Название: Gələcəyə ön söz
Автор: Qulu Məhərrəmli
Издательство: Altun Kitab
isbn: 9789952244090
isbn:
Axı biz azərbaycanlıların xəmiri bir balaca sıyıqdır. Başqalarının dili üçün həmişə əldən gedirik, onlara göstərmək istəyirik ki, bax diqqət edin, sizin də dilinizi bilirik. Şübhəsiz ki, belə yanaşma dilimizlə bağlı müəyyən bir natamamlıq kompleksi yaradır içimizdə. İndi heç kim rus, ingilis, yaxud türk dilində danışmağın əleyhinə deyil, amma öz ana dilini aşağılamaq, onu ikinci dərəcəyə endirmək tendensiyasına qarşı çıxmaq lazımdır. Ölkədə elə dil mühiti yaradılmalıdır ki, yuxarılı-aşağılı hamı bu dildə danışmaq zərurətini hiss etsin. Elə şərait yaranmalıdır ki, ana dili hər kəs üçün həyati vacib olsun, bu dil karyeraya yol açsın. Adamlar anlasın ki, bu dil hər şeydən əvvəl bir ehtiyacdır. Bu ehtiyac artarsa, dil də güclənər. Xüsusən, siyasi elita, onun kişili-qadınlı təmsilçiləri buna ciddi əməl etməlidir. Belə olmasa, Azərbaycan dili yenə də «qara camaatın» dili statusuna enəcək.
Ölkəmizdə dilin işləkliyi ilə bağlı duruma diqqət edək: siyasi xadimlər nə qədər bəsit və cılız dildə danışırlar, pul çamadanlarından fərqli olaraq söz diplomatları çox kasıbdır. Kobud dildə verdikləri bəsit bəyanatları ilə daha çox məzhəkə qəhrəmanlarını xatırladan bəzi partiya «xadimlərini» isə cəmiyyət arasına çıxarmaq sadəcə ayıbdır. Hələ qəzet yazılarına, ekran-efirdəki verilişlərə baxın, ortada quru və çılpaq bir dil var, çünki burada maraqlı diskussiyalar, rəngarəng tok-şoular getmir, əsl fikir yoxsulluğu hökm sürür. Erotik aparıcılar, dardüşüncəli müğənnilər, bazar adamları TV-lərdə meydan sulayır. Ekranın dili mənəviyyatsız şou əhlinin dilinə çevrilir. Yeni çəkilən serialların, dublyajların dili də tamaşaçı qəlbini oxşamır.
İndi televiziyalarda Dil şuraları yaradılır. Tanınmış dilçi professorları və keçmiş diktorları bu şuralara cəlb edirlər ki, bir az sanballı görünsünlər. Allah qoysa, həmin şuralar aparıcılara dil incəliklərini başa salacaq, onların adam dilində danışmasına yardım edəcək. Amma həmin şura üzvlərinin heç bir real səlahiyyəti olmayacaq soruşsun ki, «bu aparıcılar, reportyorlar Azərbaycan dilini yaxşı bilmədiyi halda efirə necə buraxılır?». Çünki belə suallar xatalıdır, həm də axı belə birbaşa suallar dil sevgisi bir yana, heç Vətən və millət sevgisinin nə olduğunu bilməyən, amma əlində böyük ixtiyarları olanların xətrinə dəyə bilər!
Dəyərlərə daş atanlar
xalqda milli əskiklik kompleksi yaradanlardır
Bir vaxtlar çalışdığım «Səhər» (AzTV) proqramında tarixi hadisələrin təqvimini verərdik. Olanlardan-keçənlərdən söz açır, dünya və Azərbaycan tarixinə aid önəmli hadisələri yada salır, bəşər həyatında iz qoymuş olaylardan bəhs edirdik. Təbii ki, tarixə yön vermiş parlaq simaları da xatırlayır, artıq müəyyən dəyərə çevrilmiş şəxsiyyətlər barədə də tamaşaçılara qısa bilgi verirdik. TV-də növbəti rəhbər dəyişikliyinə qədər bu məsələdə elə bir ciddi problem yox idi. Hər şey yeni təyin olunmuş sədr müavininin iradlarından başladı.
