Название: Bir gəncin manifesti
Автор: Мир Джалал Пашаев
Издательство: JekaPrint
isbn: 978-9952-8245-7-5
isbn:
– Necəəə?..
Ağaməcid ayağını yuxarı budaqlara qoyub dırmaşdıqca, Bahar da uşaq cəldliyi ilə budaqdan-budağa dırmaşırdı. Onun ayaqlarının zərbindən budaqlar əyilir, ağac yırğalanır, tutlar tökülürdü. Bahar quş kimi yüngül, cəld və zirək idi. Ağaməcid nərmənazik idi. Uca və nazik budaqlara ayaq basmağa cəsarət etmirdi. Əlini atmaq üçün rahat və münasib yer axtarırdı. O, addayana qədər Bahar başqa budağa ötürdü.
Onlar ağac başında təngişənəcən qovalaşdılar. Ağaməcid bərk hirslənmişdi. Söyürdü, qan-tər içində hərdən yerə baxıb sanki Baharın başına çırpmağa daş axtarırdı. Bahar fürsət tapdıqca tutdan dərib yeyir, suyunu Ağaməcidin ağ və təmiz paltarına damcıladıb altdan-altdan gülürdü. Axırda Ağaməcid təngişdi, çəkilib bir budaqda dayandı:
– Gəl, öt aşağı, dəymərəm.
– Aldadırsan!
– Dəymərəm, atam canı!
Bahar düşüb gəldi. Ağaməcid oturan ayaq budaqdan ötəndə hərif girəvəyə salıb onun çiynindən bərk bir təpik vurdu.
– Adam oğlu deyilsənmi?!
Baharın sözü ağzında qaldı; ayağı budaqdan üzüldü, cəld əlini ağaca atdı, budaqdan sallana-sallana qaldı. Ağaməcid bir da vurmaq istəyəndə Bahar onun ayağından, topuq bəndindən yapışdı. Budaq şaraqqıltı ilə qırıldı, hər ikisi gurumbultu ilə yerə gəldi. Ağaməcid əvvəl yazıq-yazıq zarıdı, sonra qışqırdı. Bahar ağrıyan ayağını tutub ufuldadı. Qalxmaq istəyəndə Ağaməcid onun üstünə cumdu. Çılpaq başına vurmaq üçün Baharın papağını götürüb bir tərəfə atdı. Bahar əllərini qabağa verib qorunurdu. Ağaməcid döyməmiş əl çəkmək istəmirdi. Bahar onun yaxasından bərk-bərk yapışdı. Ağaməcid dartınanda yaxası bez kimi cırıldı. Kimsə qəfildən Baharı qulaqladı:
Nə cürətlə ona sataşırsan, a qodux?!
– O məni niyə yıxır?
– Yalan danışma, itin küçüyü!
– O məni itələyib ağacdan saldı.
– Kəs səsini!
– Atamın qəbri haqqı!
– Görüm atan səni yanına çəksin!
Yoldan ötənlərin səsi eşidilirdi: «Yekə arvadsan, uşağa niyə qoşulursan, ayıb deyilmi?», «Aciz görmüsən?», «Heç utanmırsan?»
Ağaməcidin anası Qarınca xanım (əslində bu qadının adı Məsmə idi. Anasının uşağı qalmırdı. Gözaydınlığa gələnlər «qarıyınca yaşa-sın» deyə xeyir-dua verirdilər. Bu söz o qədər təkrar olundu ki, qız böyüyəndə də, ərə gedəndən sonra da «Qarınca» ləqəbi ilə çağrıldı). Baharın qolundan bərk-bərk tutmuşdu, macal tapıb danışanlara da cavab verirdi;
– Sizə borc deyil!
Qarınca xanım Baharın qulaqlarını dartır, qollarını, yanaqlarını çimdikdən keçirirdi. Hirsi soyumadı. Uşağın qədək arxalığını əynindən çıxarıb peysərinə yumruq vurdu. Lüt yola saldı.
– Get, – dedi, – uşağın paltar bahasını gətir!
