Название: Bir gəncin manifesti
Автор: Мир Джалал Пашаев
Издательство: JekaPrint
isbn: 978-9952-8245-7-5
isbn:
Mərdan qalxmaq istəmədi:
– Bu xalçanı kimə saxlayırsan, ay ana?
– Dur, az danış, kimə saxlayacağam…
Bunu deyib xalçanın ucundan tutdu, sanki Mərdanı itələyib yerə salmaq istəyirdi. Mərdan altdan-yuxarı, yorğun, mənalı nəzərlə anasına baxdı, heç nə demədi, durmağa məcbur oldu. O bilirdi ki, anası gəlinliyində toxuduğu, «Yusif-Züleyxa»nın şəklini çəkdiyi bu xalçanı çox əziz tutur, böyük bir arzu ilə yəqin ki, oğlunun toyuna saxlayır. Mərdan ağır-ağır qalxdı və sanki bayaqdan gizlətdiyi sözü anasına yox, elə-belə havasına danışdı:
– Müsəlmanın işi belədir, xalça-palazı yük yerində çürüdər, özünün də canı çul üstündə çıxar!
Sona oğlundan dönə-dönə eşitdiyi bu sözlərə məna vermədi:
– Uşaqsan hələ, – dedi, – bala. Ev yiyəsi olmamısan, dabanla qapını açmamısan, nə bilirsən səliqə-sahman nədir.
İyirmi ildən çoxdur onu üfürə-üfürə saxlamışam, bir niyyətim var ki, saxlamışam da! Əcəldən aman olar, görərsən niyə saxlamışam. Yox, ölərəmsə, onda heç!
– Sən niyə ölürsən, ay ana, o qədər ölməlilər var ki!
Mərdan qalxıb dolağını açdı, çarıqlarını soyunmağa başladı. Hər dolağı açdıqca, çarıqbağını boşaltdıqca sanki keyimiş damarlarına, qurumuş barmaqlarına qan yeriyir, həyat və hiss gəlirdi. O, yorğunluğunu ancaq indi duyurdu. Paltarını çırpıb küləşdən, tozdan təmizlədi. Anası onun əllərinə sərin su tökdü, sözarası Baharın başına gələni də ehtiyatla danışdı.
– Uşaq lütdür, əsir. Sabah quzuya gedəcək, tifil nə geyinsin, getsin?
Mərdan Baharı çağırdı.
– De görüm, niyə dalaşdınız, a bala, səni kim döydü?
Bahar qəhərləndi, qardaşının mehriban, qayğılı atalıq səsində bir hərarət, bir təsəlli duydu. Böyük bir cinayət eləmiş, sonra peşman olmuş kimi sıxılan və qısılan uşağın çiyninə sanki indi, ancaq indi bir ümid, kömək əli dəydi. Mərdan Baharın yeganə köməyi idi.
Gündüz Ağaməcid ağlayan kimi adamları, qohum-əqrəbası tökülüb gəlmişdi. Baharı döyüb-söymüşdülər. Bahar da kömək arzulamışdı, heç kəsi görməmişdi.
Budur, indi onun da köməyi gəlmişdir. Mərdan təkidlə soruşdu:
– De görüm, səni kim döydü?
Nədənsə Bahar danışa bilmədi. Başını aşağı salıb hönkür-hönkür ağladı. Anası uşağı dilə tutdu, əhvalatı başdan-ayağa, necə var, danışdı, başa saldı ki, Baharın heç bir təqsiri yoxdur.
Mərdan cəld çarıqlarını ayağına çəkdi və acıqlı-acıqlı dedi:
– Düz deyil, ana, Baharın böyük təqsiri var!
Sona and-aman elədi:
– Sənə deyirəm günah Hacı oğlundadır. Uşaq ehsan tutuna da çıxma…
Mərdan Sonanın sözünü ağzında qoydu, ayağa qalxdı.
– Yalan deyirsən, ana, Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!
