox! Doğru demirsən! Onlara quru süd, şokolad, donuz konservi də verirlər. Hamıdan əvvəl cəbhə lazım olan ərzaqla təmin olunur. Mən bunu dəqiq bilirəm.
– Dəqiq bilirmiş! Haradan bilirsən?
– Atam deyib. O hər şeyi bilir!
– Sənin atan hər şeyi bilir? Sənin atan nə bilir axı, dezertir5 adamdır!
Namiq pərt oldu, gözlərini bərəldib təəccüblə Makedona baxdı.
– Nə dedin? Təkrar elə! Kimin atası dezertirdir?
– Hirslənmə, ey. Başa düşürəm, əlbəttə, adama ağır gəlir, ancaq nə etmək olar. Dezertirdir də! Bax özün fikirləş: mənim atam haradadır? Cəbhədə. Bəs Saşkanın atası? Cəbhədə. Karinkanın, Zaurun, Əlinin atası – hamısı cəbhədədir. Vaqonov da axsaq olduğu üçün aparmadılar. Amma sənin atan? Div kimidir, səni bir əllə qaldırar. Düzdür, özün məndən iki yaş balacasan, ancaq görürəm, boyda gəlib mənə çatmısan. Ona görə sözümdən incimə, sənin atan – dezertirdir! Bunun nəyi pisdir? Birdən cəbhəyə getsə, öldürüb eləyərlər, sən də ananla tək qalarsan. Burada nə var ki? Bura təhlükəsizdir.
– Yox, mənim atam dezertir deyil! – Namiq əminliklə dedi.
– Yaxşı… Mən elə-belə dedim… birdən çıxdı ağzımdan. Deyirsən, dezertir deyil, demək, dezertir deyil. Mən ki komissar deyiləm. Mənə nə.
Namiqin gözlərinə kədər çökdü və o, məyus halda Makedonun bulkasını yeyib qurtarmağını gözlədi. Makedon isə qəfildən onunla sağollaşıb həyətə cumdu.
Bilirəm, o nəyə görə belə tez getdi, çünki Karinkanın gəldiyini görmüşdü, Makedonun isə ondan zəhləsi gedirdi.
Karinka Namiqin qonşusu idi, 18 saylı məktəbdə oxuyurdu, ona görə bu tinə Namiqdən 10 dəqiqə gec çatırdı. Çünki onun oxuduğu məktəb Namiqgilin məktəbindən bir az uzaq idi.
Karinka qıvrımsaç qızdır, özü də həmişə gülümsəyir. Hər şeyə məzəli ad qoyur. Heç vaxt başqaları kimi “fincan”, ya da “tramvay” deməz, bunun əvəzində “fincançik”, “tramvayçik” deyir və bu onda çox yaxşı alınır. Adamlara da elə deyir. Lena onun dilində Lenoçka, Zaur Zaurçikdir. Ancaq onun Makedona “Makedonçik” dediyini heç vaxt eşitməmişəm. O ki qaldı Namiqə, onlar əvvəl konfet kağızlarını dəyişirdilər, sonra dostlaşdılar.
Bir vaxtlar məktəbimizdə və həyətdə hamının başı bu konfet kağızlarına, şəkillərə qarışmışdı. Əməlli-başlı kolleksiya yığırdılar. Ən böyük kolleksiya isə Namiqlə Makedonda idi. Onlar bir yerdə yığırdılar. Onların kolleksiyasında necə şəkil desən, vardı! Üç yüz iyirmi müxtəlif şəkil. Hər cür “mişkalar”, “trüfellər”, “meyvəlilər”, “kis-kislər”… Elə konfet kağızları vardı ki, şəhərdə başqa heç kəsdə yox idi. İki böyük şəkil vardı: biri çox gözəl qadın şəkli idi, qırağında isə “Meri Pikford” yazılmışdı, digəri isə bığlı kişi şəkli idi (lap mağaza müdiri Əbülfəzə oxşayırdı), onun kənarında isə “Duqlas Ferbenks” yazılmışdı. Bir şəkildə isə sadəcə “Konfetka” sözü yazılmışdı və buna görə hamı mübahisə edirdi. Bəziləri deyirdi ki, bu, çap səhvidir, ya da fikirləşirdilər ki, yəqin, nə vaxtsa “konfet” sözü elə “konfetka” kimi işlənib.
Bax belə nadir şəkillər çox bahalı sayılırdı, onları nə ilə istəsən, dəyişmək olurdu. Məsələn, Makedon həmin şəkilləri səhər yeməyi ilə dəyişirdi. Bir sözlə, məhəllədə, bəlkə, elə məktəbdə də ən yaxşı kolleksiya Namiqlə Makedonda idi. Onlar bu kolleksiyanı toplamağa xeyli vaxt sərf etmişdilər.
Ancaq günlərin bir günü Namiq kolleksiyasının yarısını – yalnız özü topladığı şəkilləri Karinkaya bağışladı. Özü də hər şey çox gözlənilmədən baş verdi. O vaxt Makedon Namiqin bu hərəkətinə bərk hirsləndi. Dedi ki, ümumi kolleksiyadan kiməsə hədiyyə etməyə Namiqin haqqı çatmır, sonra rişxəndlə Namiqdən soruşdu ki, bəlkə, bu Karinkaya aşiq olub. Namiq aşiq olmadığını dedi və qızardı. Onda elə bildik ki, Namiqlə Makedon dalaşacaq. Ancaq, yox, dalaşmadılar.
Makedon Namiqə heç nə demədi, gecə Karinkagildə hamı yatandan sonra onlara СКАЧАТЬ
5
Hərbi xidmətdən yayınan, fərari