Növbətçi redaktor pörtmüş halda otağıma gəldi və «Müavin təqvimin yarısını ixtisar elədi» – deyə bir az da doluxsunmuş vəziyyət aldı. İxtisarlara baxdım və gözlərimə inanmadım. AC hökumətinin dəmir yol haqqında dekret qəbul etməsi, yazıçı Bayram Bayramovun doğum tarixi və akademik Ziya Bünyadovla bağlı qısa məlumatlar və indi dəqiq xatırlamadığım daha iki məlumat mətndən çıxarılmışdı. Mən sovet senzurası vaxtında da, ondan sonra da televiziyada çox qadağalar görmüşdüm, amma belə açıq və köntöy «təcavüzlə» ilk dəfə idi rastlaşırdım.
Verilişin qovluğunu götürüb sədr müavininin yanına düşdüm. Aramız babat olsa da, söhbətimiz heç alınmadı. Aşkarca bildirdi ki, adları çəkilən şəxsiyyətlərlə bağlı xeyli ehtiyatlı olmaq lazımdır, Azərbaycan Cümhuriyyəti ilə bağlı isə efirə heç bir məlumat getməməlidir. Mənim «demoqogiyaya» əl atıb AC-nin 80 illiyi ilə bağlı prezident sərəncamını xatırlatmağımın da faydası olmadı. O, gözümün içinə dik baxaraq «sərəncama-zada fikir vermə, sən başa düşməlisən ki, yuxarılarda cümhuriyyət mövzusunu, xüsusən Rəsulzadə söhbətini sevmirlər». Nə deyəsən, xeyli «güclü» arqument idi və mən otağı suyu süzülə-süzülə tərk etdim.
Əslində, tarixi proseslərə, tarixin müəyyən məqamlarında anlaşılmaz kimi görünən mövqe tutan şəxsiyyətlərə birmənalı yanaşmaq bolşevizm tərzidir. Tarix heç kimin istəyinə və zövqünə uyğun yazılmır. Kağız üzərinə yazılanlar o zaman tarix adlanır ki, həqiqəti əks etdirmiş olsun. Mən 1990-cı ilin 22 yanvarında və 1994-cü ilin həmin ayında Milli Məclisdə 20 yanvar hadisələrinin qızğın müzakirələri zamanı bu qənaətin vacibliyini bir daha dərk etdim. Birinci müzakirələrdə tarix bütün çılpaqlığı ilə və bir az da xalq ruhunu ifadə edərək emosional tərzdə kağızlara hopurdu. İkinci müzakirələrdə isə siyasi məqsədlərin ürkütdüyü həqiqət qırmızı kresloların arxasından qorxa-qorxa boylanır və tez də yoxa çıxırdı.
Tarixi təhrif etmək, müəyyən hadisə və davranışları tarixi şəraitdən ayırıb təhlil etmək, həm də bu zaman xalq üçün dəyərə çevrilmiş insanlara çamur atmaq, onları ləkələməyə çalışmaq dünən də dəbdə idi, bu gün də. Belə təsəvvür yaranır ki, xalqın yaddaşına hopmuş şəxsiyyətlərə, bu gün də onların ruhunu ifadə edən görkəmli insanlara hücum etmək hardansa idarə olunan sistemə çevrilir. Uzağa getməyək, baxın, son illər Azərbaycanda kimlərə hücum edilir? Üzdə olanlara, cəmiyyətdə mənəviyyatını qoruyub saxlayanlara, ağlı, istedadı və həm də ləyaqətini qoruyan nüfuzlu insanlara, kütlədən və həmin kütləni idarə edənlərdən fərqli düşünənlərə, mənliyini və şəxsiyyətini hər cür maddiyyatdan üstün tutanlara, bir sözlə, xalq üçün dəyərə çevrilmiş adamlara. Sizcə, ulduza hürən köpəklərin Şər qarşısında dizini qatlamayan neçə-neçə ziyalıya, elm adamına, söz və qələm sahibinə davamlı hücumları təsadüfidirmi?
Mən hələ tarixə əl uzadanları, M.Füzuliyə, M.F.Axundova, СКАЧАТЬ