Mərdanın səsində, hərəkətində başqa həyəcan duyuldu. Sona oğlunun belə, «beyniqanlı» halını az görmüşdü. Cavan, güclü, enlikürək adam, indi ona doğma oğlu, mehriban balası kimi yox, əzəmətli, qüdrətli bir nağıl qəhrəmanı kimi göründü.
Nəyə isə, hər halda qorxulu bir iqdama hazırlaşdığını oğlunun yanan gözlərində, qəti hərəkətində, riqqətli səsində, həyəcanlı sükutunda görüb duyurdu. Duyurdu ki, Mərdan bərk hirslənmişdir. Duyurdu ki, oğlu təngə gəlmişdir. Duyurdu ki, o, Hacının qapısına gedəcək, ancaq tamam ayrı cür gedəcək…
Qadın dediklərinə peşman oldu: «Bu nə iş idi tutdum, beyniqanlıdır. Gedər, artıq-əskik danışar, dilim qurusun, yüzbaşının çənginə düşər, evim yıxılar…»
Bir istədi Mərdanın qabağını kəsib saxlasın. Bir də kiçik oğluna baxıb duruxdu: «Bunun təqsiri nədir? Bu da uşaqdır, bu da insandır, ehsanlıq tut əslən bunun üçün, yetimlər, aclar üçün əkilib, Hacı oğlunda, heç olmasa, darı boyda da insaf gərək ola ya yox?! Bu zülmü kim götürər…»
Sonanın ürəyindəki intiqam hissi hər şeydən güclü idi. İndi o, Mərdanı intizar, qorxu ilə yox, iftixar və havadarlıq hissi ilə yola salırdı:
– «Mərdan neyləsin axı, buna kim dözər axı!..»
Əlini döyünən ürəyinin üstünə qoydu, Mərdan gözdən itənə qədər nəzərini ondan ayırmadı.
Mərdanın hirsləndiyini görüb Bahar da ürəkləndi. O da əlinə ağac alıb qapıya qaçdı. Sanki qardaşına qoşulub düşmən üstünə getməyə, intiqam almağa tələsirdi. Mərdan qoymadı.
– Qayıt, – dedi, – yıxıl yat, bu saat gəlirəm!
Sona Mərdanı qapıya qədər yola saldı. Özünü saxlaya bilməyib müntəzir bir səslə dedi:
– Uşaqdır, de ki, anlamayıb. Paltarını qaytarsınlar.
Mərdan qapını çırpıb çıxdı. Həyət divarının dalında, doqqazda bir kölgə kimi göründü, getdikcə kiçildi və gözdən itdi.
Qaranlıq qovuşmuşdu. Kəndin həyətlərində mal yemləyən, inək sağan, buzovu anasından ayıra bilməyən kim, taqqataq darvazanı bərkidən, eyvanda süfrə salıb şama əyləşən kim, biçinçilərə ayran gətirən, namaz qılan, sabah obaşdan işə çıxmaq üçün xurcun hazırlayan kim. Qısa və şirin yuxulu sərin yaz gecəsi hamı üçün əziz və xoş idi. Biçinçilər oraqlarını yağlayıb itiləyir, çobanlar heyvana verməyə duz alırdılar. Nökərlər tövlədə, həyətdə-bacada çalışır, əlləşir, işlərini axşam vaxtı qurtarıb dincəlmək imkanı əldə etmək istəyirdilər.
Hacı İbrahimxəlilin evi kəndin ayağında, göl başında idi. Onun uca hasarlı iri, çargül həyəti, ikimərtəbəli, kirəmitli qırmızı kərpicdən tikilmə böyük, göy eyvanlı evi var idi.
Həyətin kənar tərəfində hasara söykənmiş xırda damlarda anbar, samanlıq, mətbəx yerləşirdi. Nökər, qulluqçu və mal-qara üçün bir «içəri» yaxud «dal» həyəti də var idi. Ona görə «içəri» həyət deyirdilər ki, bura qonaq-qara buraxılmırdı. Bəzi təsərrüfat işləri də burada görülürdü.
СКАЧАТЬ