Название: Skelliq
Автор: Дэвид Алмонд
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243666
isbn:
Yeddinci fəsil
Mən qarnıüstə ovulub tökülən bufetə uzandım, işıq saldım. Budur o. Heç yerindən tərpənməyib. Gözlərini açdı, dərhal da yumdu.
– Yenə sənsən, – o, titrək, xışıltılı səslə dedi.
– Sən burada neynirsən? – mən pıçıltı ilə soruşdum.
O ah çəkdi, sanki mən onu bezdirmişdim.
– Heç nə, – o xışıldadı. – Heç nə, heç nə. Bir daha – heç nə.
Üzündə gəzən hörümçəyi iki barmağı ilə tutub ağzına soxdu.
– Tezliklə buranı təmizləməyə gələcəklər, – mən dedim. – Ümumiyyətlə, bura uça bilər.
O, yenidən ah çəkdi.
– Səndə aspirin var? – o birdən soruşdu.
– Aspirin? Həb?
– Nə isə, boş ver.
Üzünün dərisi qurumuşdu. Qara kostyumu əynində torba kimi sallanırdı, çünki sümüyün üstündə bədən yox idi.
Ürəyim çırpınırdı. Toz burun dəliklərimi tutmuş, boğazıma dolmuşdu.
Dodağımı dişləyib durur, gözümü ondan çəkmirdim.
– Siz Erni Mayers deyilsiniz, düzdür? – ehtiyatla soruşdum.
– Kim? Öskürəndə içalatı ağzından bəri gələn, boğazını arıtlayanda hər tərəfi silkələyən qoca keçini deyirsən? Əlbəttə yox!
– Üzr istəyirəm, – mızıldandım.
– Sənə nə lazımdır?
– Heç nə.
– Bəs aspirinin var?
– Yox.
– Çox, çox minnətdaram.
– İndi siz neyləyəcəksiniz? – mən soruşdum. – Tezliklə buradan hər şeyi çıxaracaqlar, ya da bura uçub-dağılacaq. Bəs siz neylə…
– Heç nə. İtil burdan.
Mən qulaq kəsildim. Deyəsən, məni hələlik axtaran yox idi.
– Siz evə köçə bilərsiniz.
O güldü, hərçənd sir-sifətində bir şey dəyişmədi.
– Get, – o pıçıldadı.
Pencəyinin yaxasındakı ölü milçəyi götürüb ağzına ötürdü.
– Bəlkə, sizə nəsə gətirim? – soruşdum.
– Aspirin, – o xırıldadı.
– Bəs nəsə yemək istəyirsiniz?
– İyirmi yeddi və əlli üç.
– Nə?
– Heç nə. İtil burdan.
Mən daldalı bayıra çıxdım. Üstümdəki toru, tozu və ölü milçəkləri təmizlədim.
Atam hələ də hamamda idi.
– Bura təzə köçən sənsən? – tanış olmayan səs eşidildi.
Tez arxaya çevrildim.
Hasarın arxasından baş göründü. Qız idi.
– Sənsən bura köçən?
– Hə.
– Mənim adım Minadır.
Gözümü ona bərəldib dillənmədim.
– Di? – o soruşdu.
– Nə di?
– Mən Minayam, bəs sən…
– Maykl.
– Lap yaxşı.
Onun başı hasarın arxasında yoxa çıxdı. Ayağının tappıltısı eşidildi.
– Tanış olmağıma şadam, Maykl, – hasarın o üzündən səslənib qaçdı.
Səkkizinci fəsil
Atam hamamdan çıxanda dilxor oldu. Evdə nə çörək vardı, nə yumurta, nə də… Birdən ağlına bir fikir gəldi:
– Bildim! Gəl restorandan yemək sifariş edək.
Bu vaxt mənim də ağlıma gəldi ki, Çin restoranı lap yaxındadır, atam elə köçdüyümüz gün oranın menyusunu götürmüşdü.
– Anan gələnə yaxın sifariş edərik, – atam davam edirdi. – Ürəyin nə istəyir?
– İyirmi yeddi və əlli üç.
– Pah! Heç vərəqləmədin də! Gopçusan ha!
Ancaq o gülümsəyib “sifarişimi” yazdı.
– Deməli, belə: anana xüsusi çau meyn1, sənə yaz kökəsi və şar sui2, mənə göbələklə mal əti, cumbuluya isə xırçıldayan yosun və dəniz xərçəngindən peçenye. İstəməsə, özümüz yeyərik. Bezməyibsə, qoy elə ana südü əmsin.
O, çinlilərə zəng vurdu, sonra mənə pul verib sifarişin dalınca göndərdi. Qayıdanda anamla bacım artıq evdə idilər. Anam başıma hərlənməyə, məktəbə necə getdiyimi, işlərimin nə yerdə olduğunu soruşmağa başladı. Bu vaxt balaca düz onun çiyninə qusdu və anam əynini dəyişməyə getdi.
Atam nəinki özünə sifariş etdiyi göbələklə mal ətini, üstəlik, yosun və peçenyeni də mədəsinə ötürdü. Sonra tozdan mədəsində hər şeyin bir-birinə yapışdığını deyərək bir şüşə pivəni başına çəkdi. Boşqabımın düz yarısının dolu olduğunu görüb əlini uzatmaq istəyirdi ki, qoymadım.
– Kökələrsən, – dedim.
Anam güldü:
– Bundan da kök?
– Ölürəm acından! Bütün günü burada sizin üçün işləmişəm.
O, СКАЧАТЬ
1
2