Название: Bir gəncin manifesti
Автор: Мир Джалал Пашаев
Издательство: JekaPrint
isbn: 978-9952-8245-7-5
isbn:
Sona ehtiyatla qapıya tərəf getdi.
– Kimsən, qapı döyən?
– Ev yiyəsi hanı?
Bu səs Sonaya tanış gəldisə də, müəyyən edə bilmədi. Baş barmağının ucunda yavaş yeridi. Qapının arasından baxdı, bir şey görmədi. Qapını açdı, gödək və qıllıpapaq bir kişi dayanmışdı. Kişi əllərini xəncərinin qaşına qoymuşdu. Qapı açılan kimi soruşdu:
– Ev yiyəsini bəri çağır!
Sona arvad Hacı İbrahimxəlilin böyük oğlu Ağarəşidi tanıdı:
– Nə buyurursunuz?
– Buyurmağım yoxdur, qulluğunuza ərz eləməyə gəlmişəm!
Sona duruxdu. Ağarəşid bir də soruşdu:
– Bu evin kişisi var, ya yox?
Sona təkrar elədi:
– Nə buyurursunuz?
– Buyurmağım odur ki, kişi qabağına arvad çıxmaz!
Söz Sonanı tutdu. Özünü saxlaya bilməyib dedi:
– Arvad qabağında artıq-əskik danışmaq da kişiyə yaraşmaz, sözün var, söz danış!
Ağarəşid bir az ucadan dedi:
– Hanı, hanı o igid oğlun, bir qapıya çıxsın, danışaq!
– Evdə yoxdur!
– Necə yoxdur, ay arvad, bəri çağır!
– Yoxdur evdə, deyirəm yoxdur!
Ağarəşid quduz bir baxışla Sonanı başdan-ayağa süzdü:
– Bəlkə tumanının arasına girib, bir silkin görək!
Sona yerdən bir daş alıb elə hirslə Ağarəşidin üstünə atdı ki, dəysə, sür-sümüyünü sındıracaqdı.
– İtin qoduğu, məndən nə istəyirsən, bəs deyilmi?
Ağarəşid kənara hoppanıb özünü daşdan güclə qorudu: «Nə kafir arvaddı bu», – deyə qorxu, vahimə ilə dalı-dalı çəkildi.
Sona qapını bərk çırpıb qayıtdı.
Ağarəşid qapıda barmağını silkələyir, Mərdanın evdə olmadığını yəqin edib daha da havalı danışır, meydan oxuyurdu:
– Gizlən, ayaqyalın oğlu ayaqyalın, gizlən! Əlbət bir kənd içinə çıxacaqsan! Ya gərək sən dünya işığına həsrət qalasan, ya gərək mən papaq əvəzinə başıma ləçək bağlayam… Gizlən!
Bu sözləri deyib, yastı, qıllı papağını göyə qaldırdı, bayraq kimi silkələdi. Dönüb gedən də Sonanın evinə tərəf baxıb, bütün hirsi, kin və ədavəti ilə təkrar etdi:
– Gizlən… gizlən! Heç eybi yoxdur!..
Ağarəşid ötüb gedəndə çəpərin dibindən, söyüd ağacları altından iki nəfər hoppanıb yola çıxdı. Onlar tez də gözdən itdilər.
Söz yox ki, Ağarəşid hampalığına, belinin xəncərinə, qolunun qüvvətinə, sözünün kəsərinə arxalansa da, təkə-təklikdə Mərdanın üstünə gələ bilməzdi. Atasının döyülməsi xəbəri bir dəqiqədə bütün kəndə yayılanda, Mərdanın küçələri basa-basa gəlib Hacı kişini, kəndin ağsaqqalını, necə deyərlər, «tac-sərini» tamam bihörmət elədiyini eşidəndə Ağarəşidin canına lərzə düşmüş, özünü yığışdırmışdı. Bütün ətraf kəndlərdə rəncbərin, kəndlinin «cızığından çıxması» lap aydın surətdə Ağarəşidə göründü. Mərdan isə gələcək təhlükəli bir düşmən kimi onun gözündə böyüyür, ürəyinə vahimə salırdı. Ancaq o bunu büruzə verməməyə çalışırdı. Həyətdə, döyülən atasının başına yığışanların yanında atılıb-düşür, igidlik göstərir, hop-hop gəlirdi.
Hacı «bu saat» yüzbaşının dalınca adam göndərmək istəyirdi. Qarınca xanım birbaşa pristavı çağırmaq üçün atlı çapdırmağı tələb edirdi. Kimi axunddan şikayətlənir, ərizə yazılmasını məsləhət görürdü. Kimi Mərdanın «öyrədildiyini» iddia edirdi. Hacının qardaşı oğlu Bala Əbülfət irəli yeridi:
– Ay canım, ərizəni adamdan yazarlar, o nə itdir əlindən ərizə yazıla? Rəncbərdən də ərizə yazılarmı? Onun vayına oturmaq mənciyəzin boynuna! Bizə şikayətçilik yaraşmaz. Bizimki igidlikdir: rast gəldimi, vur öldür, dağıt. Qoy səndən şikayətə getsınlər. Kişi arvaddan şikayət eləməz, arvad kişidən şikayət eləyər. Mənim əllərimi pişik yeməyib ki? Şikayətim budur ey, var olsun yaman günün yarağı – qaşlı xəncər. Bu saat o lüt oğlunun baş-gözündə qırmızı xətlə bir ərizə yazım ki, qiyamətəcən şəhərbəşəhər oxunsun!
Bala Əbülfət bunu deyib qapıya yönəlmək istəyəndə sanki Ağarəşid yuxudan ayıldı:
– Əmioğlu, – dedi, – sən dayan, özüm öhdəsindən gələrəm.
Əmisi oğlanlarının da ona qoşulduğunu görüb cürətləndi, düşmən üstünə üçlükdə gəldilər. Öz aralarında tədbir tökmüşdülər. Ağarəşid qabaqca hərifi çağıracaqdı. Hərif onu tək görüb çıxanda o birilər quzğun kimi töküləcəkdilər üstünə.
Ağarəşid məhz yanınca gətirdiyi əmisi oğlanlarına arxalanaraq Sona ilə ucadan danışıb hədə-qorxu gəlir, meydan oxuyurdu.
Səhər açılmamış yüzbaşı Yassar Lətif Mərdangilin qapısını kəsdi. Sonra arvadın üstünə qışqırdı ki, «ya Mərdanı ver, ya dürüst yerin de!»
Sona and-aman elədi.
– Ay Lətif qardaş, özüm də bilmirəm. Axşam evdən çıxdığıdır.
Əhvalatı da özgədən eşitmişəm.
Yassar Lətif qaşqabağını töküb ədalı-ədalı soruşdu:
– Kimə biçirdi?
– Heydər uşağına!
– Aşağıküçəlilərəmi?
– Bəli, aşağıküçəlilərə!
Yüzbaşı atı Heydər uşağının biçənəyinə çapdı, güman edirdi ki, Mərdan biçinə getmiş olar. Biçənəkdə şehi qurumamış ot içində iki nəfər kərənti çalırdı. Deyildiyinə görə, Mərdan heç bu günü işə gəlməmişdi.
İKİNCİ СКАЧАТЬ