Название: Uşaqlığın son gecəsi
Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
isbn: 978-9952-532-68-5
isbn:
Görəsən, Makedon nəyə görə tində dayanıbmış? Bax bu çox maraqlıdır. Həə, aydındır. Sən demə, Namiqi gözləyirmiş. Görürsünüz, odur, portfelini yellədə-yellədə gəlir, odur, baxın, şəlpə qulaqları var. Gözləri də bərəlib, parıldayır. Bu, Namiqdir. Yox, əşi, axmaq-zad deyil, bu yerişi də Namiq təzə tapıb, gəmilərin birində matrosları görəndən sonra. Məktəbdən qayıdır. Çox maraqlıdır, Makedon danışanda Namiq ağzını ayırıb maraqla ona qulaq asır. Onun hər sözünə inanır. Hamısına!
Bax bu yaxınlarda Saşka Rəsulov gəlib, ikinci mərtəbədə yaşayanı deyirəm. Bibisi ona ad günündə “Əziz Saşaya axmaq bibisindən” yazılmış kitab hədiyyə etmişdi. Saşka gəlib deyib ki, bir kitabda hipnoz haqqında bəzi şeylər oxuyub və sən demə, istənilən adamı hipnoz etmək olur. Əvvəlcə heç kəs ona inanmayıb, sonra sınamaq fikrinə düşüblər.
Ümumiyyətlə, bu Saşkadan nə desən, gözləmək olar, çox qəribə oğlandır. Futbol oynamır, çimməyə də zorla apara bilməzsən. Bütün günü oxuyur. Evlərində olan kitabların hamısını oxuyub: zarafat deyil, söhbət iki yekə kitab dolabından gedir. Üstəlik, kitabxanaya da abunə olub. Nə vaxt baxsan, oxuyur, hətta yeyəndə də oxuyur. Bütün fikri kitabda olduğundan başqa heç nə hiss etmir. Bir dəfə kitab oxuduğu vaxt əlində qayçı olub, qeyri-ixtiyari saçının yarısını kəsib. Yaxşı ki, həmin vaxt o “axmaq bibi” gəlib özünü çatdırıb və qayçını əlindən alıb. Saşkanı bərbərə aparıb başını keçəl qırxdırmalı olublar.
Qərara alıblar ki, Saşkanın hamını hipnoz etməsini yoxlasınlar. Namiqgilə gediblər. Gündüzlər onlarda heç kəs olmur: atası da, anası da işləyir.
Saşka uşaqların hamısını dairə şəklində düzüb, sonra cibindən parıldayan bir kürə çıxardıb, onu uşaqların hər birinin gözünün qabağında saxlayıb və bu zaman tükürpərdici səslə:
– Yat! Sən yatmaq istəyirsən? Yat! – deyib.
Bu hərəkəti dəfələrlə təkrarlayıb, amma heç kəs hipnoz olmayıb, əslində isə hamısı hipnoz olmaq istəyirmiş. Bu vaxt Makedon gözlərini yumaraq döşəməyə çöküb…
Saşka çox həyəcan keçirib, hətta bədənini tər basıb, deyib ki, bundan sonra Makedona istədiyin şeyi təlqin edə bilərsən. Sonra Saşka Makedona müxtəlif əmrlər verməyə başlayıb.
Əvvəlcə Makedona deyib:
– Sən ağacsan!
Makedon o dəqiqə yerdən qalxıb və paya kimi dimdik dayanıb. Saşka uşaqlara deyib ki, Makedonu stulların üstünə uzatsınlar. Stulun birini başının, digərini ayağının altına qoyublar və hipnoz altında olan Makedon başı ilə ayaqlarını stulların küncünə dayayıb, iki stulun üstündə turnikdəki kimi mil dayanıb. Hətta qarnının üstünə ensiklopediyanın üç cildi qoyulanda da tərpənməyib, yalnız dördüncü cildi qoyanda tərpənib və Saşka o dəqiqə izah edib ki, insan bədəninin öz “əndazəsi” var.
Sonra isə Saşka ona it olduğunu təlqin edib və Makedon hürərək dörd ayaq üstə qaçmağa başlayıb. Hətta quyruğunu da it kimi yellədib.
Uşaqlar gülməkdən uğunub gedib, ona başqa nə təlqin etmək barədə fikirləşiblər.