Bahar döyüldü, söyüldü və soyuldusa da, qorxusundan evlərinə gedə bilmədi. Qardaşından çəkinirdi. Bilirdi ki, Ağaməcidin atası bilsə Mərdanı söyəcək, Mərdan acıqlanacaq, dalaşacaq.
Anası Baharı çox sevərdi.
Bunu yazmamaq da olar; çünki hər bir ana övladını sevir və sevməlidir. Lakin Sona arvadın analıq sevgisində çoxlarına xas olmayan ayrı bir əlamət, ayrı bir xüsusiyyət vardı.
Uşaq iki yaşına çatmamış, təzə dil açıb şirin-şirin danışan zaman atası yatalaq azarına düşdü. Dili tutuldu, işarə ilə vəsiyyət edib Baharı Sonaya tapşırdı. Sonanın heç yadından çıxmaz; yatağında mum kimi saralan, şam kimi əriyən o mehriban və həsrət kişinin nigaran, xırda və sönük gözləri körpə uşağa, torpaq döşəmədə ayaqyalın tappır-tuppur yeriyən, başının üstünü almış fəlakətdən xəbərsiz olan uşağa dikilmişdi, baxışı ilə çox mətləblər deyirdi…
Sonaya elə gəlirdi ki, uşaqlarını yetim və ehtiyac içində tərk edib gedən kişi həmişə qəbirdə narahatdır. Sal daşların altında, yaş torpaqlar üstündə hər dəqiqə başını qaldırıb körpə, yetim oğluna baxır…
Sona indi əziz uşağını lüt, gözüyaşlı, döyülmüş, təhqir olunmuş görəndə ürəyinin başı yandı. Gözünün yaşını oğlundan gizlətdi. Baharın əlindən tutub Hacı İbrahimxəlilin qapısına, Qarınca xanım-dan «iltimasa» getdi.
– Bağışlayın, yetimdir, uşaqdır, bilməyib, qələt eləyib. Özüm onun tənbehini eləyəcəyəm. Ölüncə döyəcəyəm, paltarın verin, lütdür, canı yoxdur. Soyuq dəyməsin!
Sona bunları Ağaməcidə deyəndə Qarınca xanım eyvanda çay içirdi.
Qoy oxucu onu da bilsin ki, Qarınca xanımın toyunda samovara salınan od, ömrübillah yandı, bir dəfə də sönmədi. Sarı və qarpızı samovar gah eyvanda, gah otaqda, gah həyətdə ağac altında qoyulardı. Dağda, aranda, toyda, yasda həmişə onun həzin səsi gələrdi. İllər uzunu pıqqapıq qaynayan, boşalıb-dolan samovar Qarınca xanıma musiqi səsi kimi nəşə verərdi. Hərdən yayın istisində Hacı deyərdi:
– Ay rəhmətliyin qızı, heç olmasa bu yemiş-qarpız vaxtı çayı az elə!
Qarınca xanımın acığı tutardı:
– Çayın bir yeri var, yemiş-qarpızın da bir yeri!
O, həmişəki nəşəsilə eyvanda, qabağında rəngli çay, döşəkcə üstündə ətli qıçlarını çarpazlayıb oturmuşdu və Sonanın səsini eşidəndə də qalxıb qapıya çıxmaq, ağzına gələni demək, söyüb qovmaq istədi. Lakin qalxa bilmədi: nahardan sonra iki qab dovğa içmişdi. Amma istidənmi, əsəbilikdənmi, yenə yanğısı sönmürdü. Qabağında dörd stəkan çay, iki stəkan süd yan-yana düzülmüşdü. Soyumaq üçün töküb hazır qoymuşdu, bir ucdan daraşıb içəcəkdi. Nəşəsini pozmadı, əlini atıb pəncərəni açdı, ağzını küçəyə sarı çevirib kola hürən it kimi səsləndi. Sonaya cavab verdi:
– Paltar-maltar yoxdur, bilməmişik, uşağımızı geyindirib-gecindirək, sizin bicləriniz dartıb cırsın!
Sonra dönüb nökərinə dedi:
– Ədə, o qaraçını qapıdan rədd elə getsin! Hacı eşidər, uşağını özünə qatar, özünü uşağına.
Sona, Qarınca xanımın halına bələd СКАЧАТЬ