Kiçik qəhrəman. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Kiçik qəhrəman - Abdulla Şaiq страница 6

Название: Kiçik qəhrəman

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-55-6

isbn:

СКАЧАТЬ Hər ikisi bir-birini boğur, üz-gözünü cırmaqlayırdı. Bir-birinin üst-başını cırıb dağıdır, hər ikisi al-qana bulaşmış olduqları halda, yenə də də bir-birindən əl çəkmək istəmirdilər. Bu saat əvvəl bir-biriylə dost olduqları halda, etdikləri yaramazlıqlara görə bir-birinin cəlladı olub, qan içməyə hazır idilər. Heç birisi o birinin günahını bağışlamaq istəmirdi. Axırda hər ikisi taqətdən düşüb, üzləri cırılmış, al-qana bulaşmış, libasları tikə-tikə olmuş halda evlərinə qayıtdılar.

      Şələquyruq və Qırt-qırt xanım şəhərdən qayıdıb gəldilər, yuvalarını dağılmış və yumurtalarını oğurlanmış gördükdə Qırt-qırt xanım ağlar səslə qışqırıb dedi:

      – Vay, yumurtalar yoxdur.

      Yuvanın ağzında yerə oturub, ucadan ağlamağa başladı.

      – Bu, yenə o yaramazların işidir. Onların əlindən mənə rahatlıq yoxdur. Mən artıq burada qala bilməyəcəyəm.

      Şələquyruq zor-güc Qırt-qırt xanımı sakit etdi və tezliklə buradan başqa bir yerə köçməyə söz verdi. Bir həftə orada qaldılar, artıq başqa yerə köçəcəkdilər. Qırt-qırt xanım çox şad idi. Ətəklərini çırmayıb ocaq qaladı, yola çıxmaq üçün bir az yumurta bişirməyə məşğul oldu. Şələquyruq da bir daş üstündə oturub, ona təzə bəyəndiyi yuvanı tərif edirdi. Qırt-qırt xanım deyirdi:

      – Hər necə yuva olsa, razıyam, kaş ki bu insafsız yaramazlardan uzaq olsun.

      Şələquyruq onu inandırırdı ki, təzə yuvaları həm uzaq, həm də elə bir yerdədir ki, heç kəs xəbər tuta bilməyəcək. Cik-cik də arabir onların söhbətinə şərik olub, sevinə-sevinə soruşurdu:

      – Ata, o yuvamızın da yanında belə gözəl ağaclar, otlar, çiçəklər varmı?

      Şələquyruq:

      – Qızım, var, – deyə Cik-cikə ürək-dirək verirdi.

      Bir saat sonra orada Şələquyruqdan, Qırt-qırt xanım və Cik-cikdən bir əsər yox idi. Oba köçüb, yurdu qalmışdı. Həmişə Cik-cik bala cik-ciki ilə, Qırt-qırt xanım qırt-qırtı ilə, Şələquyruğun “quqquliqu” səsi ilə şən görünən yuva, o ağaclıqlar, yaşıllıqlar indi sakit və qəmgin-qəmgin durur, guya onların getməsindən göz yaşları töküb ağlayırdı.

      Hətta bir neçə gün sonra Səfər ilə Əkbər də gəlib onların yuvasını bomboş görüncə qəmgin olmuşdular. Tutduqları işdən peşman olub, məyus halda qayıtmışdılar. Amma etdikləri bu insafsızlıq heç onların yadından çıxmır və Şələquyruğun dağılmış yuvasının yanından keçə bilmirdilər. Sanki Şələquyruq onların ətəyindən tutub dartır və acıqlı səslə deyirdi: “İnsafsız uşaqlar, mən sizə nə etmişəm? Nə üçün mənim yuvamı dağıtdınız? Nə üçün yumurtalarımı oğurladınız, zəhmətimizi, əməyimizi puç etdiniz? Nə üçün, deyin görüm, nə üçün?..”

      KƏLƏKBAZ ALBERT

      Lerqo bez fabrikində fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.

      Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə qonşusu Albaressaya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.

      İspaniya qiyamçıları Almaniya və İtaliya faşistlərindən qüvvət alıb şəhərə hücuma başladıqları zaman respublikaçılar çocuqları, əlsiz, ayaqsızları səlamət yerlərə köçürmüşdülər. Yalnız Albert və Albaressa yaşadığı küçədə bir neçə çocuq, qoca kişi və qadın qalmışdı. Küçə faşistlərin əlinə keçdiyindən bunları köçürməyə artıq vaxt olmamışdı. Madrid şəhəri küçələrində çarpışma gündən-günə şiddətlənir, faşistlər tez-tez hücuma keçirdi. Respublikaçılar düşmənin yeni qüvvət aldığını bildiyindən daha mətanətlə çarpışıb düşmənə böyük tələfat verirdi. Topların gurultusu, bombaların vıyıltısı, pulemyotların şaqqırtısı, tankların taqqırtısı qulaq batırırdı. Evlər, qapılar, pəncərələr zağ-zağ titrəyirdi.

      Od içində qalmağa məcbur olan Albert birinci gün çox qorxmuşdu. O bir tərəfdən cəbhədə çarpışmaqda olan ata-anasını, o biri tərəfdən də öz ağır və qorxulu vəziyyətini düşünürdü. Onu təsəlli edən yalnız qonşusu və baba kimi sevdiyi qoca Albaressa idi. Albaressanın qanadları altına sığınıb hər dərdini, kədərini onunla unudurdu. O artıq yavaş-yavaş səsə, küyə alışmağa başlayırdı. Yaşadıqları dördüncü qatda Albaressa pəncərədən açmış olduğu deşikdən çarpışmaya tamaşa edir və respublikaçıların tezliklə qalib gəlməsini səbirsizliklə gözləyirdi.

      Bir gün Albert qoca Albaressaya dedi:

      – Bir az böyük olsaydım, mən də cəbhəyə gedərdim.

      Qoca Albaressa gülə-gülə kiçik Albertin parlaq gözlərinə baxıb soruşdu:

      – Sən cəbhədə neylərdin?

      – Neylərdim? Bu canavarların ordusunu bir gündə dağıdardım!

      Albaressa kiçik vətəndaşın başını əliylə oxşadı.

      – Sən qorxma, bizim qəhrəman ordumuz düşməni darmadağın edəcək.

      Albert qocaya bir az da yaxınlaşdı. Kiçik, ağıllı gözlərini onun gözlərinə dikib soruşdu:

      – Baba, bu alman və italyan faşistləri ölkəmizə nə üçün ordu göndərir?

      Qoca Albaressa əlini onun çiyninə qoyub cavab verdi:

      – Oğlum, faşistlər xalq azadlığının düşmənidir. Onlar öz səadətini başqa xalqların fəlakəti üzərində qururlar. Faşizm hər cür azadlığın düşmənidir.

      Bu sözlərdən Albertin üz-gözü dumanladı. Bir az düşündükdən sonra başını qaldırıb dedi:

      – Biz öz faşistlərimizi ölkəmizdən qovub çıxarmaq istəyirdik. Bu canavarlar hara gəlir?

      – Hara gəlir? Leş, cəmdək üstünə. Bizim vətənimizi özlərinə müstəmləkə etmək istəyirlər.

      – Necə? Müstəmləkə?!

      – Bəli, müstəmləkə! Yoxsa nə üçün gəlirlər? Bu istilaçılar həmişə başqa xalqın torpağına göz dikir. Müstəmləkəçilik onların siyasətidir.

СКАЧАТЬ