Saşka xəbərdarlıq edib, deyib ki, ona daha çətin şeylər təlqin edəcək. Ona görə Makedona deyib ki, guya o, tankçıdır və cəbhədədir. Bu yerdə Makedon evdə ora-bura vurnuxmağa və adamların üstünə cummağa başlayıb. Doğrudur, Saşka dərhal Makedona dayanmağı əmr edib, ancaq artıq gec olub: Makedon yazı masasının üstündəki şüşəni sındırıb və mürəkkəbqabını parket döşəməyə dağıdıb. Bəlkə də, Saşka onu vaxtında dayandırmasaydı, yəqin, pəncərə şüşələrini də sındırardı, çünki o tərəfə hücum etməyə hazırlaşırmış. Yaxşı ki, Saşka onu dayandırıb.
Hamı Namiqə görə narahat olub. Axı onun valideynləri evdə yoxdur və bu hadisə baş verir. Belə şeylərlə qətiyyən zarafat etmək olmaz. Əgər hamısı bir gündə olmasa, yəni bu gün masanın üstündəki şüşə sınsa, bir neçə gündən sonra mürəkkəbqabı dağılsa, yenə dərd yarıdır. Yoxsa hər şey bir gündə olur. Başını götürüb hara gedəcəksən?! Namiqin qanı qaralıb, ancaq, əlbəttə, heç nə deməyib: məlum məsələdir, hipnoz altında olan adam öz hərəkətlərinə görə məsuliyyət daşımır. Beləliklə, Namiq əski götürüb, onu isladıb və döşəməni silməyə başlayıb. Xeyli müddət silib. Uşaqlar növbə ilə ona kömək edib döşəmə siliblər. Makedon isə bu müddət ərzində hələ də hipnoz altında olub. Namiq döşəməni silib qurtarıb və sonra yenə hamının başı Makedona qarışıb.
Saşka deyib ki, ən mühüm hadisə indi başlayacaq: “Bu iynəni Makedona batıracağıq və o heç nə hiss etməyəcək. Çünki hipnoz haqqında kitabda elə belə də yazılıb”.
Sonra Saşka deyib ki, o özü iynəni Makedona batırmayacaq, könüllü olaraq bu işi uşaqlardan kim görmək istəyir. Heç kəs razılıq verməyib. Deyiblər ki, iynəni bütöv batırmaq ağ olar, qərara alıblar ki, onu yavaş-yavaş, qan çıxana qədər Makedonun dərisinə sancsınlar. Saşka Namiqdən yod istəyib. İynəni çıxardandan sonra qanı kəsmək üçün…
Bu vaxt Makedon gözlərini açıb, etiraf edib ki, bütün bu hipnoz oyununu qəsdən çıxarırmış, qətiyyən hipnozun təsiri altında olmayıb. Ancaq görəndə ki dərisinə iynə batırmaq istəyirlər, oyunu bitirib…
Biz bu barədə çox fikirləşdik. Hətta Saşka da dedi ki, o, hipnoz altında olmayıb. Bircə Namiq ona inanmadı. Deyirdi ki, əgər Makedon hipnozun təsiri altında olmasaydı, bu qədər inandırıcı ola bilməzdi.
O axşam Namiqi xeyli danladılar. Onun danlanmaqdan qətiyyən xoşu gəlmir, atasının töhmətini eşitmək isə heç ürəyindən deyil.
İndi Makedon səbirsizliklə Namiqi gözləyir, çünki bu gün dərsə getməyib. Onlar eyni sinifdə oxuyurlar, ancaq Makedon iki yaş ondan böyükdür. Birdən ağlınıza gələr ki, Makedon ev tapşırıqlarının yerini öyrənmək üçün Namiqi belə səbirsizliklə gözləyir. Yanılırsınız! Onun dayanıb Namiqi gözləməyinin səbəbi bu deyil. Sadəcə, müharibə başlayandan sonra məktəbdə böyük tənəffüs vaxtı hamıya səhər yeməyi üçün pirojki, ya da bulka verirlər. Namiq Makedonun da yemək payını alıb və bir az sonra onu sahibinə verəcək. Onun bu gün dərsə niyə getmədiyini isə heç kəs bilmir. Sabah məktəbdə deyəcək ki, evdə qalıb, xəstə anasına kömək edib. Makedonun anası xəstə-zad deyil, özü də əgər oğlunun dərsə getmədiyini bilsə, onu əzişdirəcək. Bundan sonra hamı başa düşəcək ki, xəstə qadın heç vaxt oğlunun gözlərinin altını bu cür СКАЧАТЬ